Siyasət

Qarabağın separatçı erməniləri “Daşnaksütyun”la birləşirlər: Paşinyan hökumətinə qarşı təhlükə – ŞƏRH + FOTO

Sharing is caring!


Bu yaxınlarda Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qarabağdakı keçmiş qondarma qurumun strukturlarının saxlanılmasına qarşı çıxıb. Erməni rəsmi, əslində, bir neçə müddətdir Nikol Paşinyan hökumətinin separatçı ermənilərə qarşı yürütdüyü siyasəti dəstəkləyib. Sentyabr ayından baş nazirin gizli göstərişi ilə Qarabağ ermənilərinə qarşı ögey münasibət göstərilir. Hakim komanda separatçı Samvel Şahramanyan və onun timsalındakı digər “keçmiş vəzifəlilər”in Ermənistanda dövlət çevrilişi və Qarabağ klanını yenidən canlandırma kimi niyyətlərindən ehtiyat edir. Bəlkə də, bu səbəbdən də aradan üç ay vaxt keçsə də, erməni hökumətinin başçısı hələ də separatçı rejimdə vəzifə tutan heç kəsi qəbul etməyib. Əksinə, onları sıxışdırmaq, incitmək, birləşməyə imkan verməmək, təşkilatlanmalarının qarşısını almaq üçün müxtəlif göstərişlər verir. İş o həddə çatıb ki, Ermənistandakı ali məktəblərdə təhsil alan qarabağlılara qarşı ayrı-seçkilik, kobud rəftar məsələsi də gündəmə gəlib və parlamentin İnsan Hüquqlarının Müdafiəsi və İctimai Əlaqələr üzrə Daimi Komitəsinin sədri Taquhi Tovmasyan qeyd edib ki, universitetlərin professor və müəllim heyəti qarabağlı tələbələrə qarşı qərəzli mövqe nümayiş etdirir.

Təxminən iki həftə əvvəl keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanla gizli görüş keçirməsi barədə xəbər mətbuata sızıb. Təbii ki, tərəflərin görüşü hökumətin diqqətindən yayınmayıb. Qarabağ klanının liderlərindən sayılan Sarqsyanın Şahramanyanla görüş keçirməsi çox güman ki, Nikol Paşinyan hökumətinə qarşı bir planın qurulmasından xəbər verir. Elə bu görüş də baş nazirin səbr kasasının daşmasına səbəb olub. Uzun müddətdir xoşu gəlməyən dövlət xadimlərini, hərbi elitanın üzvlərini parlamentin “44 günlük müharibənin şəraitini araşdıran komissiya” vasitəsilə cəzalandıran Paşinyan düyməyə basdı və bir neçə gün əvvəl Samvel Şahramanyan dindirilmə üçün dəvət edildi. Bir neçə saat davam edən sorğu-sual barədə mətbuata ətraflı məlumat verilməsə də, siyasi kulislərdə tezliklə separatçı “lider”in ciddi cəzalandırılacağı barədə məlumatlar dolaşmağa başladı.

Təsadüfi deyil ki, sözügedən komissiya dünən elan etdi ki, dindirilmə üçün dəvət edilən Samvel Babayan sonuncu şəxsdir. Separatçı rejimin Təhlükəsizlik Şurasının katibi olmuş Samvel Babayan üç saat sorğu-sual edilib. Məlum olub ki, Babayanın açıqlamaları hakim fraksiya üzvlərini qane edib və sözügedən şəxsin Nikol Paşinyanın adamı olması da diqqətdən yayınmayıb. Dindirilmədən sonra mətbuata bir sıra açıqlamalar verən “eks-katib”, əslində, odun üstünə benzin töküb. Bəyanatları ilə əsasən Nikol Paşinyanı dolayı yolla müdafiə etməyi hədəfləyən Babayan Samvel Şahramanyanla bağlı məqamları ortaya qoyub. Məlum olub ki, “eks-prezident” qondarma rejimin və “Daşnaksütyun”un keçmiş prezidentləri vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirməyi planlaşdırır. Planın baş tutması üçün isə bir sıra rıçaqlardan istifadə ediləcək. Görüşün digər detalları barədə isə heç bir məlumat verilmir. Əgər Samvelin iki həftə əvvəl Serj Sarqsyanla görüş keçirdiyini nəzərə alsaq, “Daşnaksütyun”la da gizli ittifaqa getmə ehtimalı yüksəkdir. 1999-cu il 27 noyabr tarixində bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum edərək baş nazir Vazgen Sarkisyanı, spiker Karen Dəmirçiyanı və hökumətlə məclisin altı üzvünü qətlə yetiriblər. Cinayətdən bir müddət sonra bir sıra kulislərdə terror aktının arxasında “Daşnaksütyun”un dayandığı bildirildi. Bu səbəbdən də Nikol Paşinyan hökumətini hansı təhlükənin gözləməsi və hökumətin niyə bu qədər ehtiyat etməsi aydın görünür.

Qeyd etmək yerinə düşər ki, qondarma rejimin “deputat”ları bu yaxınlarda iclas çağırmaq istəyiblər. Bu iclasla da separatçı rejimə məxsus dövlət qurumlarının mövcudluğu elan edilməli idi. Amma gözlənilənin əksinə olaraq sessiya çağırılmadı. Çünki planlaşdırılan tədbirdən bir gün əvvəl Samvel Şahramanyan bir sıra “millət vəkilləri” ilə görüş keçirərək bu fikirdən daşınmağı tövsiyə edib. O bildirib ki, müəyyən məsələləri dəqiqləşdirənə qədər heç bir addım atmaq tövsiyə olunmur. Bunu isə iki səbəblə izah etmək olar. Şahramanyan həm Ermənistan prezidentinin, həm parlamentin spikeri Alen Simonyanın, həm də Nikol Paşinyanın bu məsələ ilə bağlı kəskin mövqeyini bilir və vəziyyəti daha da gərginləşdirməmək üçün bu addımı atır. İkinci ehtimal isə ondan ibarətdir ki, “Daşnaksütyun” və Serjlə görüşdə alınan qərarların hansısa formada icra olunacağına ola bilər ki, “millət vəkilləri” mane olsunlar. Bu səbəbdən hələlik siyasi qanadı kənara buraxmaq məqsədəuyğun sayılıb.

Maraqlıdır ki, bütün bu hadisələrin fonunda Ermənistan küçələrində hökumətə qarşı yeni hərəkat fəaliyyətə başlayıb. Küçə yürüşləri keçirərək “Ermənistanı türkləşməyə imkan verməyək” şüarı səsləndirən təşəbbüsün sıralarına keçmiş deputat Tatevik Ayrapetyan, siyasi-xadim Suren Saakyan kimi şəxslər də qoşulublar. Qarabağın separatçı erməniləri ilə “Daşnaksütyun”, Serj Sarqsyan ittifaqları nəzərə alınsa, bu tip təşəbbüslərin əsas mənbəyinin kimlər olduğunu başa düşmək o qədər də çətin deyil.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir