Siyasət

“Paşinyan törətdiyi cinayətlərdən diqqəti yayındırmaq üçün Avropa Parlamentində yalan danışır” – ŞƏRH + FOTO

Sharing is caring!


“Ermənistanın baş naziri Nikol Paşinyan özünün həyasız və “qırmızı” yalanlarını saxta və riyakar mahiyyətinə görə rəsmi İrəvandan heç də fərqlənməyən Avropa Parlamentində davam etdirib. Bütün mövcud faktları təhrif edən Nikol Paşinyanın fikirləri onun iddiasının əksinə olaraq, sülhün əldə olunmasına xidmət etmir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib. Deputat qeyd edib ki, Nikol Paşinyanın iddiasına görə, Azərbaycan Qranadada keçirilən görüşdə iştirak edəcəyinə daha öncə, iyulun 15-də Brüsseldə baş tutan görüş zamanı razılıq versə də, sonradan bundan imtina edib:

“Ermənistan baş naziri deyir ki, bununla bağlı məqam Avropa Şurası Prezidenti Şarl Mişelin bəyanatında da yer alıb. Qeyd edim ki, Şarl Mişelin həmin tarixdə səsləndirdiyi bəyanatda Qranadada Fransa prezidentinin və Almaniya kanslerinin iştirakı ilə görüşün keçirilməsinə nəinki Azərbaycanın, heç Ermənistanın da razılıq verməsindən söz açılmır. Aİ Şurasının prezidenti, sadəcə, belə bir görüşü təşkil etmək niyyətinin olduğunu bildirir. Şarl Mişel də, Nikol Paşinyan da ağıllarından ən müxtəlif ideya və niyyətləri keçirə bilərlər, amma bu o demək deyil ki, həmin niyyətlə bağlı razılaşma əldə olunub və mütləq həyata keçirilməlidir.

Nikol Paşinyana Avropa Parlamentində çıxış etmək üçün Azərbaycanın Gəncə şəhərinin mülki əhalisinin ikinci dəfə raket atəşinə tutulmasının (5 oktyabr), günahsız insanların, o cümlədən uşaqların qətlə yetirilməsinin üçüncü ildönümündə dəvət göndərilməsi, onun oktyabrın 17-si ərəfəsində (Gəncənin beşinci dəfə raket atəşinə tutulduğu gün) AP-də bədnam çıxışı ölkəmizə qarşı aparılan həyasız qarayaxma kampaniyaları kontekstində təsadüfə bənzəmir. Görünür, Ermənistanın baş naziri üç il öncə törətdikləri vəhşi cinayətdən diqqəti yayındırmağın yolunu Avropa Parlamentində xüsusi həyasızlıqla yalan danışmaqda görür. Əks təqdirdə, Azərbaycan ərazilərini könüllü surətdə tərk edən ermənilərlə bağlı bir müddət öncə “onlara hər hansı bir təhlükə yoxdur” deyən Paşinyan Avropa Parlamentində “zorla köçürülmə”dən danışmazdı”.

A.Kərimli vurğulayıb ki, Nikol Paşinyan 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddaəlarını da “saxtalaşdırır”:

“Paşinyan, bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərindəki suveren hüquqlarını tanıdığını bildirir, digər tərəfdən isə hələ də “eksklav” kimi yanaşdığı Laçın yolundan danışır. Sual olunur, əgər sən Azərbaycanın ərazi bütövlüyünü tanıyırsansa, o zaman “eksklav” kimi təqdim etdiyin Laçın yolu hansı ölkənin “eksklav”ıdır?  Axı eksklav bir dövlətin ərazisində yerləşən, amma başqa bir dövlətə məxsus olan əraziyə deyilir. Nikol Paşinyan beynəlxalq hüquqi anlayışları klassik erməni nağıllarına qataraq, istədiyi yalanı danışır və Avropa parlamentariləri də normal məntiqi düşüncəsi olan istənilən insanın ifşa edəcəyi yalana əl çalırlar.

Avropa Parlamenti artıq tamamilə islamofob və ksenofob bir təsisata çevrilib və özünün elan etdiyi dəyərlərdən tamamilə uzaq düşüb. Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməsi təkcə Ermənistanı deyil, Cənubi Qafqazı öz təsir dairələrinə salmaq üçün daim münaqişə ocağına çevirmək istəyən dairələri də məyus edib”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir