Siyasət

“Azərbaycan regionda açar rolunu oynayır” – RƏY

Sharing is caring!


“Azərbaycan bu regionda açar rolunu oynayır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

O qeyd edib ki, Azərbaycanı Mərkəzi Asiya dövlətləri ilə əlaqələndirən bir çox amillər var.

“Əvvəla, bu region dövlətləri ilə bizi vahid tarixi tellər bağlayır və yeri gəlmişkən deyim ki, SPECA qardaş türk dövlətləri ilə daha bir effektiv əməkdaşlıq platformasıdır. İkincisi, bizim bir çox geosiyasi proseslərə regional və daha qlobal anlamda ortaq baxışımız mövcuddur”, – o deyib.

Deputat deyib ki, iqtisadi baxımdan Azərbaycan bu region ölkələri ilə sıx və intensiv kooperasiyadadır və xüsusilə Özbəkistan və Qazaxıstanla güclənən iqtisadi münasibətlərimiz bunun əyani sübutudur.

“Azərbaycanın coğrafi yerləşməsi Mərkəzi Asiya üçün böyük üstünlükdür. Aydın məsələdir ki, ölkəmiz bu böyük coğrafiya üçün açar rolunu oynayır. Mərkəzi Asiyada həyata keçirilən böyük layihələri, o cümlədən həm enerji, həm də ticarət marşrutlarını Azərbaycansız təsəvvür etmək çətindir”, – millət vəkili bildirib.

Onun fikrincə, bu reallıq özünü İkinci Qarabağ müharibəsindən sonra daha aşkar göstərir, çünki Azərbaycanın özünün ərazi bütövlüyünü təmin etməsi “Orta dəhliz” adlandırılan qlobal logistika layihəsini aktuallaşdırıb. Deputat vurğulayıb ki, bu, faktiki olaraq tarixi “İpək yolu”nun bərpası deməkdir.

“Bu kontekstdə aramızda çox ciddi və məhsuldar əməkdaşlıq mövcuddur ki, bunun bəhrələrini tezliklə hiss edəcəyik. Azərbaycan eyni zamanda, enerji mənbələrindən asılı olan Qərb üçün Orta Asiyaya çıxış deməkdir. Özünün yolları, limanı ilə. Bunu Qərbin düşünən beyinləri çox yaxşı anlayırlar”, – Elnur Allahverdiyev deyib.

Deputat vurğulayıb ki, bu reallığı dərk edən və Orta Asiyadan xammal gözləntisində olan bəzi dövlətlərin Ermənistandakı revanşist hissləri qidalandırmaqdan əl çəkib, gerçək mənafeləri barədə düşünmələri yaxşı olardı.

“Azərbaycan sabit siyasi və iqtisadi mühitə, dayanıqlı iqtisadiyyata və sosial rifaha malik ölkədir. Biz bütün sahələrdə yüksəlişdəyik, iqtisadiyyatla yanaşı intellektual və demoqrafik potensialımızı da nəzərə almaq şərti ilə. Odur ki, Azərbaycan həm Mərkəzi Asiya üçün Avropaya, həm də Qərb üçün bu regiona qapı, açar rolunu oynayır. Ölkəmizin əhəmiyyəti olduqca böyükdür”, – deputat bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir