Siyasət

Qərbin “ipi ilə quyuya düşən” Ermənistan – ŞƏRH + FOTO

Sharing is caring!


Qərb Cənubi Qafqazla bağlı çoxillik planlarını həyata keçirməyə davam edir. ABŞ və Avropa İttifaqı (Aİ) regiondakı maraqlarının təmin olunması məqsədilə illərdir ki, oyun oynayırlar. Gah vasitəçilik iddiasına can atır, gah yumşaq gücdən istifadə edir, gah da sərt ritorika ilə danışmağa cəhd edirlər.

Biz bunu ötən illərdə dəfələrlə görmüşük. Xatırlatmaq yerinə düşər ki, ABŞ hələ keçmiş Minsk Qrupunun həmsədri olduğu dövrdə də müxtəlif manevrlər edir, Qarabağ münaqişəsinin həllinə mane olmağa çalışırdı.

Azərbaycan otuz ildən sonra, danışıqların mənasızlığına əmin olduqdan sonra lazımi addımlar atdı. Vətən müharibəsindən sonra Qərb yeni varianta keçdi: bu dəfə Ermənistanın silahlandırılması ilə regiondakı gərginliyin qorunmasına çalışdı.

Fransanın sürətlə Ermənistanı silahlandırması, Aİ-nin missiyasının genişləndirilməsi istiqamətində işlər, Kanadadan sonda ABŞ-nin də bu missiyaya qoşulması, Aİ-nin Ermənistanın silahlanması üçün Avropa Sülh Fondundan istifadə etmək təşəbbüsü və s. məhz Qərbin regionla bağlı riyakar siyasətinin təzahürüdür. Qərb bölgənin “ən zəif bəndindən” – İrəvandan istifadə edərək Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır.

Burada bir neçə məqsəd var. Birincisi, Qərbin regiondakı təsir gücünün artmasıdır. İkincisi, Rusiya və İranın bölgədəki təsir gücünün azalmasıdır. Başqa sözlə, hazırda Qərb Tehran və Moskvanı regiondan çıxarmağa çalışır. Bunu Rusiya rəsmiləri də bir neçə dəfə açıq deyiblər.

Qərb Ukrayna vasitəsilə Şərqi Avropada həyata keçirdiyi ssenarini indi Ermənistanın əli ilə Cənubi Qafqazda təkrarlamağa çalışır. Dünyanı sürətlə üçüncü dünya müharibəsinə doğru aparan kollektiv Qərbin, deyəsən, hələ dayanmaq fikri yoxdur. Təəssüf ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ukrayna lideri Volodimir Zelenskinin səhvini təkrarlayır və Qərbin “ipi ilə quyuya düşür”. Amma bu “quyu”dan çıxış yoxdur. Biz bunu Gürcüstanda da görmüşdük.

Mümkündür ki, Rusiya və İran bu oyuna sonadək dözümlü yanaşmayacaq. Nəticədə Ermənistan növbəti poliqona çevriləcək. Əgər belə olarsa, bunun yeganə günahkarı Paşinyan özü olacaq.

Fikrimizcə, Paşinyan Ukraynanın başına gələnlərdən dərs çıxarmalıdır. O anlamalıdır ki, Qərb Ukraynanın aqibəti barədə düşünmür. Əks halda, Ukraynanın dağılmasına göz yummazdı.

Qərb artıq rəsmi Kiyevi yarı yolda qoymağa hazırlaşır. Bunun işartıları aydın görünür. Sözsüz ki, ABŞ və Aİ işləri bitəndən sonra Ermənistanın hazırkı hakimiyyətinin də “qələmini asanlıqla qıracaq”.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir