Siyasət

Türkiyənin 100 ili: Parçalanmış ölkənin yerində yaradılan qüdrətli dövlət – ŞƏRH + FOTO

Sharing is caring!


Dövlət milli yaradıcılığın ən yüksək zirvəsidir. Türklər Anadoluda son 723 ildə iki qüdrətli dövlətin müəllifidir. Onlar cahanda imperiyalar hakim olduğu bir dövrdə Osmanlı İmperiyasını qurmaqla öz gücünü bir daha dünyaya nümayiş etdirdi. Türkün bu imperiyası 623 il yaşadı.

Yeddi əsrə yaxın bir dövrdə bu türk dövləti çox böyük yeniliklərə imza atmaqla dünya düzənini dəyişib. Afrikanın şimalını Avropaya yaxınlaşdırıb. Bir çox müharibələrdən zəfərlə çıxıb. 1914-cü ildə Birinci Dünya Müharibəsində 6 aparıcı beynəlxalq gücdən biri olaraq iştirak edib. Bu savaş Osmanlı İmperiyası ilə yanaşı, başqalarının da çökməsinə səbəb olub.

Ovaxtkı dünya gücləri bu türk dövlətini dünyanın siyasi xəritəsindən silməyi qarşılarına məqsəd qoymuşdular. Ancaq Mustafa Kamal paşanın başçılığı altında başlamış Qurtuluş Savaşı Osmanlının varisi kimi Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələndi. Beləliklə, Mustafa Kamal Atatürkün liderliyi ilə yeni dünyanın tələblərinə uyğun respublika quruldu. Anadolu türkləri dünyanın tələblərinə cavab verən yeni dövlət quruluşu ilə yenidən doğuldu. Bu gün həmin müasir dövlətin 100 yaşı tamam olur.

Ötən bir əsrdə Türkiyə Cümhuriyyəti İkinci Dünya müharibəsindən zərər görmədən çıxdı. Qərb bloku ilə birlikdə dünyanın bir çox bölgələrində siyasi-ideoloji toqquşmalar nəticəsində yaranan qarşıdurmalarda müttəfiqlik borcunu ləyaqətlə yerinə yetirdi.

Türkiyə 71 ildir NATO-nun aparıcı dövlətlərindəndir.

Sovet ittifaqının dağılması ilə dünyanın siyasi xəritəsinə yeni müstəqil dövlətlər əlavə edildi. Onlardan biri də Azərbaycan Respublikası idi. Türkiyə Azərbaycan da daxil olmaqla yeni yaranmış, yaxud müstəqilliyini bərpa etmiş bütün dövlətləri ilk tanıyan ölkələrdən oldu.

Bu arada qeyd edək ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinə Osmanlı dövləti bütün istiqamətlərdə yardım edib. Bakının və ətraf rayonların erməni daşnakları və bolşeviklərdən azad edilməsində onun Türk İslam Ordusunun əvəzsiz rolu olub.

Müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan süni problemlərlə üzləşdi. Ölkəmizin inkişafının qarşısını almaq istəyən qüvvələrin səyləri nəticəsində Azərbaycan torpaqları 30 il ərzində Ermənistanın işğalı altında qaldı.

Nəhayət, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-həmlə əməliyyatları nəticəsində torpaqlar 44 gün ərzində işğaldan azad edildi. 102 il əvvəl olduğu kimi, bu dəfə də Türkiyə Azərbaycanla çiyin-çiyinə oldu və bu haqq davasında Azərbaycanı sonuna qədər dəstəklədi. Nəticədə bu savaş Ermənistanın kapitulyasiyası ilə başa çatdı.

Türkiyə və Azərbaycan, həmçinin 102 il gecikmiş bir sənədi – Şuşa Bəyannaməsini imzaladılar.

Beləliklə, həm regionda, həm də dünyada baş verən ictimai, siyasi, iqtisadi və mədəni proseslərlə bağlı Türkiyənin sərgilədiyi mövqe və atdığı praktiki addımlar bu gün onu regionun, eləcə də dünyanın aparıcı dövləti səviyyəsinə gətirib. Hazırda Türkiyə Cümhuriyyəti Yaxın və Orta Şərqin əsas aktorlarındandır. Müasir orduya və hərbi texnikaya malikdir. Onun istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatları Qarabağın və ətraf rayonların işğaldan azad edilməsində əhəmiyyətli rol oynadı. Məhz bu savaşdakı uğurları ilə Türkiyə hərbi sənaye kompleksinin dünyanın silah sənayesində söz sahibi ölkələrindən biri olduğunu təsdiqlədi.

Türkiyə demokratik inkişaf yolunu tutan, bu istiqamətdə örnək olan 100 illik təcrübəyə malik bir dövlətdir. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 20 dövlətindən biridir. Osmanlı İmperiyası dünyada öz dövrü üçün layiqli yerini tutduğu kimi, Türkiyə Cümhuriyyəti də 21-ci əsrdə yeni zirvələrə doğru irəliləyir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir