Siyasət

Şalva Papuaşvili: “Gələn ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkisi tarixi seçkidir” – FOTO

Sharing is caring!


Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 11-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Gürcüstan parlamentinin nümayəndə heyətini salamlayan Milli Məclisin sədri qarşılıqlı səfərləri xatırladıb. O, Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin əsrlər boyu dostluq və mehriban qonşuluq münasibətində yaşamış xalqlarımızın iradəsindən qaynaqlandığını diqqətə çatdırıb.

Azərbaycan parlamentinin sədri bu əlaqələrin ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Münasibətlərimizin inkişafında ali və yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını qeyd edən S.Qafarova ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikasının əlaqələrimizə müsbət təsirindən danışıb. Söhbət zamanı Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti, o cümlədən ərazi bütövlüyü və suverenlik məsələlərində daim bir-birini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məmnunluqla qeyd olunub.

Parlamentlərarası münasibətlərdən danışan Milli Məclisin sədri deyib ki, qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Hər iki ölkənin parlamentlərində dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə heyətləri beynəlxalq parlament təşkilatlarında bir-birinə dəstək verirlər.

Görüşdə ali qanunvericilik orqanlarının komitələri arasında münasibətlərin inkişafından, o cümlədən Mədəniyyət komitələri arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun əhəmiyyətindən də danışılıb.

Söhbət zamanı parlamentlər arasında ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin uğurlu üçtərəfli əməkdaşlıq formatı da qeyd edilib.

Görüşdə Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə danışan S.Qafarova artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında heç bir maneə olmadığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan sülhə hazırdır.

2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkisindən danışan Milli Məclisin sədri vurğulayıb ki, bu seçkini əvvəlkilərdən fərqləndirən əsas cəhət onların bu dəfə Azərbaycanın bütün suveren ərazisində keçiriləcək olmasıdır.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. O, Gürcüstanla Azərbaycan arasında tarixi köklərə əsaslanan və bu gün strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin əhəmiyyətini vurğulayıb.

Qonaq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı onların təhlükəsizliyini, regionda sabitliyi təmin etməklə yanaşı, həm də xalqlarımızın rifahına müsbət təsir edir. İki ölkə arasında Heydər Əliyevin əsasını qoyduğu və bu gün uğurla həyata keçirilən layihələr öz bəhrələrini verməkdədir və onların sırasına yeni layihələr əlavə olunur.

Gürcüstan parlamentinin sədri 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkisini tarixi seçki adlandırıb, bu seçkinin onun ölkəsi üçün də böyük əhəmiyyət daşıdığını qeyd edib və Azərbaycana uğurlar arzulayıb. O bildirib ki, Gürcüstan tezliklə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.

Şalva Papuaşvili parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, komitələr arasındakı işbirliyinin daha da artırılması, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin zəruriliyi barədə danışıb, parlamentlərimiz arasında əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir