Siyasət

Fransa hökuməti ölkəyə nəzarəti itirir – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!


Yaxın Şərqdə İsraillə HƏMAS arasında yaşanan müharibə tək regionda deyil, min kilometrlərlə kənarda da hiss olunmaqdadır. Müharibənin təsirləri artıq Yaxın Şərqdən Avropaya sıçrayıb. Yəhudi və ərəb miqrantların yaşadığı ölkələrdə gərginlik hiss olunmaqdadır. Miqrantlara qarşı sərt mövqe nümayiş etdirən Fransa da ərəb-yəhudi qarşıdurmasını daxilində hiss etməyə başlayıb. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Əvvəldən proqnoz edilirdi ki, Fransanın başqa ölkələrin, dövlətlərin işinə müdaxiləsi mənfi nəticələrə gətirib çıxaracaq və çıxarır da. Hər bir ölkə öz daxilindəki problemləri həll edib sonra marağında olan xarici məsələlərə yönəlməlidir. Bu, aksiomadır. Lakin Fransa kimi dövlətlər buna məhəl qoymur və bu səbəbdən də problemlərlə üzləşirlər.

İsrail-HƏMAS gərginliyi Fransaya keçib

Beləliklə, son günlər Fransada təhlükəsizliklə bağlı durum gərginləşib. Rəsmi Paris bu problemlərin əlində aciz qalıb. Miqrantlara qarşı ayrı-seçkilik, hətta onların öldürülməsi kütləvi hal alıb. Bu günlərdə İnquşetiyadan olan 20 yaşlı çeçenin ədəbiyyat müəllimini öldürüb, iki nəfəri yaralaması ölkədə etirazlara səbəb olub. Bu hadisənin də kökündə ərəb-yəhudi münaqişəsinin dayandığı vurğulanır. Artıq Fransanın hakimiyyət orqanları ölkə ərazisində Fələstinə dəstək nümayişlərini qadağan edib. Mümkün terror aktlarının qarşısını almaq üçün hüquq-mühafizə qüvvələri səfərbər edilib. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirlərə yeddi mindən çox əlavə əsgər cəlb edilib. Ölkədə terror təhlükəsinin ən yüksək səviyyəsi elan olunub. Səs-küylü qətllə bağlı 10-a yaxın adam, o cümlədən terrorçunun ailə üzvləri, qardaşı saxlanılıb. Makron isə yenə “gül vurub”. O, baş vermiş hadisəni “islam terroru” adlandırıb. 

İsrail Fransadakı antisemitizm təzahürlərindən narahatdır

İsrail hakimiyyəti də Fransada son günlər iğtişaşlar zamanı özünü göstərən antisemit əhvali-ruhiyyənin artmasından narahatlığını ifadə edib. “İsrail hökuməti Fransanı bürüyən antisemitizmin təzahürlərini və dalğalarını hədsiz narahatlıqla izləyir. Son günlərdə biz Fransada yəhudi hədəflərinə cinayətkar hücumların şahidi olduq. Biz bu hücumları qətiyyətlə pisləyirik”, – deyə Baş nazir Benyamin Netanyahu bildirib. 
Onu da qeyd edək ki, ədəbiyyat müəlliminin qətlini daha dramatik edən hadisənin baş verdiyi Arras şəhərində müsəlmanların və etnik yəhudilərin yaşadığı böyük yaşayış məntəqələrinin olmasıdır. Təbii ki, fransızlar üç il əvvəl başqa bir gənc çeçen radikalı tərəfindən öldürülən Samuel Patini unutmurlar. O vaxt Paris terror hücumlarının qarşısını almaq üçün çox şey edəcəyini vəd etdi və hətta müsəlmanların xoşuna gəlməyən bir sıra addımlar atdı. Xüsusilə radikal əcnəbi imamlar deportasiya ilə üzləşdilər. Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları onların moizələrinin məzmununa nəzarət etməyə başladılar. Zirzəmilərdə fəaliyyət göstərən dini məktəblər bağlandı. Amma hər şeyi nəzarətdə saxlamaq da mümkün deyil. 

Sağçı qüvvələr əlavə reytinq qazanırlar

Ümumiyyətlə, son vaxtlar Fransa hüquq-mühafizə orqanları əməkdaşlarının işi kifayət qədərdir. Belə ki, Luvrda bomba təhlükəsi ilə bağlı mesaj alındıqdan sonra üç minə yaxın insan təxliyə edilib. Oxşar hadisəyə görə Versal sarayına gələnlər də çətinliklər yaşayıblar. 

Bütün bunlar seçki ərəfəsində sağçı qüvvələrə əlavə reytinq qazandıracaq. İlk növbədə gənc Cordan Bardellanın rəhbərlik etdiyi Milli Qüvvə irəli çıxacaq. Fransa İctimai Rəy İnstitutunun aprel sorğuları göstərmişdi ki, yeni prezident seçkisi olacağı təqdirdə hakimiyyət Bardellaya keçəcək. 

Makronun uğursuz siyasətinin nəticəsi

Sözsüz ki, bütün bu uğursuzluqların əsas səbəbkarı prezident Emmanuel Makron və onun komandasıdır. Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso, son vaxtlar isə Niger Fransadan, onun şirkətlərindən və ordusundan imtina edir. Bu ölkələrin ərazilərində anti-Fransa nümayişləri keçirilir. Nigerdəki çevriliş Fransanın Afrika siyasətinin fiaskoya uğradığını bir daha təsdiqləyir. Baş verənlərə əsasən ehtimal etmək olar ki, Fransa Afrikadan növbəti dəfə qovulur. Başqa sözlə, bu qitənin vətəndaşları Fransanın yeni müstəmləkəçilik siyasəti ilə yaşamaq istəmirlər. Fransa Asiyadan da sıxışdırılır. Ərəb ölkələrinin çoxu uzun illərdir əlaqələrdə üstünlüyü ABŞ, Böyük Britaniya, Çin və Türkiyəyə verirlər. Fransanın Livandakı əməlləri onun ərəb dünyasındakı siyasətinin də uğursuzluğunu təsdiqləyir. Vyetnam, Kamboca, Laos kimi keçmiş müstəmləkə əraziləri də Fransadan imtina ediblər. Bu ölkələr də ABŞ, Avstraliya, Çin və Yaponiya ilə əməkdaşlığa üstünlük verirlər. 

Bəs Fransa niyə uğursuzluğa düçar olur?

Bəs Fransa niyə uğursuzluğa düçar olur? İlk növbədə, bu ölkə keçmiş müstəmləkə ölkələrinə münasibətini dəyişə bilmir. Hələ də onları qul, özünü quldar görür. Fransanın xarici siyasətində dini ayrı-seçkilik aparıcı ideologiyaya çevrilib. Ölkə daxilində belə, insanlar dərilərinin rənglərinə görə ayrı-seçkiliyə məruz qalırlar. Ultra-sağçıların, millətçilərin toparlanması əlamətlərini görmək olur. 17 yaşlı əlcəzairli gənci güllələmiş polisi müdafiə edənlər də az deyil. Onun müdafiəsi üçün qurulmuş yardım fonduna qısa zamanda 1 milyon avro vəsait yığılıb. Bu, qorxuludur. Antimiqrant ruhunun artması Marin Le Pen, Erik Zimmer və Valeri Pekres kimi sağçı populist liderlərin dəyirmanına su tökür. Bütün bunlar da Fransada iç harmoniya və sabitlik üçün təhlükə yaradır, ölkənin sonunu yaxınlaşdırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir