Siyasət

ABŞ Cənubi Qafqazı qarışdırır: ən böyük zərbə Ermənistana dəyəcək – ŞƏRH + FOTO

Sharing is caring!


ABŞ və Fransa son zamanlar Cənubi Qafqazla bağlı daha aqressiv, radikal mövqe ortaya qoymağa başlayıblar. Bu, özünü xüsusilə Ermənistanı silahlandırmada və Bakı ilə İrəvan arasında israrlı vasitəçilik səylərində göstərir. Hazırkı ritorika əslində Qərbin məğlubiyyətini etiraf etməsinin təzahürüdür. Onlar başa düşürlər ki, Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Bu isə Qərbin riyakarlığının, yalan və oyunlarının qarşısını alır.

Məlum olduğu kimi, həm rəsmi Vaşinqtonun, həm də Parisin bölgə ilə bağlı öz planları var. Onlar Cənubi Qafqazdakı təsir güclərini artırmaq istəyirlər. Bu isə regiondakı gərginliyin davam etməsini və Rusiyanın ərazidəki təsir dairəsinin zəifləməsini tələb edir.

Ağ Ev və Yelisey Sarayı hər nə qədər sülh müqaviləsi haqqında danışsalar da, bu açıqlamalar boğazdan yuxarıdır. Çünki sülh müqaviləsi həm də regional əməkdaşlıq mühitinin təmin olunması deməkdir. Bu isə üçüncü güclərin, o cümlədən Qərbin proseslərə müdaxilə imkanını minimuma endirir.

Haqlı suallar yaranır: Birincisi, ABŞ və Fransa, həqiqətən, sülh istəyirsə, niyə 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri kimi prosesə töhfə vermədilər? İkincisi, Fransa niyə Ermənistanı silahlandırmaqdan əl çəkmir? Üçüncüsü, Qərb niyə İrəvana vəkillik edir? Dördüncüsü, nə üçün Qərb tərəfləri sülh müqaviləsi üçün ən uyğun platformanın Vaşinqton və ya Brüssel olduğuna inandırmağa çalışır? Axı alternativlər də var. Sözsüz ki, bu sualların sayını artırmaq da olar.

Qərbin regionla bağlı oyunlarını Türkiyə və Rusiya da yaxşı görür. Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan son zamanlar çıxışlarında ABŞ və Fransanı açıq-aşkar tənqid edib. Kremlin sözçüsü Dmitri Peskov isə noyabrın 26-da deyib ki, bəzi Qərb dövlətləri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır, regionda açıq şəkildə Rusiyaya qarşı mübarizə aparırlar.

“Haradasa, yəqin ki, 5 il əvvəl belə bir mübarizə diplomatik maskalarla aparılırdı. İndi bu maskalar çoxdan atılıb və mübarizə açıq aparılır. Doğrudan da, bir sıra ölkələr hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışır.

Nəticədə Azərbaycan tərəfi rəsmi şəkildə bəyan etdi ki, bu sayda dövlətlər birtərəfli mövqe tutduqları üçün çətin ki, hər hansı vasitəçi roluna iddia edə bilərlər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyisə iddia etmək həm mümkün deyil, həm də yersizdir”, – deyə o bildirib.

Əlbəttə, Qərbin son zamanlar nümayiş etdirdiyi xüsusi fəallıq Rusiyanın maraqlarına uyğun deyil. Çünki Qərbin cəhdləri rəsmi Moskvanın bölgə ilə bağlı məqsədləri ilə üst-üstə düşmür. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiya region ölkəsidir. Ona görə də regional əməkdaşlığın təmin olunmasında maraqlıdır. Qərb isə ancaq öz prioritetlərini düşünür və bunun üçün, hətta Ermənistanı Suriyaya, Ukraynaya çevirməkdən də çəkinmir.

Gələcəkdə Cənubi Qafqazda Rusiya ilə Qərb arasında mübarizənin daha da güclənəcəyini proqnoz etmək olar. Bu rəqabət şəraitində konkret olaraq hansı tərəfin qalib gələcəyini demək çətindir. Amma tarixi təcrübə və proseslərin inkişafı onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirmədiyi, “iki stulda oturduğu” müddət ərzində qurban olacaq. Azərbaycan isə məhz güclü ordusu, diplomatiyası və iqtidar-xalq birliyi sayəsində gələcək sınaqlardan da qalib çıxacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir