Siyasət

KTMT – Rusiyanın nəzarətindən çıxmaq üçün İrəvanın zəif bəndi – ŞƏRH

Sharing is caring!


Ermənistan son beş ildə Rusiyadan uzaqlaşmağa cəhdlər göstərir, bunun üçün müxtəlif arqumentlər, bəhanələr irəli sürür.

Əvvəllər də Ermənistanda anti-Rusiya aksiyaları keçirilib. Ancaq İkinci Qarabağ müharibəsi rəsmi İrəvanın əsl mahiyyəti və niyyətini də ifşa etdi.

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə problem olmadığını bəyan etsə də, Kremlin sponsorluq etdiyi təşkilatlardan uzaqlaşmaq istəkləri görünən qədərdir.

Noyabrın 23-də Belarusun Minsk şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçirilib. Bu toplantıdan əvvəl Ermənistan hakimiyyəti təşkilatın yardımından imtina etdiyini bildirmişdi. Sonra Nikol Paşinyan Minsk Zirvə toplantısına getməyəcəyini bəyan etdi. Noyabrın 21-də isə xarici işlər naziri Ararat Mirzoyan səbəbini açıqlamadan KTMT-nin Minskdə keçiriləcək iclasında iştirakdan imtina etdi.

Müdafiə naziri Suren Papikyan da oxşar açıqlama verdi. Noyabrın 22-də parlamentin sədri Alen Simonyan sammitə qatılmaqdan imtina edərək bildirdi ki, bu ilin dekabrında da KTMT-nin tədbiri var və ona da qatılmayacaq. Onun sözlərinə görə, Ermənistanın təşkilatdan çıxmaqla bağlı qərarı yoxdur: “Ancaq hazırkı vəziyyətdə mən iştirakımı yersiz hesab edirəm. Mənim orada nə işim var?”

Nikol Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanın patronajlıq etdiyi təşkilatlarla əlaqələrin vacibliyini vurğulayırdı. Ancaq sonra vəziyyət dəyişməyə başladı. Rəsmi İrəvan ilk “hücumu” KTMT-yə etdi. Təşkilatın ovaxtkı baş katibi general Yuri Xaçaturov barəsində həbs qətimkan tədbiri seçildi. Rusiya prezidentinin açıq və dolayı etirazı belə, rəsmi İrəvanın bu qərarını dəyişə bilmədi. Bu ilin mayında isə Nikol Paşinyan ölkəsinin adıçəkilən hərbi-siyasi birlikdən çıxmasının mümkünlüyünü bildirmişdi.

İrəvanın təşkilatla münasibəti Ermənistanın Azərbaycanla sərhədyanı ərazidə törətdiyi təxribatdan sonra “sərinləşib”. Rəsmi İrəvan iddia edirdi ki, KTMT-nin müşahidə missiyası bölgəyə gəlib vəziyyətin monitorinqini aparmalıdır. Qarşı tərəf isə iki ölkə arasında sərhəd müəyyənləşmədiyindən bu addımı ata bilməyəcəklərini bildirmişdi.

Ancaq məsələ bunda da deyil. Rəsmi İrəvan Fransanı bölgəyə gətirmək üçün variantları ələkdən keçirirdi. KTMT-nin missiyası gəlmədiyindən Fransanın başçılığı altında Avropa İttifaqı monitorinq qrupu bölgəyə gətirildi. Bunun ardınca İrəvanın təşkilata qarşı aqressivliyi artmağa başladı.

Bununla da Ermənistan hakimiyyəti əsas hədəfini açıq şəkildə nümayiş etdirdi. Paşinyan hökuməti hədəf olaraq niyə KTMT-ni seçib? Bu ölkə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə Rusiyadan tam asılı vəziyyətdədir. Ölkənin Türkiyə və İranla dövlət sərhədlərini belə, Rusiya hərbçiləri qoruyurlar. Ermənistanın Gümrü şəhərində 102 saylı Aleksandr Nevski ordenli Rusiya hərbi bazası (04436 saylı hərbi hissə) yerləşir. Onun iki qarnizonu var: Gümrüdə (İrəvandan 126 km şimalda) və İrəvanda. Hərbi bazanın aviasiyası Erebuni aerodromundadır.

Ermənistan Rusiyanın nəzarətindən çıxmaq üçün yol axtarır. KTMT-ni hələ ki ən zəif bənd olaraq görür. Bu təşkilatdan çıxmaq perspektivdə Rusiya hərbi bazalarına qarşı çıxışlara zəmin ola bilər. Kremlin hərbi təzyiqlərindən və asılılığından azad olmaq Ermənistana Qərblə, yaxud Fransa ilə bu istiqamətdə əməkdaşlığın rahat şəkildə inkişafına təkan verə bilər.

KTMT-nin üzv ölkələrə təzyiq imkanları güclü deyil. O yalnız Rusiyanın təşəbbüsü ilə üzv ölkələrin ərazisinə qoşun yeridə bilər. 2022-ci ilin yanvar hadisələri zamanı Qazaxıstana bu təşkilatın sülhməramlılarının göndərilməsini örnək kimi göstərmək olar. Rusiyadan uzaqlaşmaq, ilk növbədə, hərbi təsirdən xilas olmaqdan başlayır. İqtisadi məsələlər qarşılıqlı fayda daşıdığından indiki məqamda bu sahədə ayrılıq sərfəli sayılmır. Rusiya hərbi kontingenti daha çox Ukraynadakı müharibəyə cəlb edir. Ona görə də ehtimal etmək olar ki, İrəvan KTMT-dən uzaqlaşmağın daha tez baş tutacağına ümidvardır.

Rəsmi İrəvanın davranışı, açıqlamaları Ermənistanın faktiki olaraq KTMT-dən çıxdığı qənaətinə gəlməyə əsas verir. Onun uzaqlaşacağı növbəti təşkilatın MDB olacağı ehtimalı az deyil. Nikol Paşinyanın qurumun Bişkekdə keçirilən sonuncu zirvə toplantısına qatılmaması bunun anonsu da sayıla bilər…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir