Siyasət

Zakir İbrahimov: “Heydər Əliyevə həsr olunmuş yubiley qızıl sikkəsi unikallığı ilə fərqlənir”

Sharing is caring!


Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkəsi öz unikallığı ilə fərqlənir.

“Report”un məlumatına görə, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov yubiley sikkənin təqdimat mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, nəfis tərtibatda dizayn edilmiş, limitli sayda zərb edilmiş 999,9 əyarlı, bir unsiya (31 qram) çəkiyə malik qızıl sikkə ölkəmizdə və regionumuzda ilk dəfə olaraq müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında Avropada ərsəyə gətirilib:

“Bu texnologiya vasitəsilə sikkə üzərində qeyri-adi, mürəkkəb dizayn elementləri dəqiqliklə əks etdirilib, qiymətli məhsula üçölçülü qabarıq relyef verilib”.

O qeyd edib ki, ümummilli liderin dövlətçilik tariximizdəki əvəzsiz rolunu simvolizə edən qızıl sikkənin təqdimat mərasiminin tarixində də bir rəmzilik var:

“Bildiyiniz kimi, 17 noyabr tarixi ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu tarix həm də 1990-cı ildə, hələ Sovet İttifaqının mövcud olduğu dövrdə ümummilli lider tərəfindən üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət atributu kimi qəbul edilməsi ilə əlamətdardır. Müstəqilliyə gedən yolda mühüm ideoloji, ilhamlandırıcı və həm də həyati risk daşıyan bu addımla ulu öndər xalqımızı azadlığa ruhlandırıb. Nəticədə dövlətimiz yenidən müstəqilliyinə qovuşub, xalqımız öz xilaskarı ulu öndər Heydər Əliyevin müdrik siyasət kursu, onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altında güclənib, daha da inkişaf edib və ərazi bütövlüyünü təmin edərək, tarixi ədaləti bərpa edib”.

Z.İbrahimov vurğulayıb ki, “AzerGold” ümummilli liderin anadan olmasının 100-cü ildönümü ilə bağlı qızıl sikkənin istehsalına başlayarkən misilsiz xidmətləri ilə öz həyatını xalqımızın gələcəyinə həsr etmiş Heydər Əliyevin Azərbaycana miras qoyduğu zəngin mənəvi irsin bir əsrin fövqündə olduğunu bir daha diqqətə çatdırmağa çalışıb:

“İnanıram ki, rəsmi çıxışlardan sonra təqdim ediləcək yubiley məhsulumuz öz xüsusiyyətləri, incə elementləri və kreativ üslubda ifadə etdiyi mesajlarla hər birinizdə xoş təəssüratlar yaradacaq, “Heydər Əliyev İli”ndə dahi şəxsiyyətin əziz xatirəsinə cəmiyyətimizin dərin hörmət və ehtiramın ifadəsi olaraq gələcək nəsillərə yadigar qalacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir