Siyasət

Fuad Nağıyev: “Məqsəd Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyalarından birinə çevirməkdir”

Sharing is caring!


“Turizm Azərbaycanda qeyri-neft iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir. Ölkəmizdə dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət göstərilir”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı ən çox ziyarət olunan turizm destinasiyalarından birinə çevirmək, turizmin iqtisadiyyatda payının artmasına nail olmaqdır.

“Sorğular göstərir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, maddi və mədəni irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda, ölkədən xoş hisslərlə ayrılır. Bununla yanaşı, qeyd etməliyik ki, turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də insan resursları və keyfiyyətli kadr potensialının mövcudluğudur. Turizm birbaşa xidmət sahəsi olduğu üçün burada insan resursları amili digər sənaye sahələrindən daha çox rol oynayır”.

F.Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyinin tabeliyində hazırda üç turizm təhsili ocağı fəaliyyət göstərir:

“Bunların tərkibinə ali təhsil orqanı kimi bir universitet, bir kollec və bir turizm peşə məktəbi daxildir. Ümumiyyətlə isə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir.

Bununla yanaşı, qeyd etmək istəyirəm ki, 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda dövlətimizin başçısı Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Bu universitetdə turizmlə də bağlı ixtisaslar olacaq”.

Sədr qeyd edib ki, hazırda Azərbaycanda turizm sahəsində onminlərlə insan çalışır.

“Bununla belə, sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksəkixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Turizm təhsilinin əsas məqsədi də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etməkdir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir