Siyasət

Türkiyə Ali Seçki Şurasının nümayəndə heyəti ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Sharing is caring!


Azərbaycanda səfərdə olan Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 17-də ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər qoyub, Şəhidlik kitabəsinin üzərinə güllər düzüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir