Siyasət

“İranın Ermənistandakı səfirinin bəyanatı beynəlxalq hüquqa, Prezident Rəisinin mövqeyinə ziddir” – RƏY + FOTO

Sharing is caring!


“İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq hüquqa, İranla Azərbaycan arasında qonşuluq münasibətlərinə və İran Prezidentinin Özbəkistanda ifadə etdiyi mövqeyə ziddir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

O, cəmi üç gün öncə Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti ilə görüşündə Seyid İbrahim Rəisinin açıq mətnlə ifadə etdiyi “Biz Qarabağın uzun illərdən sonra öz əzəli ərazisinə qovuşmasına çox sevinirik: Bu, Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi”, – sözlərinə diqqət çəkib.

Millət vəkili qeyd edib ki, İran Prezidentinin məlum mövqeyi beynəlxalq hüququn aliliyi və müəyyən müddət davam etmiş siyasi gərginliyin ardınca çox qiymətli gediş idi və Azərbaycanda bütün səviyyələrdə haqlı olaraq alqışlanmışdı:

“Lakin cəmi iki gün sonra İranın səfirinin məlum bəyanatı və Azərbaycana münasibətdə başından böyük çağırışları qəbuledilməzdir. Rəsmi Tehran ən azı öz Prezidentinin mövqeyinə hörmət naminə məsələyə aydınlıq gətirməli, ermənidən çox daşnaklıq edən, diplomatik etiketdən xəbəri olmayan səfiri ilə bağlı tədbirlər görməlidir. Bu halda səfirin davranışlarının özfəaliyyət olduğuna inanar, Tehranın isə xoşagəlməz gərginliyin ardınca yaxşılaşan İran-Azərbaycan münasibətlərinə səmimi şəkildə töhfə vermək niyyətinə şübhə etmərik”.

Deputatın sözlərinə görə, ümumilikdə səfirin bu bəyanatının yalnız yenidən yaxşılaşmaqda olan Azərbaycan-İran münasibətləri kontekstində yox, bütövlükdə beynəlxalq hüquq adına yolverilməzliyi nəzərə alınmalıdır:

“Əgər beynəlxalq hüquq prizmasından yanaşsaq, “Qarabağ əhalisinin öz müqəddəratını təyin etmə hüququndan” danışan səfir qanmalıdır ki, “əhali” anlayışı 1933-cü il Montevideo Konvensiyası ilə dövlətin əlamətlərindən biridir, Qarabağ adlı isə dövlət yoxdur. İkincisi, “xalqların öz müqəddəratını təyin etməsi” məsələsinə gəlincə, bölgəyə sonradan gəlmə olsalar belə, erməni xalqı artıq öz müqəddəratını həll edib, ermənilər üçün Qərbi Azərbaycan torpaqlarında erməni dövləti qurulub. Yenidən Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin qurulması isə mümkün deyil. Buna nə heç kimin cürəti, nə də imkanı çatar.

Yaxın üç il ərzində ərazi bütövlüyümüz və suverenliyimizə dil və əl uzadıb qarşımızda səf tutanların Vətən müharibəsində və antiterror tədbirlərindəki taleyi heç kim üçün sirr deyil. Əgər səfirin iddia etdiyi kimi, Tehran yeni erməni özmüqəddəratı prosesində maraqlıdırsa, İranda yaşayan 500 minə yaxın erməni üçün fars torpaqlarında ikinci erməni dövləti qura bilər. Əgər İran bu mövqeyi bölüşmürsə, o zaman səfirinin xaltasını dartmalıdır”.

B.Məhərrəmovun sözlərinə görə, müasir beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etməsi prinsipi beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipinə zidd olmamaqla baş tuta bilər:

“Yenə də, İran səfiri əksini düşünürsə, cənub qonşumuzun Xarici İşlər Nazirliyi səfirin İran Prezidentinin açıqlamaları ilə daban-dabana zidd çərənləməsinə münasibət bildirmir və partizanlıq edən diplomatını cəzalandırmırsa, o zaman Tehran da 30 milyonluq Cənubi Azərbaycan əhalisinin təməl haqları və öz müqəddəratı məsələsinin müzakirəsinə hazır olmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir