Siyasət

Azərbaycan təzyiq və təhdidi qəbul etmir: Vaşinqtonun Bakı ilə bağlı uğursuz cəhdi – ŞƏRH + FOTO

Sharing is caring!


ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirilib. Təfərrüata varmadan öncə onu deyək ki, bu dinləmələr birbaşa olaraq qeyri- obyektiv yanaşmanın təzahürü olmaqla yanaşı, həm də təxribatdır.

Məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağ məsələsini artıq həll edib. İkincisi, “Dağlıq Qarabağ” anlayışı özü doğru deyil və artıq yoxdur. Azərbaycanda inzibati bölgü kimi Qarabağ iqtisadi rayonu var. Üçüncüsü, Qarabağ Azərbaycan ərazisidir. Və əgər belədirsə, deməli, Qarabağın gələcəyi də bizim işimizdir. Bu məsələ niyə hansısa dairələrdə Azərbaycanın razılığı və nümayəndələri olmadan müzakirə olunmalıdır ki?!

Sözügedən dinləmələr ABŞ-nin “Papadan daha çox katolik olmaq” ritorikasının göstəricisidir. Nəzərə almaq lazımdır ki, artıq Ermənistan hakimiyyəti də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Bu dinləmələrin təşkili göstərdi ki, ABŞ və Fransa güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmirlər. Xüsusilə Vətən müharibəsindən sonra rəsmi Bakı bölgədə yeni reallıqlar yaradıb. Bu isə Qərbə bölgədə öz çirkin niyyətlərini həyata keçirməyə imkan vermir. Ona görə də Paris və Vaşinqton vurnuxur. Bu, aydın hiss olunur.

Təsadüfi deyil ki, dinləmələrin keçirilməsinə ən çox dəstək verən ABŞ-dəki erməni lobbisi olub. Tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə altkomitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dəkı səfiri Lilit Makuns ilə görüşüb. Bu, əlbəttə, ciddi məqamdır. Məqsəd aydındır: münaqişəni bərpa etməyə, sülh quruculuğunun qarşısını almağa cəhd. Halbuki, bu cəhdlər əbəsdir. Çünki Azərbaycan nə ABŞ, nə də onun Konqresi qarşısında öhdəlik daşıyır. Həm də heç bir ölkə Azərbaycanla təzyiq dili ilə danışa bilməz. Tarixi təcrübə göstərir ki, bu, bir çox hallarda bumeranq effekti verir. ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olacaq. Çünki rəsmi Bakı bu gün Cənubi Qafqazın əsas siyasi aktorudur. Eyni zamanda, Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyəti bizim Mərkəzi Asiyadakı mövqelərimizin getdikcə möhkəmlənməsinə şərait yaradır.

Qeyd etmək yerinə düşər ki, Konqres ABŞ-nin günbəgün artan dövlət borcundan başlayaraq irqi ayrı-seçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemlərlə məşğul olsaydı, daha düzgün olardı. Bunun əvəzində Azərbaycanın daxili işlərinə qarışmaq nə etikdir, nə də beynəlxalq hüquqa uyğundur. Başqa vaxt demokratiya fenomenini əlində bayraq tutan Qərb niyə indi beynəlxalq hüququ görməzdən gəlir? Bu, Qərbin ikiüzlülüyünün ən bariz nümunələrindəndir.

ABŞ məhz başqalarının daxili işlərinə qarışmaqla bu gün dünyanı sürətlə üçüncü dünya müharibəsinə doğru aparır. Şərqi Avropa, Yaxın və Orta Şərqdə katalizator rolunu oynamağa çalışan Qərbin dünyanın müxtəlif bölgələrində baş verən siyasi kataklizmlər, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrində birbaşa əli var. Bu, rəsmi Vaşinqtonun dağıdıcı siyasi kursundan xəbər verir. Sözsüz ki, Liviya, Suriya, İraq və Əfqanıstandakı bugünkü durum məhz həmin dağıdıcı xarakterli siyasi kursun nəticəsidir. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı.

Əksinə, bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. Bu gün Qəzzada baş verənlərin ssenari müəllifi də Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Ağ Evdir.

ABŞ göz görə-görə öz ambisiyaları naminə təsir göstərə bildiyi dövlətləri qurban verir. Avropanı Rusiyanın enerji resurslarından məhrum edən ABŞ bu böyük bazarı özününküləşdirib. ABŞ-nin Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətlər, həmçinin Latın Amerikası ölkələrində Amerikaya qarşı kəskin mənfi münasibət çoxlarına məlumdur. Postsovet məkanı, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı da məhz ABŞ-dir.

Sadalıqlarımızı biz yaxşı bilirik. Azərbaycan ABŞ-nin çirkin, destruktiv siyasətinə yaxşı bələddir. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə də məsuliyyət daşıyır. Həmin dövrlər ərzində ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT TŞ-nin məlum dörd qətnaməsinin icrası istiqamətində addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi. İndi bu dövlət necə vasitəçilik iddiasında ola bilər?! Bu, riyakarlıq deyilsə, nədir?!ABŞ öz hegemon siyasətini davam etdirərək, Azərbaycanın İranla Naxçıvan Muxtar Respublikasına Zəngilandan çəkiləcək yolla bağlı müqaviləni də tənqid edib və bu layihənin uğursuz olduğunu bəyan edib. Azərbaycan XİN öz növbəsində ölkənin müstəqil siyasət həyata keçirdiyini sübut edərək, istənilən ölkə ilə razılaşma əldə olunmasını özünün suveren hüququ olduğunu nəzərə çatdırıb.

Yeri gəlmişkən, dünən Konqresdə çıxış edənlər bildirdilər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Bunlar hədələr olsa da, “boş güllə”dir. Çünki Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. Bu dövlətin siyasəti aydındır: pulla təsir göstərə bildiyi dövlətləri öz tərəfinə çəkmək, daha doğrusu, maraqlarını təmin etmək. Vaşinqton “pul verərək musiqini sifariş edir”. Biz bu oyuna getmərik. ABŞ-nin vaxtilə Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırması, separatçıların ABŞ-də yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulması dediyimiz fikri sübut edir.

Azərbaycan xalqı uzun illər bu pisliyi, riyakarlığı görüb, bundan hiddətlənib və heç vaxt unutmayacaq. Rəsmi Bakıya diktə etmək istəyənlərə yeri göstəriləcək, necə ki, göstərilir. Azərbaycan XİN artıq cavab addımı olaraq ABŞ-nin yüksəksəviyyəli rəsmilərinin ölkəyə səfərlərini yersiz adlandırıb. Bundan başqa, bildirilib ki, noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən imtina edir.

Azərbaycan müstəqil siyasət həyata keçirdiyini bir daha sübut edir və hər hansı bir dövlətin diktəsini qəbul etmədiyini nümayiş etdirir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir