Siyasət

SPECA – Cənubi Qafqazla Mərkəzi Asiya arasında körpü – ŞƏRH + FOTO

Sharing is caring!


Regional əməkdaşlıq qlobal inkişafa təkan verir. Belə münasibət həm də təhlükəsizliyin təmin olunması üçün şərait yaradır. Azərbaycan bu istiqamətdə aparıcı yerlərdən birini tutur.
Bir neçə gün əvvəl Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransı keçirilib. Noyabrın 23-də isə Bakıda regional əhəmiyyətli daha bir tədbir – BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində tədbirlərə start verilib. Bu gün isə Azərbaycanın paytaxtında SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilir.

Qeyd edək ki, SPECA 1998-ci il martın 26-da Özbəkistanın paytaxtı Daşkənd Bəyannaməsi ilə təsis edilib. Sənədi Mərkəzi Asiya ölkələrinin prezidentləri, BMT-nin Avropa İqtisadi (UNECE), Asiya və Sakit Okean İqtisadi komissiyalarının (ESCAP) icraçı katibləri imzalayıblar.

Proqramın məqsədi iştirakçı ölkələrə iqtisadi inkişaf, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatlarına inteqrasiyada köməklik etməkdir.

Hazırda SPECA-ya Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildirlər. Həmtəsisçi komissiyaları iştirakçı ölkələrdə BMT-nin Rezident Əlaqələndiriciləri ilə sıx əməkdaşlıq edərək Proqram çərçivəsində fəaliyyətlərə birgə hərtərəfli dəstək verir.

Hazırda Azərbaycan SPECA həftəsinə ev sahibliyi edir. Forumda regionun tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsallaşma, ticarət və nəqliyyatın inkişafı, eləcə də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində mühüm rolu müzakirə olunur.

Bugünkü Zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə qonaq kimi Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşivili də qatılıb.

Bu tədbir Azərbaycanla Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi, iqtisadi və mədəni məkana çevrilməsi prosesinin davam etdiyini göstərir.

Əslində, Azərbaycanla Mərkəzi Asiya ölkələrini qədim tarixi mədəni, iqtisadi, etnik və başqa amillər bağlayır. Bu əlaqələr sovetlər dönəmində də davam edib. Müstəqillik dövründə isə Azərbaycan və Mərkəzi Asiya ölkələri bir sıra ortaq layihələrdə iştirak edirlər. Bunlardan biri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (Transport Corridor Europe-Caucasus-Asia – TRASEKA) layihəsidir. Bu layihə ilə bağlı sənəd 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda Mərkəzi Asiya, Cənubi Qafqaz respublikalarının iştirakı ilə qəbul olunub. Onun Mərkəzi Asiyanı dəniz yolları vasitəsilə dünya bazarları ilə birləşdirən ən qısa və potensial cəhətdən ən sürətli, ən ucuz marşrut olduğu təsdiq edilib.

Azərbaycan Mərkəzi Asiya ölkələri, Türk Dövlətləri Təşkilatı, SPECA kimi formatlarda da birgə fəaliyyət göstərir.

 

Tarixi hadisələr nəticəsində uzun illər Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında bölücü olub. Ancaq hazırda bu su hövzəsi Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq, iqtisadi-ticarət körpüsü rolundadır. SPECA-da iştirakçı ölkələrdə hazırda siyasi sabitliyin hökm sürməsi də regional əməkdaşlıq üçün münbit şərait yaradır. Bu isə onu başqa bölgələrdən müsbət mənada fərqləndirən başlıca cəhətlərdəndir. Sabitlik bu Proqramı başqa ölkələr üçün də cəlbedici edir.

Sovet ittifaqı dağılandan sonra SPECA ölkələri çox uzun və çətin yollar keçib, vətəndaş müharibələri, ərazilərin işğalı, suverenliyin pozulması kimi hallarla üzləşib. Üzv ölkələr bütün bu kimi çətinlikləri arxada qoyub. Onlar beynəlxalq siyasi arenada özlərini təsdiqləyiblər. Bu baxımdan, Proqram perspektivdə potensial imkanlarından daha səmərəli istifadə edə bilər.
Perspektivdə Gürcüstanın da bu layihəyə qoşulmasını ehtimal etmək olar. Çünki o, Azərbaycanın iştirak etdiyi bütün regional layihələrə qatılıb. Gürcüstanın iştirakı Mərkəzi Asiya ilə Cənubi Qafqaz qarasında əməkdaşlığın genişlənməsinə töhfə verər.

Bakıda SPECA proqramı tədbiri keçirildiyi günlərdə Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi Britaniyanın nüfuzlu beyin mərkəzi olan Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitut ilə birgə Londonda Xəzər Enerji Təhlükəsizliyi mövzusunda konfrans təşkil edib. Tədbirdə Britaniya və Xəzər hövzəsi ölkələrinin enerji təhlükəsizliyi, regional əməkdaşlıq və son zamanlar strateji əhəmiyyəti artan Orta Dəhlizin inkişafı kimi məsələlərə dair perspektivləri müzakirə olunub. Tədbirdə çıxış edən Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tim Stern Krallığın Orta Dəhlizin inkişaf etdirilməsinə tam dəstək verdiyini bildirib.

Orta Dəhliz layihəsi SPECA-nın iqtisadi, ticarət və nəqliyyat əhəmiyyətini daha da artıracaq. Bu, perspektivdə Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Qara dəniz marşrutunu aktuallaşdıracaq. 3 regionun biri-biri ilə sıx əməkdaşlığı Asiya ilə Avropanı birləşdirən ən mühüm alternativ yol olmaq imkanını yaradır. Bu, həm də enerjidaşıyıcıları üçün əsas ixrac kəmərlərindən ola bilər.
Odur ki, Azərbaycan əməkdaşlığa, infrastruktura, sülhə və antikolonializmə dair tədbirlərə ev sahibliyi etmək, bu istiqamətdə təşəbbüslər göstərməklə regional əhəmiyyətini artırır. Sülh, sabitlik, əməkdaşlıq rifaha xidmət edir. Azərbaycan da bu amillərə xüsusi üstünlük verir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir