Siyasət

İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq – ŞƏRH + FOTO

Sharing is caring!


“Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-23-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşüb”.

Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün tam əminliklə demək olar ki, tarixi kontekstdə qısa dövr olsa da, bu 20 il Azərbaycanın qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilmiş nəticələr baxımından müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir.

PA rəhbəri bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-23-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşüb, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub-saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olub.

“Məhz buna görədir ki, ötən dövr ərzində keçirilmiş dörd prezident seçkisində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident İlham Əliyevə etibar edib. Xalqımız hər zaman Prezident İlham Əliyevə dəstək olur, ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır”, – deyə o əlavə edib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Sadiq Qurbanov Oxu.Az-a danışarkən deyib ki, İlham Əliyev ümummilli lider Heydər Əliyev kimi siyasətə kompleks yanaşmanın, daxili və xarici siyasəti vəhdətdə götürməyin, siyasi, iqtisadi, mənəvi, mədəni aspektləri vəhdətdə təqdim etmənin canlı nümunəsidir.

“Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.

Öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Eyni zamanda, demokratik prinsiplərin və milli dəyərlərin sintezini yarada bildi.

Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırmağa nail oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır”, – deyə Sadiq Qurbanov bildirib.

O deyib ki, İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycana böyük Qələbəni, müasir tələblərə cavab verən müzəffər Ordu, ərazi bütövlüyümüzün bərpa olunmasını qazandırıb.

“Biz müzəffər xalq və qalib dövlətik. Zədələnmiş milli qürurumuz bərpa edilib. Prezident Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi yaradıb. Təkamül yolu ilə inkişaf edən demokratik ənənələr formalaşıb, milli iqtisadiyyat diversifikasiya edilib. İqtisadiyyatı güclü olan Azərbaycan enerji siyasəti ilə regional və qlobal əhəmiyyətli aktora çevrilə bildi. Regionların sosial-iqtisadi inkişafına nail olunub. Müstəqil xarici siyasəti olan, güclü Azərbaycan dövlət-xalq həmrəyliyi modelini yaradıb”, – deyə Sadiq Qurbanov bildirib.

Millət vəkili əlavə edib ki, 44 günlük Vətən müharibəsindəki Qələbə Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıtdı.

“Biz inanırıq ki,  bütün döyüşlərdən  qələbə ilə çıxan müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı siyasəti də qələbə ilə nəticələnəcək, soydaşlarımızın öz doğma torpaqlarına qayıtmasını təmin edəcək.    

Bu inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq”, – deyə Sadiq Qurbanov fikrini yekunlaşdırıb.

Aqil Vəlili 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir