Siyasət

Qərb öz ambisiyaları üçün planeti qurban verir: yeni dünya müharibəsi qapıdadır – ŞƏRH + FOTO

Sharing is caring!


Dünyada silahlı qarşıdurmaların sayı hər ötən gün artır, dondurulmuş münaqişələr yenidən alovlanır. Şərqi Avropadan sonra artıq Yaxın Şərqdə də müharibə başlayıb. İsraillə HƏMAS arasında oktyabrın 7-dən davam edən döyüşlərin nə vaxt başa çatacağını heç kim bilmir. Amma görünən odur ki, müharibə yaxın vaxtda başa çatmayacaq. Əksinə, savaşın miqyasının genişlənəcəyi gözlənilir.

Üstəgəl, Hindistanla Pakistan arasında Kəşmir uğrunda yeni müharibənin başlaması da proqnozlaşdırılır.

Müşahidələr və təhlillər göstərir ki, bütün bunlarda – dünyadakı xaosda maraqlı olan “gizli əllər” var. Bu, sözsüz ki, Qərbdir. Ayrı-ayrı Qərb ölkələri müxtəlif regionlarda toqquşma yaradaraq həmin bölgələrdə öz mövqelərini gücləndirməyə çalışırlar. Biz bunu artıq Şərqi Avropada aydın görürük. İndi də ABŞ və müttəfiqləri Şərqi Avropadakı ssenarini Yaxın Şərqdə təkrarlayır.

Maraqlıdır ki, HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri Vaşinqton bir dəfə də olsun tərəflərə çağırış etməyib, sülhlə bağlı fikir səsləndirməyib. Əksinə, Ağ ev bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir, münaqişəni nizamlamaq əvəzinə daha da qızışdırır. Əslində heç Fransa da ABŞ-dən geri qalmır. Rəsmi Paris klassik səlibçi konsepsiyasından çıxış edir, problemə səlibçi təfəkkürü ilə yanaşır.

Əlbəttə, Qərb ölkələri bunları şüurlu və məqsədli şəkildə edir. Hədəf növbəti dünya müharibəsi nəticəsində dünyanın və Avropanın xəritəsini dəyişməkdir.

Artıq siyasi gündəmin əsas mövzularından biri də məhz Üçüncü Dünya müharibəsi ilə bağlıdır. Təsadüfi deyil ki, ayrı-ayrı siyasətçilər artıq bu barədə fikir səsləndiriblər. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş dünən, oktyabrın 30-da bu barədə xəbərdarlıq edib. O söyləyib ki, Üçüncü Dünya müharibəsi yaxınlaşır. Həmçinin Almaniyanın müdafiə naziri Boris Pistorius da bildirib ki, Avropa belə bir təhlükəyə hazır olmalıdır. Göründüyü kimi, bəşəriyyəti ağuşuna alacaq yeni savaş təhlükəsi günü-gündən aktuallaşır və Qərbin münaqişəni qızışdırması bu təhlükəni daha da real edir.

Əslində indi Üçüncü Dünya müharibəsindən bu qədər çox danışılması heç də təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, müxtəlif bölgələrdə vəziyyət heç də yaxşı deyil. Ayrı-ayrı regionlarda birbaşa döyüşən iki tərəf olsa da, “dirijorlar” öz işlərini görməyə davam edirlər. Həm Şərqi Avropada, həm də Yaxın Şərqdə proseslərin inkişafında maraqlı olan əsas siyasi aktorlar məhz Vaşinqton və Parisdir. Savaşlar yaxın zamanda başa çatmazsa, bu, daha böyük güclərin, həmçinin müharibə iştirakçılarının müttəfiqlərinin açıq şəkildə döyüşlərə qoşulmasını qaçılmaz edəcək. Çünki söhbət təkcə hərbi yox, həm də siyasi və ideoloji maraqlardan gedir.

Diqqət edək, ABŞ indi Ukraynadakı müharibədə daha fəal iştirak edir və dəstəyini gizlətmir. Hərçənd savaşın ilk vaxtlarında daha ehtiyatlı davranırdı. Çox güman, biz Qərbin Yaxın Şərqdəki savaşdakı rolunu gələcəkdə daha çox görəcəyik.

Bir çox ekspertin də düşündüyü kimi, hazırda dünyada proksi müharibə gedir: böyük güclər təsir altında olan aktorlardan istifadə edərək öz maraqlarını təmin edir, özləri isə hələlik kənarda qalmağa çalışırlar. Amma bu proksi müharibənin Üçüncü Dünya savaşına çevrilməsi artıq an məsələsidir. Və bunun səbəbkarı məhz Qərb, daha dəqiq desək, Qərbin çirkin oyunları, ambisiyaları olacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir