Siyasət

Bakıda vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib – FOTO

Sharing is caring!


Bakıda Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Kollegiyanın üzvləri, vəkil qurumlarının rəhbərləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Mərasimdə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni və Vəkil Marşı səsləndirilib.

Daha sonra VK Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da artan nüfuzundan danışıb.

O, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 51 namizədin vəkil andı içərək Kollegiyaya qəbul olunduğunu bildirib:

“Qeyd edək ki, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən beş yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmuşdu. 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-ci ildən indiyədək Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4 750 namizəddən 1 450 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib”.

A.Bağırov vəkillərin sayının 2 387 nəfərə çatdığını bildirib:

“Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 34-ü kişi, 17-si isə qadındır. Bununla da qadın vəkillərin sayı 415 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil edir. Vəkillərdən dörd nəfəri regionlarda, 47 nəfəri isə Bakıda fəaliyyət göstərəcək. Eyni zamanda, hüquq elmləri doktoru Həsənzadə Səidə Bəhram qızı qanunvericiliyin tələbinə uyğun olaraq yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıb”.

Sonra vəkilliyə namizədlər çıxış ediblər. Onlar vəkil peşəsinə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirilməsi üçün VK-nın Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içiblər. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir