Siyasət

Sabiq səfir: “İlham Əliyevin ən güclü silahı onun sözünə sadiq qalmasıdır” – FOTO

Sharing is caring!


Bugün Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 ili tamam olur. Ötən müddət ərzində bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də ciddi islahatlar həyata keçirilib, böyük uğurlar əldə edilib. Azərbaycanın beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə münasibətlərində yeni mərhələ başlayıb. Bu gün rəsmi Bakı nəinki regionun, bəlkə də, bütövlükdə dünyanın əsas siyasi aktorlarındandır.

İlham Əliyevin hakimiyyətinin 20-ci ilində xarici siyasətdə əldə olunan uğurlarla bağlı Azərbaycanın İran və Tacikistandakı keçmiş səfiri Abbasəli Həsənovun “Report”a müsahibəsini təqdim edirik.

– İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 20 il ötür. Bir diplomat kimi dövlət başçısının xarici siyasət kursunu necə dəyərləndirirsiniz?

– Bəli, oktyabrın 15-də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin növbəti ildönümü tamam olur. Bu illər ərzində Azərbaycanın daxili və xarici siyasətində çox mühüm – tarixə yazılmış uğurlar baş verib. Əlbəttə, həmin nailiyyətlər asan başa gəlməyib. Nəzərə almaq lazımdır ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyə, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizinin kəsişməsində, Avropa ilə Asiya sivilizasiyanın birləşdiyi yerdə olduğuna görə daim fövqəldövlətlərin diqqətini çəkib. Hər bir dövlətin də, əlbəttə, regionla bağlı öz marağı olub və var. Belə çətin bir vəziyyətdə dəqiq hesablamalar, riyazi dəqiqlik olmadan hazırkı qələbələri əldə etmək mümkün olmazdı.

– Prezident İlham Əliyev müəllifi Ümummilli Lider Heydər Əliyev olan və cəmiyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi. Ulu Öndərin bugünkü nailiyyətlərimizdə hansı rolunu qeyd edərdiniz?

– Heydər Əliyev dahi siyasətçi idi. Xatırlatmaq yerinə düşər ki, SSRİ dağılandan sonra Ermənistan Azərbaycana qarşı müharibəyə başladı. Azərbaycan o zaman zəif idi. Torpaqlarımız bir- bir işğal olunurdu. Belə bir vaxtda, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Onun diqqət yetirdiyi əsas istiqamətlərdən biri iqtisadiyyat idi. Çünki ölkənin iqtisadiyyatı çox zəif idi. İşsizlik artmışdı. Ərzaq çatışmazlığı hökm sürürdü. Bunun qarşısını almaq lazım idi. Beləliklə, ölkəyə investorlar cəlb olunmalı idi. Böyük dövlətləri cəlb edən məhz neft – qaz sahəsi idi. Ölkəyə investorlar gətirmək üçün təhlükəsizlik təmin edilməli idi. Uzun müddət böyük dövlətlərlə danışıqlar aparıldı. Bundan başqa, həmin vaxt parlamentdə “Xarici investisiyaların qorunması” haqqında Qanun qəbul olundu. Bundan sonra əsas diqqət ölkənin gücləndirilməsinə yönəldildi. Heydər Əliyev bütün addımlarında xalqın iradəsinə arxalanırdı. İnsanlar da ona güvənirdi. Neft və qazımız məhz Heydər Əliyevin hakimiyyəti dövründə dünya bazarına çıxarıldı. Ümummilli Liderin vəfatından sonra İlham Əliyev onun yolunu layiqli şəkildə davam etdirməyə başladı. Keçmiş Qarabağ müharibəsini həll etmək üçün prioritetimiz diplomatiya idi. Amma təəssüf ki, bir çox dünya dövlətləri haqq səsimizi eşitmirdi. Deməli, qarşımızda duran əsas məqsəd həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması idi. Nəzərə almaq lazımdır ki, BMT-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi 4 qətnamə uzun illər yerinə yetirilməmişdi. İlkin mərhələ məsələnin hüquqi müstəvidə həllini tapması idi. Elə etməli idik ki, hər kəs Qarabağın Azərbaycan torpağı olduğunu anlasın. Xeyli vaxt alsa da, biz buna nail olduq. Təsadüfi deyil ki, 2020-ci ildə baş verən Vətən müharibəsindən sonra kimsə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktına qarşı çıxa bilmədi.

– Dünya beyin mərkəzlərinin də bir nümunə kimi göstərdiyi Azərbaycan liderinin uğurlarının arxasında dayanan əsas amil kimi nəyi görürsünüz?

– Prezident İlham Əliyev əsl liderdir. Onda mahir diplomatlara xas müəyyən xüsusiyyətləri var. Birincisi, dövlət başçımız prosesləri çox dəqiq hesablaya bilir. İkincisi, o, cəsarətlidir. Xatırlayıram, İlham Əliyev hələ 2006-cı ildə ABŞ-da səfərdə olarkən o zamankı həmkarı Corc Buşla görüşü zamanı demişdi ki, Azərbaycan öz ərazisindən başqa dövlətə qarşı istifadəyə yol verməyəcək. Bu, suveren dövlətin başçısına yaraşan bəyanat idi. Ölkə rəhbərimiz sözlərinə, prinsiplərinə sadiqdir. Əgər bir söz deyirsə, mütləq onu yerinə yetirir. Bundan başqa, dövlət başçımız yaradıcıdır. O, danışıqlarda həmişə yaradıcı davranır, strateji xətt seçir. İlham Əliyev qarşı tərəfi maraqlandırmağı, onların diqqətini çəkməyi bacarır. Ona görə də adətən təmaslar uğurlu olur. Prezidentimiz həmişə danışıqlara, diplomatik yola üstünlük verir. Bütün bunlar onu mahir siyasətçi kimi xarakterizə etməyə əsas verir. Elə buna görə də əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev təkcə ölkənin yox, regionun lideridir. Biz Qarabağ məsələsini həmişə sülh yolu ilə həll etmək istəmişik. Amma haqlı səsimiz eşidilməyib. “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır” çağırışlarımıza cavab olaraq deyilib ki, bu məsələ ədalət prinsipi ilə çözülməlidir. Əlbəttə, qeyri-dəqiq, ikibaşlı fikirdir. Lakin məhz İlham Əliyevin xarici siyasət kursu nəticəsində bir vaxtlar haqq səsimizi eşitməyən dövlətlər indi ərazi bütövlüyümüzü tanımalı olub. Prezidentimiz heç də hər liderin bacara bilmədiyi işi bacarıb. Xalqımız fəxr etməlidir ki, taleyimizə belə lider düşüb.

– Siyasətçi üçün məsuliyyət, uzaqgörənlik həlledici şərtlərdir. Siz də qeyd etdiz ki, İlham Əliyevdə mahir diplomatlara xas xüsusiyyətlər var. Bəs, 20 illik diplomatik fəaliyyətin zirvəsi hesab oluna biləcək hadisə nədir?

– Sözsüz ki, ərazi bütövlüyümüzün təmin olunması. Dünya dövlətlərinin bir çoxu, xüsusilə regional oyunçular daim öz maraqlarını həyata keçirməyə çalışıb. İlham Əliyevin bir lider kimi əsas xüsusiyyətlərindən biri həmin dövlətlərə də maraqlı gələ biləcək təkliflərlə çıxış etməsidir. Təsadüfi deyil ki, İran ölkəsindən Zəngəzur dəhlizinin keçməsinə artıq loyal yanaşır. Bu, həm onların, həm də bizim maraqlarımıza uyğundur. İkincisi, əvvəlki illərdən fərqli olaraq, indi, demək olar, bütün regional aktorlar 3+3 layihəsini dəstəkləyirlər. Belə nümunələr çox çəkmək olar. Prezidentimizin bu cür uzaqgörən siyasəti nəticəsində diplomatik müstəvidəki uğurlarımız hər ötən gün artır.

– Uzun müddət İranda səfir kimi çalışmısız. İranla münasibətlərimizin hazırkı mərhələsini necə qiymətləndirirsiniz?

– İranla münasibətlərimiz bir müddət əvvəl pisləşmişdi. Amma indi əlaqələrimiz normallaşıb. Fikrimcə, belə də olmalıdır. İranla Azərbaycanın tarixi, mədəniyyəti bir-birinə bağlıdır. Üstəgəl, biz qonşuyuq. Onu da deyim ki, İranla münasibətlərimizin normallaşması da məhz İlham Əliyevin diplomatik məharəti kimi qiymətləndirilməlidir. Çünki bu gərginlikdə maraqlı olan başqa güclər var idi. Unutmaq olmaz ki, regional əməkdaşlıq həm Bakıya, həm də Tehrana hava-su kimi lazımdır.

– 44 günlük müharibədən sonra bəziləri deyirdilər ki, Azərbaycan ərazi bütövlüyünü tam təmin etmədi. Hərçənd çox keçmədən Prezident İlham Əliyevin uzaqgörənliyini bir daha təsdiqləndi…

– Bəli, şübhəsiz, belədir. Bəlkə də, Prezidentimizin düşündükləri 2-3 il əvvəl kiminsə ağlına gəlməzdi. Fikrimcə, antiterror tədbirləri üçün çox düzgün vaxt seçilmişdi. Nəinki bir gün yox, saatlar geciksə idik, ola bilsin, vəziyyət tam fərqli ola bilərdi. Məlum olduğu kimi, Ermənistan öz havadarlarına inanaraq həmişə vaxtı uzatmağa çalışıb. Biz İrəvanın oyunlarına son qoyduq, beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun işini özümüz gördük. Bu günkü qələbələrimizin şirinliyini hər bir azərbaycanlı hiss edir, amma bu zəfərlərin əhəmiyyətini hər ötən il daha çox anlayacağıq. Bu uğurların arxasında prezidentimizin “nəyi, nə vaxt, necə etmək lazım olduğunu mən bilirəm” prinsipi dayanır. Ümumiyyətlə, Vətən müharibəsinə qədər ermənilər özlərinə çox inanırdılar. Çünki qarşılarında kimin olduğunu hələ bilmirdilər. Cəmi 4 il əvvəl “Qarabağ Ermənistandır, nöqtə” deyən Ermənistan baş naziri Nikol Paşinyan bu gün Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Buna Prezident İlham Əliyevin xarici siyasət kursu nəticəsində nail olduq.

– Azərbaycan liderinin diplomatlarla münasibəti, sizə verilən tapşırıqlar barədə nə deyə bilərsiz?

– Təxminən 2006-cı ildən etibarən diplomatlara “hücum taktikasına” keçmək barədə tapşırıq verildi. Bu, o demək idi ki, daha da fəallaşmaq lazımdır. Məqsəd aydın idi, Azərbaycan həqiqətlərini daha gur səslə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq. Məsələ ondan ibarətdir ki, insanlara həqiqəti konkret faktlarla, sənədlərlə izah etmək lazımdır. Biz uzun müddət məhz bu işlə məşğul olmuşuq. Yəni 44 günük müharibənin, ərazi bütövlüyümüzün təmin olunmasının arxasında əslində daha böyük işlər dayanır. Onu da deyim ki, müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdən olan səfirlərlə söhbətimdə ermənilərin onların şüuruna necə ciddi təsir etdiklərini görmüşəm. Bu isə o deməkdir ki, biz fəaliyyətimizi dayanmadan davam etdirməliyik.

– Hazırda dünyada çox ciddi geosiyasi proseslər, o cümlədən qütbləşmələr gedir. Belə bir şəraitdə Azərbaycan üçün hansı perspektivləri görürsüz?

– İndi dünyada böyük güclər arasında mübarizə davam edir. Dünyanın siyasi xəritəsinin dəyişəcəyinə, bundan sonra daha ciddi proseslərin baş verəcəyinə şübhəm yoxdur. Amma Azərbaycan üçün hər şey daha yaxşı olacaq. Türkiyə yanımızda olmağa davam edəcək. Planetdə ciddi kataklizmlərin olmasına baxmayaraq, Azərbaycan Cənubi Qafqazın lideri olmağa davam edəcək. Çünki biz günü-gündən inkişaf edirik. Biz hazırda tarixi günlərə şahidlik edirik. Azərbaycan isə bu tarixin ən parlaq səhifələrini yazır. Bu, məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.

– Dəfələrlə Prezident İlham Əliyevlə görüşmüsüz. Dövlət başçısının çıxışlarında, qeyri-formal söhbətlərində diqqətinizi ən çox çəkən məqamlar nələr olub?

– Ölkə rəhbərimizin hər sözünün arxasında bir məna dayanır. O, hər sözü ilə mesaj verməyə, ictimai rəyə təsir etməyə çalışır. Mən bunun şahidiyəm. Prezidentimizin ən güclü silahı onun sözünə sadiq qalmasıdır. Yeri gəlmişkən, söyləyim ki, ölkə rəhbərimizin ayağında həm də bərəkət var. İran səfir kimi çalışdığım vaxtlarda Prezidentin Tehrana səfəri gözlənilirdi. Ölkəyə çox ciddi qar yağmışdı. Maşınla hərəkət etmək mümkünsüz idi. Prezidentlə əlaqə saxladım. Təklif etdim ki, səfəri təxirə salaq. Məndən siyasi səbəbin olub-olmaması barədə soruşdu. Yeganə səbəbin hava şəraiti olduğunu bildirdim. Dedi ki, gələcəm. Səhəri gün sübh tezdən bir baxdım ki, günəş parlayır. Ölkə rəhbərimiz İrana çatanda artıq qar əriyirdi. Görüşəndə güldü. Onu qarşılayan nümayəndə heyəti üzvlərindən yalnız mən bildim ki, prezident nəyə gülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir