Siyasət

Türkiyənin vitse-prezidenti: “Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin”

Sharing is caring!


“Azərbaycan və Türkiyə arasında münasibətlər çox dərindir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən “İş Dünyasının Görüşü” adlı tədbirdə deyib.

C.Yılmaz bildirib ki, bu münasibətlərin dərin olmasının bariz nümunələrindən biri iki ölkə arasındaki siyasi səfərlərin sıxlığıdır:

“Son bir ay ərzində Azərbaycan və Türkiyə prezidentləri arasında üç dəfə görüş olub. Sabah isə Türkiyənin ticarət naziri Azərbaycana səfər edəcək. Ölkələrimiz arasında münasibətlər digər dövlətlərə örnəkdir, çox güclü siyasi münasibətlərimiz var. Biz istəyirik ki, “Bir millət, iki dövlət şüarı” ilə inkişaf edən bu münasibətlər iqtisadi sahədə də özünü göstərsin”.

O qeyd edib ki, Azərbaycanla Türkiyənin inkişaf etdirdiyi bu münasibətlər bütün Qafqaz üçün rifah deməkdir.

Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı yaxşı vəziyyətdə deyil:

“Dünyada ticarət həcmi azalıb. Amma biz bunu bilirik ki, çətin şərtlər fürsətlər yaradır. Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin və daha çox iş adamı Türkiyəyə getsin və bu münasibətlər daha da güclənsin. 2022-ci ildə iki dövlət arasında ticarət dövriyyəsinin həcmi altı milyard ABŞ dolları olub. Ticarət dövriyyəsi bu ilin ilk 11 ayı ərzində 6,7 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu göstəricinin ilin sonuna kimi daha da artacağına əminəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir