Siyasət

Rusiya XİN: “Moskva Bakı ilə İrəvan arasında nizamlanmaya dair danışıqları qəbul etməyə həmişə hazırdır”

Sharing is caring!


Rusiya Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə həmişə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.

Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanması üzrə Moskvada  danışıqların aparılmasına dair təkliflərimiz Ermənistan və Azərbaycandan olan tərəfdaşlarımız üçün açıqdır. Ümid edirik ki, İrəvan və Bakı bunu xatırlayır və başa düşürlər”, – nazir müavini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə qeyd edib.

“Biz həmişə bu işə hazırıq”, – deyə Qaluzin üç ölkənin xarici işlər nazirlərinin Moskvada görüşünün hazırda diplomatik kanallar vasitəsilə hazırlanıb-hazırlanmaması sualına cavab olaraq əlavə edib.

O bəyan edib ki, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına kömək etməyəcək və yalnız Cənubi Qafqazda gərginliyi artıracaq.

“Bu missiyanın Ermənistanda görünməsi Ermənistan-Azərbaycan nizamlanmasının təşviqi baxımından tamamilə faydasız addımdır. Belə ki, Azərbaycan-Ermənistan nizamlanmasının əsas prinsipləri 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış bəyanatda, eləcə də bir sıra digər üçtərəfli birgə sənədlərdə təsbit edilib. Biz əminik ki, Aİ missiyasının genişləndirilməsi tamamilə faydasız olacaq və heç bir nəticə verməyəcək. Avropa İttifaqı Cənubi Qafqaza yeni heç nə gətirmir, yalnız əlavə gərginlik və inamsızlıq yaradır”, – Qaluzin vurğulayıb.

Rusiya XİN rəhbərinin müavini qeyd edib ki, Avropa İttifaqının bölgədəki siyasəti yalnız Rusiya Federasiyasını oradan sıxışdırıb çıxarmağa yönəlib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir