Siyasət

“BMT ABŞ ilə Avropa İttifaqının sifarişlərinin icraçısına çevrilib” – RƏY + FOTO

Sharing is caring!


“BMT ABŞ-la Avropa İttifaqının sifarişlərinin icraçısına çevrilib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi dəfələrlə qeyd edilib.

A.Badamov söyləyib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələni BMT-nin gündəliyinə də çıxarıb:

“Amma BMT islahatlara getmir və bu qurum ABŞ ilə Avropa İttifaqının sifarişlərinin icraçısına çevrilib. BMT-nin məsələlərə bu cür yanaşması onun beynəlxalq təşkilat kimi əhəmiyyətini itirir. “Dünya 5-dən böyükdür” prinsipi aktualdır, çünki BMT-də 200-ə yaxın dövlət təmsil olunur. Bu səbəbdən də təmsil olunan dövlətlər iqtisadi və hərbi gücündən asılı olmayaraq hamı eyni hüquqa malik olmalıdır. Dünya əhalisinin təxminən üçdə biri müsəlmanlardır. Belə olan halda sual olunur – dünyanın nizamı haqqında qərarlar qəbul edilən BMT TŞ-də niyə bir müsəlman ölkəsi təmsil olunmur? Bəli, bütün ədalətsizliklər burdan başlayır”.

Onun sözlərinə görə, reallıqda BMT-nin qəbul etdiyi qətnamələr ABŞ ilə Aİ-nin istəyinə uyğun olduqda dərhal icra olunur:

“Digər hallarda arxivə göndərilmiş kağız parçasına çevrilir. BMT TŞ-nin bu münasibətini torpaqlarımızın dərhal işğalda azad olunması haqqında qəbul olunmuş 4 qətnamənin icra etdirilməməsi ilə bağlı görmüşük. Bu qətnamələrin icrasını təmin etmək üçün ATƏT-in keçmiş Minsk qrupuna mandat da verilmişdi. Nəticədə gördük ki, BMT və ATƏT Azərbaycanı şirin sözlərlə sakitləşdirməklə torpaqlarımızdakı Ermənistan işğalını əbədiləşdirmək istəyir. Ona görə biz hərəkətə keçdik və məcbur olaraq güc yolu ilə ərazilərimizi işğaldan azad edib tarixi missiyanı yerinə yetirdik”.

Milli Məclisin üzvü xatırladıb ki, Azərbaycan TŞ-nin qətnamələrini öz gücü ilə icra edərək pozulmuş beynəlxalq hüququn tələblərini bərpa edib. Buna baxmayaraq, beynəlxalq hüququ ayaqlar altına atan Ermənistanı birtərəfli şəkildə dəstəkləməyə çalışırlar:

“O cümlədən Avropa Parlamentində Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edirlər. Torpaqlarımız işğal altında olduğu dövrdə Azərbaycan öz ərazisində dini, milli, mədəni abidələrin təhqir olunması, yaşayış məntəqələrin yerlə bir edilməsinin qarşısını almaq üçün həmin yerlərə müşahidə missiyalarının göndərilməsi bağlı BMT-yə dəfələrlə müraciətlər etmişdi. Amma BMT susqunluğa üstünlük verdi və Ermənistanın torpaqlarımızda törətdikləri vandalizmə və barbarlığa göz yumdu. Azərbaycan öz tarixi vəzifəsini beynəlxalq hüquqa uyğun həll etdikdə onlar açıq şəkildə riyakarlıq edərək Ermənistana dəstək verməyə və birtərəfli ədalətsiz, qərəzli qərarlar qəbul etməyə başladılar”.

“Necə olur ki, torpaqlarımız işğal altında olduğu dövrdə çağırışlarımıza uyğun monitorinq missiyasını regiona göndərmək istəməyən BMT və Aİ indi hansı missiyaların göndərilməsindən danışır? BMT beynəlxalq təşkilat olduğundan münaqişələrə münasibətdə dini mənsubluğa üstünlük verməməlidir. Hüquq bütün dövlətlərlə münasibətdə ali olmalı və qəbul olunan qərarlar ədalətə söykənməlidir. Məhz belə olan halda dünyada müharibələrə və münaqişələrə son qoyular, humanitar problemlər öz həllini tapar”, – A.Badamov vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir