Siyasət

Avropa Nikol Paşinyanı şirnikləndirir və Ermənistanı səfalətə sürükləyir – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərinin gərginliyi fonunda Avropaya səfər edib. Baş nazir Avropa Parlamentində çıxışı zamanı Azərbaycanla münasibətlərə toxunub, iki ölkə arasında münasibətlərin normallaşmasından danışıb. Bu prosesin mümkünlüyü ilə yanaşı, ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etməsi geniş rezonans doğurub.

Onun sözlərinə görə, münasibətlərin normallaşması bir neçə prinsipin həyata keçirilməsi ilə mümkündür: ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və s.

“Biz qətiyyətlə sülhə doğru getməliyik. Bizi dəstəkləmək lazımdır ki, bu fürsətdən maksimum istifadə edə bilək”, – deyə o avropalı parlamentarilərə müraciətində əlavə edib.

N.Paşinyanın çıxışında diqqətçəkən xeyli məqam var. Çox güman ki, Nikol Avropanın gözündə özünü “sülh göyərçini” kimi göstərməyə çalışıb. Yəni onun səmimi olduğu o qədər də inandırıcı görünmür. Belə ki, baş nazir keçən il ərzində də sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü bildirmişdi. Amma bu baş vermədi. Əsas səbəb isə Ermənistanın davam edən destruktiv mövqeyi idi. Məsələ ondadır ki, Paşinyan beynəlxalq ictimaiyyətə xoş gələn bəyanatlar səsləndirməsinə baxmayaraq, iddialarını davam etdirir. Biz bunu ötən il ərzində müntəzəm müşahidə etdik. Davam edən hərbi-siyasi təxribatlar məhz dağıdıcı mövqeyin təzahürü idi. Əlbəttə, Ermənistanın bu mövqeyində daha çox üçüncü tərəflərin, o cümlədən ABŞ-nin, Fransanın, erməni lobbisinin, habelə daxildəki radikalların da təsiri az deyil. Onlar zaman-zaman regionun “ən zəif bəndindən” – rəsmi İrəvandan öz maraqları naminə istifadə ediblər.

Son zamanlar İrəvan daha loyal mövqedən çıxış edir, sülhə yönəlik mövqe ortaya qoyur. Bu isə məhz rəsmi Bakının hərbi-diplomatik uğurları sayəsində mümkün olub. 2020-ci ildə baş verən Vətən müharibəsindən sonra sülh üçün şərait yaransa da, Ermənistan bu fürsəti qiymətləndirmədi. Qarabağdakı qondarma qurumda keçirilən “seçkilər”ə dəstək verməsi isə Azərbaycanın səbrini tükəndirdi.

Bu ilin sentyabrında erməni təxribatlarına cavab olaraq keçirilən antiterror tədbirlərindən sonra Qarabağda suverenliyimiz tam təmin olundu, nəticədə qondarma rejim özünü buraxdı. Bu, mühüm qələbə idi. Belə ki, ötən illər ərzində sülhə mane olan əsas məqamlardan biri məhz qondarma rejim idi. Terrorçular müntəzəm olaraq təxribat törədək sülh perspektivinə zərbə vururdular. Azərbaycanın səyləri nəticəsində daha bu “düyün” açıldı. Beləliklə, rəsmi Bakı regional sabitlik üçün daha bir addım atdı.

Ümumiyyətlə, Azərbaycana və regiona formal kağız parçası lazım deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan nə 1994-cü ildə əldə olunmuş atəşkəsə, nə də 2020 və 2021-ci illərdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyannamələrə əməl edib. Kimsə zəmanət verə bilməz ki, İrəvan gələcəkdə ehtimal edilən sülh müqaviləsindən də boyun qaçırmağa cəhd edəcək. Deməli, bunun qarşısını almaq üçün əvvəlcə müəyyən şərait yaradılmalıdır. Qondarma rejimin ləğvi əsas məsələlərdən biri idi. Amma başqa məqamlar da var. Fikrimizcə, ehtimal edilən sülh müqaviləsinə qədər sərhədlərin delimitasiya və demarkasiya prosesi, həmçinin Zəngəzur dəhlizi məsələsi də həllini tapmalıdır. Eyni zamanda erməni işğalı altında Qazaxın 7 və Naxçıvanın bir kəndində də Azərbaycanın suverenliyi bərpa olunmalıdır. Bu proseslər öz-özlüyündə sülh müqaviləsinə daha ciddi töhfə verəcək.

Eyni zamanda, İrəvan əmin olacaq ki, regionda reallıqları diktə edən məhz Bakıdır. Ermənistanın üçüncü tərəflərin “çaldığı mahnıya oynamaqla” ancaq öz işini çətinləşdirir. Odur ki, indiki məqamda Paşinyandan siyasi iradə tələb olunur.

Bu gün sülh bizdən daha çox Ermənistana lazımdır. Çünki Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib. Vaxtı ilə işğal altında olan torpaqlarımızda indi bərpa-quruculuq işləri görülür. Ermənistan isə hər gün daha çox “dalana dirənir”, belə demək mümkünsə, ondan alət kimi istifadə edən böyük güclərin “məngənəsində sıxılır”.

Dünənki iclasda diqqət çəkən başqa məqamlardan biri də Avropa Parlamentinin açıq-aydın Ermənistanı dəstəkləməsi idi. Həmin görüşlərdə Paşinyana xüsusi münasibət göstərildi. Əlbəttə, bu, təsadüfi deyil. Əksinə, məqsədlidir. Belə ki, tamamilə korrupsiyalaşmış qurum olan Avropa Parlamentinə xüsusilə Fransanın təsiri kifayət qədərdir. Odur ki, bu qurum Ermənistana qarşı jestləri ilə onu bir növ şirnikləndirir. Ümumiyyətlə, Avropa Parlementi uzun illərdir ki, islamafobik mövqedən çıxış edir. Bu isə sözügedən qurumun qərəzli mövqeyinin ən bariz nümunəsidir.

Ermənistan həqiqətləri başa düşməlidir. İrəvan anlamalıdır ki, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq təşkilatlar əslində ona “zəhər” verir. Təsadüfi deyil ki, rəsmi İrəvan, adətən bu cür “jestlərdən” sonra aqressivliyini artırır.

N.Paşinyan anlamalıdır ki, sülh müqaviləsi Ermənistan üçün həyati əhəmiyyətlidir. Çünki destruktiv mövqe İrəvanın regional əməkdaşlıqdan məhrum olması deməkdir. Sual yaranır, Ermənistan nə vaxtadək “ağalarının” sifarişini yerinə yetirəcək?

Bilə-bilə regional əməkdaşlıqdan özünü təcrid etmək Ermənistan iqtisadiyyatına və dövlətçiliyinin gələcəyinə təhdid yaradır. Paşinyan bunu anlamayacaq qədər axmaq siyasətçi deyil. Əgər o, ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyirsə, onda sözdə dediklərini əməldə də təsdiqləməli, konstruktiv mövqe ortaya qoymalıdır. Bu halda sülh müqaviləsi ilin sonuna qədər imzalana bilər. Əks halda isə Ermənistan üçün daha çətin olacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir