Siyasət

İran siyasi elitası çalxalanır – TƏHLİL

Sharing is caring!


İran İslam Respublikasında ən güclü siyasi və dini hakimiyyəti əlində cəmləyən ali dini rəhbər Əli Xameneinin karyerası bitir. 2024-cü ilin martında cənab Xameneini kimin əvəzləyəcəyinə qərar verəcək orqan olan Ekspertlər Assambleyasına seçki keçiriləcək.

İndi İranda bağlı qapılar arxasında ölkənin siyasi gələcəyi ilə bağlı aparılan müzakirələrdə mühüm qərarlar verilməsi üçün tez-tez iclaslar keçirilir.

Qısası, Xameneini əvəzləmək üçün pərdə arxasında və siyasətin görünən üzündə qızğın mübarizə başlayıb.

İran siyasi arealında mövcud olan mühafizəkarlarla mötədillər arasındakı rəqabət bu dəfə Xameneinin kreslosu uğrunda mübarizə kontekstində təhlil edilməlidir.

İran Konstitusiyasına əsasən, Ekspertlər Məclisi ali rəhbərin təyin edilməsi, onun fəaliyyətinə nəzarət və vəzifədən azad edilməsinə cavabdehlik daşıyır. O, islam hüququ üzrə ixtisaslaşmış hüquqşünaslar və din xadimlərindən ibarət 88 nəfərlik tərkibə malikdir.

Yəqin ki, Xameneinin yaşı və səhhəti ilə əlaqədar həssaslığı onun Ekspertlər Məclisini öz nüfuz dairəsində saxlamaq cəhdlərini boşa çıxarır.

Liberallarla mühafizəkarların arasındakı mübarizənin rəngi indiki mərhələdə öz adamlarının Ekspertlər Assambleyasına salınması fonunda açılır.

Assambleya üçün seçkidə iki fiqur üzərində diqqət cəmlənir – biri hazırkı Prezident İbrahim Rəisi, digəri isə onun sələfi Həsən Ruhani.

Açıq şəkildə Ruhaninin prosesdən sıxışdırılıb, onun Məclisə seçilməsinin qarşısının alınması üçün kampaniya aparılır, amma məsələ burasındadır ki, indiki Prezident Rəisinin də populyarlığı aşağıdır.

Halbuki, radikal dini-siyasi dairələr üçün Ruhani artıq qəbuledilməz bir obraza çevrilib, buna görə də onun Ekspertlər Məclisinə gedən yolu rəvan olmaya bilər. Ruhani üçün ən mənfi ssenari isə onun namizədliyinin rədd edilməsi və ehtimal olunan diskvalifikasiya riskidir.

İranda pərdəarxası siyasətdə ali rəhbərlik uğrunda mübarizəyə gəlincə, Ruhaninin heç bir şansı yoxdur, o, uzağı, Ekspertlər Məclisinin üzvü olub, ali rəhbəri seçmək hüququndan istifadə edə bilər.

İslam Respublikasının ali rəhbər statusuna yiyələnmək üçün ən çox fəallığı Xameneinin oğlu Möctəba Xamenei ilə İbrahim Rəisi və onları dəstəkləyən qruplaşmalar göstərirlər.

Rəisinin İrandakı iqtisadi-sosial duruma görə reytinqinin azalması fonunda isə Möctəbanın ulduzu parlayır, hərçənd ki, proseslər fərqli bir məcraya gedə və ümumiyyətlə tamamilə fərqli bir namizəd də irəli sürülə bilər.

Yeri gəlmişkən, İranda keçmiş prezident Mahmud Əhmədinejadın da siyasətə qayıdışına dair iddialar yenə bərq vurur. Əhmədinejad faktoru İranda üfüqlərə qalxan siyasi mübarizənin bir komponentidir, böyük ehtimalla keçmiş prezidenti sərt xətt tərəfdarları müəyyən proseslər üçün təbliğat tezislərinə hazırlayırlar.

Amma Əhmədinejadla sövdələşmə o zaman mümkündür ki, keçmiş prezident hətta ali rəhbərliyi də hədəfə alan açıqlamalarından, mübahisəli davranışlarından geri çəkilsin.

Əhmədinejadı ələ almaq mümkündür, bunun müqabilində o, hökumətdə vəzifə iddiası ilə çıxış edə bilər.

Göründüyü kimi, İranda pərdəarxası və açıq siyasi mübarizə Tehran üçün “qırmızı xət”ləri də müəyyən edir və bu “xətt”in cızılması SEPAH-ın faktiki səlahiyyətindədir.

Proseslər SEPAH-ın istədiyi hüdudlardan kənara çıxsa, o zaman İranda siyasi təlatümlərin meydanlardakı səsi ucala bilər – etiraz aksiyaları kimi…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir