Siyasət

Polad Bülbüloğlu: “Erməni əhali Qarabağı könüllü tərk edib, Azərbaycan onları məcbur etməyib”

Sharing is caring!


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Niderlandın Rusiyadakı səfiri Besxoor Pluxu (Hilles Arno Beshoor Plux) onun xahişi ilə qəbul edib.

Bu barədə Səfirliyin teleqram sosial şəbəkəsindəki hesabında məlumat yerləşdirilib.

Bildirilib ki, söhbət zamanı iki ölkə arasında qarşılıqlı fəaliyyətin bəzi məsələlərinə toxunulub.

Azərbaycan səfiri xüsusilə Niderlandın Nümayəndələr Palatasının Ermənistanın destruktiv mövqeyini dəstəkləyən Azərbaycan əleyhinə çoxsaylı qətnamələr qəbul etməsindən narahatlığını ifadə edərək, Niderland parlamentarilərinin qərəzli mövqeyinin Azərbaycan cəmiyyəti tərəfindən mənfi qarşılandığını qeyd edib. Vurğulayıb ki, bu, regionumuzda dinc yanaşı yaşamanın qurulması üçün beynəlxalq səylərə töhfə vermir və sülh müqaviləsinin imzalanması üçün danışıqların tamamlanmasına mane olur.

Polad Bülbüloğlu işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, o cümlədən bu il sentyabrın 19-da həyata keçirilən məhdud antiterror əməliyyatı barədə səfirə ətraflı məlumat verib.

Diplomat xüsusilə vurğulayıb ki, erməni əhalisi könüllü olaraq Qarabağ regionunu tərk edib və Azərbaycan tərəfdən heç kim onları buna məcbur etməyib.

Görüşdə ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran digər məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Niderlandın səfiri ətraflı söhbətə görə Polad Bülbüloğluna təşəkkür edib.

Sonda Azərbaycanın səfiri həmkarına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir