Siyasət

Qazaxıstanlı nazir: “Azərbaycanla əlaqələrdə humanitar əməkdaşlığın yeni mərhələsi başlayır”

Sharing is caring!


“Azərbaycanda keçirilən Qazaxıstan Mədəniyyət Günləri və gələn il Qazaxıstanda keçirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri iki ölkə arasında mədəni-humanitar əlaqələrə yeni təkan verəcək”.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balabayeva jurnalistlərə açıqlaması zamanı deyib.

“Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmək istəyirəm. Xalqlarımızın tarixi köklərə bağlı olduğunu nəzərə alaraq, biz həmişə bir-birimizin qələbələrinə sevinmişik, çətin anlarda həmrəy olmuşuq. Bu gün dil və mədəni yaxınlığımız əlaqələri bütün sahələrdə inkişaf etdirməyə imkan verir. İndi prezidentlərimizin razılaşmalarına əsasən, Azərbaycanda Qazaxıstanın Mədəniyyət Günləri keçirilir, gələn il isə Qazaxıstanda Azərbaycanın Mədəniyyət Günləri keçiriləcək”, – deyə nazir bildirib.

A.Balabayeva qeyd edib ki, Bakıda keçiriləcək qala-konsertdə Qazaxıstanın ən yaxşı qrupları və ifaçıları çıxış edəcəklər. Onun sözlərinə görə, bu gün həm də Qazaxıstan rəssamlarının sərgisi açılacaq.

“Ümumiyyətlə, bu günlər xalqlarımızın bir-birini daha da yaxından tanımasına, bədii kollektivlərin əlaqələrinin qurulmasına imkan yaradıb”, – A.Balabayeva deyib.

O, Azərbaycan Prezidentinin Administrasiyasında və mədəniyyət naziri Adil Kərimli ilə keçirilən görüşləri də diqqətə çatdırıb.

“Həmkarımla görüşdə biz konkret əməkdaşlıq planını, özü də təkcə mədəniyyət və media forumlarının keçirilməsini deyil, həm də muzey və kitabxana sahəsində təcrübə mübadiləsini, teatr, kino və digər sahələr üzrə əlaqələri müzakirə etdik. Əminəm ki, gələn ildən mədəni-humanitar sahədə yaradıcılıq işlərinə başlanılacaq”, – deyə Qazaxıstanın mədəniyyət naziri bildirib.

O, həmçinin dekabrın ikisindən dördünədək Azərbaycanda keçirilən Qazaxıstan Mədəniyyəti Günlərinin geniş işıqlandırılmasına görə KİV-ə təşəkkürünü bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir