Siyasət

“L’Opinion”: “Qarabağ: Böyük Qayıdış – Azərbaycanın ümummilli arzusu” – FOTO

Sharing is caring!


“Ermənilərin Qarabağı tərk etməsindən bir neçə həftə sonra hadisələrin Fransada nadir hallarda eşidilən Azərbaycan variantını dinləməyə getdik”.

Oxu.Az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Jan-Dominik Merşenin Fransanın nüfuzlu “L’Opinion” qəzetində Azərbaycana, Zəfər Gününə və “Böyük Qayıdış”a həsr olunan məqaləsində bildirilir.

Müəllif bir müddət əvvəl ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşüb.

J.D.Merşe məqaləsində Qarabağda 30 il ərzində nələr baş verdiyi, 44 günlük müharibə və lokal antiterror tədbirləri barədə məlumat verib:

“Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü, noyabrın 8-də Qarabağda, Xankəndi şəhərində Zəfər Günündə iştirak edəcək. Buradakı erməniəsilli sakinlər sentyabrdakı hərbi məğlubiyyətdən sonra ərazini könüllü şəkildə tərk ediblər. Bu bayram 2020-ci ildə 44 günlük müharibəyə həsr olunub. Azərbaycan 30 ildən artıq, erməni separatçıları tərəfindən işğal olunmuş ərazilər azad edildikdən sonra öz ərazi bütövlüyünü bərpa edib”.

Müəllif “Qafqazın Xirosiması” hesab edilən Ağdamda olub və məqaləsində orada erməni işğalı dövründə yaranan xarabalıqdan dəhşətlə bəhs edib.

“İnzibati binaların, evlərin xarabalıqlarını, köhnə teatrın sütunlarını görə bilərik. Vaxtilə əsas küçə olan ərazinin hər iki tərəfində bitki örtüyü xarabalığı zəbt edib. Ağdamın yenidən qurulması üzərində işləyən qruplar istisna olmaqla, şəhər tamamilə boşdur”, – deyə o, vəziyyəti təsvir edib.

J.D.Merşenin sözlərinə görə, təkcə Ağdamda son üç ildə 21 min piyada əleyhinə, tank əleyhinə mina və partlamamış hərbi sursat tapılıb.

Müəllif şəhərdə görülən quruculuq işlərinə də toxunub.

“Şəhərin xarabalıqlarının ortasında Türkiyənin də dəstəyi ilə tikilən müasir binalar və konqres mərkəzi var. Əvvəllər erməni sakinlər tərəfindən inək və donuzlar üçün tövlə kimi istifadə olunan qədim məscid Avstriya şirkəti tərəfindən bərpa olunur. Vaxtilə erməni hərbçiləri üçün müşahidə məntəqəsi olan bu ibadət ocağının qoşa minarəsi də qorunub saxlanılıb”, – deyə müəllif qeyd edib.

Məqalədə Ağdamın yaşıl enerji zonası və “ağıllı” şəhər olacağı ilə bağlı da məlumatlar verilir, bildirilir ki, Azərbaycanın bir sıra iri şirkətləri bu layihəyə səfərbər olunub.

J.D.Merşe Azərbaycanın ümummilli arzusu olan “Böyük Qayıdış” barədə də bəhs edib və müvəqqəti köçkünlərimizin öz ərazilərinə qayıtması barədə danışıb.

“Səlahiyyətlilərin fikrincə, bəlkə də 2040-cı ildə orada 100 000-ə qədər sakin yaşayacaq. Artıq magistralın bir hissəsi tikilib. Paytaxt Bakı avtomobillə dördsaatlıq məsafədədir”, – deyə o bildirib.

Məqalənin sonunda müəllif Azərbaycanın ikinci müstəqilliyini əldə etdikdən 32 il sonra yenidən ərazi bütövlüyünü və milli suverenliyini bərpa etdiyini bildirib və vurğulayıb ki, Bakı üçün Qarabağda yenidən yaşayışın bərpası əsas strateji məsələdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir