Siyasət

Qərbi Azərbaycan Xronikası: “Ermənistanı 85% təsərrüfat məhsulları ilə azərbaycanlılar təmin edirdi” – VİDEO

Sharing is caring!


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Oxu.Az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Tanrıverdi Paşa olub.

O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Göyçə mahalından, Çəmbərək rayonunun Ardanış kəndindən söhbət açıb. Bildirib ki, Ardanış Çəmbərək rayonunun ən qədim kəndlərindən biridir. Onun sözlərinə görə, ərazisi 45.5 kvadrat kilometr olan kəndin 1986-cı ildə 2500 nəfərlik əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq olan kənddə iqtisadiyyatın əsasını da məhz tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da o dövrdə bu yaşayış məntəqəsində xeyli inkişaf edib.

Xarici qonaqların daim Göyçənin gözəlliyinə heyran olduğunu dilə gətirən T.Paşa Ardanış kəndində saza-sözə, aşıq sənətinə böyük dəyər verildiyini vurğulayıb. O qeyd edib ki, Ardanış Alban türklərinin yaşadığı qədim məskənlərdən biri kimi də tanınıb: “Ardanış kəndinin ərazisində bir neçə Alban-Oğuz qəbiristanlığı, Ardanış yarımadasındakı Adatəpə ərazisində və “Ocağın başı” adlanan dağ zirvəsində Alban kilsəsinin qalıqları, eləcə də, qədim yaşayış məskəninin – tarixi mənbələrə görə Adatəpə adlı kəndin qalıqları var idi. Həmin kilsələrdən biri son dövrlərə qədər müqəddəs ziyarətgah, ocaq yeri kimi daim insanlar tərəfindən ziyarət olunurdu. SSRİ dövründə bu kəndin ərazisində hidrometeoroloji stansiya və o zamanlar üçün ittifaq əhəmiyyətli, üç korpusdan ibarət “Dalğa” pansionatı tikilib istifadəyə verilmişdi. Hazırda Adatəpə ərazisi ermənilərin xarici turistləri cəlb etmək üçün reklam etdikləri ən məşhur istirahət mərkəzlərindən biri sayılır”.

Ötən əsrin əvvəlində və ayrı-ayrı vaxtlarda Qərbi Azərbaycanda soydaşlarımıza qarşı tətbiq edilən qətliamlardan, deportasiyalardan söhbət açan T.Paşa bildirib ki, ardanışlılar daşnaklara çox ciddi müqavimət göstəriblər. Onun sözlərinə görə, 1988-ci il hadisələri zamanı da Ardanış kənd sakinləri Göyçə mahalının digər kəndlərindən olan həmvətənləri ilə birlikdə mitinqlər keçirib, SSRİ rəhbərliyinin biganəliyinə, Ermənistan siyasi rəhbərliyinin ayrı-seçkiliyinə etiraz ediblər. O, vaxtilə Ermənistanı 85 faiz kənd təsərrüfatı məhsulları ilə azərbaycanlıların təmin etdiyini diqqətə çatdırıb. Qərbi Azərbaycan İcmasının fəaliyyətinə toxunan T.Paşa deyib ki, doğma el-obasına qayıdacaq soydaşlarımızın təhlükəsizliyi tam təmin olunmalı, Ermənistan dövləti tərəfindən onlara vurulan maddi-mənəvi ziyana görə kompensasiya ödənilməli, beynəlxalq təşkilatlar da bu işə dəstək olmalıdırlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir