Siyasət

Bakıda türk dövlətləri gənclərinin beynəlxalq forumu keçirilib – FOTO

Sharing is caring!


Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 15 noyabr tarixində Bakı Konqres Mərkəzində 150 gəncin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Türk Dövlətləri Gənclərinin Beynəlxalq Forumu” keçirilib.

Oxu.Az xəbər verir ki, 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin tələbə gəncləri arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, birgə fəaliyyətin təmini, türk dövlətləri gəncləri arasında əlaqələrin inkişafında gənclər təşkilatlarının rolunun artırılması məqsədi ilə təşkil edilən forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Forumun açılış mərasimində Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək türk dövlətləri gəncləri arasında əməkdaşlıq imkanlarının genişlədirilməsi, şəbəkələşmə fəaliyyətlərinin artırılması və gələcək perspektivlərin əhəmiyyəti, birlik və bərabərliyin ortaq güc naminə vacibliyini xüsusi vurğulayıb.

Qonaqlar çıxışlarında ümummilli lider Heydər Əliyevin hələ 1994-cü ildə dövlət başçılarının İstanbul sammitində türk dövlətlərinin əlaqələrinin inkişafına, türk xalqlarının birliyinə xüsusi önəm verərək bildirdiyi “Bizim əməkdaşlığımız zamanın hökmüdür. Bizim əməkdaşlığımız xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır və biz bu imkanlardan səmərəli istifadə etməliyik” fikrini xatırladaraq günümüzdə əldə edilən uğurların ulu öndərin əsasını qoyduğu uzaqgörən siyasətə dayandığını dilə gətiriblər. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas tərkib hissəsinə çevrilən türk dövlətləri ilə sıx siyasi, iqtisadi, mədəni inkişafa yönəlik fəaliyyətin ölkə gəncləri üçün müasir önəmli çağırış olması ilə yanaşı, atılacaq gələcək addımların müəyyənləşdirilməsi istiqamətində də əhəmiyyətli rol oynadığını ifadə ediblər.

Forum dürk dövlətləri gənclərinin çıxışları ilə davam edib.

Tədbirin rəsmi hissəsindən sonra “Ümummilli lider Heydər Əliyevin Türk Birliyinin möhkəmləndirilməsində rolu” mövzusunda panel müzakirə keçirilib. Müzakirə sual-cavab sessiyası ilə davam edib.

Tədbirin bədii hissəsində gənc istedadlar “Sarı Gəlin”, “Qarabağ Şikəstəsi” və digər musiqi nömrələri ilə çıxışlar ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir