Siyasət

Dmitri Trenin: “Nəzəri baxımdan nüvə silahı Avropada istifadə edilə bilər” – ŞƏRH

Sharing is caring!


Son həftələr ərzində dünyada nüvə silahından istifadə təhlükəsinin artdığını göstərən bir çox hadisələr baş verib. Söhbət həm artıq qızğın mərhələdə olan, həm də qısa müddətdə kəskinləşmə potensialı olan müxtəlif münaqişələrdən gedir.

Rusiya ilə Ukrayna arasında toqquşma baş verərsə, taktiki nüvə silahından istifadə faktiki olaraq artıq müzakirə olunmur. Lakin HƏMAS-ın İsrailə qarşı müharibə apardığı Yaxın Şərqdə bu barədə danışmağa başlayıblar. Bu yaxınlarda İsrailin irs məsələləri üzrə naziri Amihay Eliyahu Qəzzaya nüvə zərbəsinin endirilməsinə dair ehtimalını açıqlamışdı. Əlbəttə ki, o, sonradan səhv başa düşüldüyünü bildirib, amma bu sözlər səslənib. İsrailli politoloqlardan birinin bununla bağlı “Ağıllı insanın fikrinə gətirib deyə bilmədiyi axmağın dilindədir” demişdi.

Pentaqon ABŞ-nin əsas “B61” atom bombasını “B61-13” variantına təkmilləşdirəcəyini bildirib. Şimali Koreya yeni ortamənzilli ballistik raketin bərk yanacaqla işləyən reaktiv mühərriklərini sınaqdan keçirib. Rusiya Yaponiya ilə ixtisara düşməli olan nüvə silahının ləğvi üzrə əməkdaşlığa dair sazişdən çıxdığını açıqlayıb. Təbii ki, Cənubi Qafqazın bilavasitə regionuna aid daha bir hadisəni də nəzərdən qaçıra bilmərik. Oktyabrın sonunda Gürcüstan hökuməti müvafiq qurumlarla birlikdə regionda nüvə müharibəsi baş verəcəyi təqdirdə ətraflı tədbirlər planı hazırlayıb.

Bəs dünyada nüvə silahından istifadə təhlükəsi nə qədər artıb? Oxu.Az bu barədə Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin professoru Dmitri Treninlə danışıb.

Nüvə silahının nəzəri olaraq istifadə edilə biləcəyi yer və şəraitlə bağlı suala cavab olaraq, Dmitri Trenin bildirib ki, ABŞ-nin nəinki münaqişələri həll etmək, hətta onları idarə etmək qabiliyyətinin getdikcə azalması digər regionlarda da – Yaxın və Orta Şərqdə (İsrail – İran), Şimal-Şərqi Asiyada (Koreya yarımadası) və Şərqi Asiyada (Tayvan) nüvə silahından istifadə riskini artırır:

“Nəzəri baxımdan nüvə silahı Avropada istifadə oluna bilər (bunun Ukrayna ərazisində baş verməsi ehtimalı az olsa da). Ümid edirəm ki, əlbəttə, iş bu yerə gəlib çatmaz, lakin nüvə təhlükəsinin qarşısının alınmasının effektivliyi mümkün tətbiqin dəqiqliyindən asılıdır. Nüvə əsrində sülh qorxuya əsaslanır. Qorxu aradan qalxdıqda hərbi toqquşma ehtimalı daha da yüksəlir və nüvə silahından istifadə ehtimalı yaranır”.

Nüvə müharibəsi baş verəcəyi təqdirdə artıq fəaliyyət planları hazırlayan Gürcüstana və Cənubi Qafqazda Ermənistan atom elektrik stansiyası, nüvə silahına malik Rusiya və regionun yaxınlığında yerləşən nüvə təhlükəsi yaradan İrana gəldikdə isə professor Cənubi Qafqaz ölkələrində nüvə silahından istifadəyə dair real risk görmədiyini bildirib.

“Əlbəttə, regionda yeni silahlı toqquşmalara səbəb ola biləcək münaqişəli vəziyyətlər qalır, lakin burada kiminsə nüvə silahından istifadə edəcəyini təsəvvür etmək mənim üçün çətindir”, – deyə Trenin söhbətini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir