Siyasət

İlham Əliyev müstəqillik, uğur və qələbə simvolu kimi – ŞƏRH

Sharing is caring!


Prezident İlham Əliyevin ilk dəfə Azərbaycan prezidenti seçilməsindən 20 il keçir. Azərbaycan dövləti heç olmadığı qədər ən güclü və parlaq dövrünü yaşayır.

Prezident seçildikdən sonra andiçmə mərasimində cənab İlham Əliyev Azərbaycanın gələcəyinə konseptual baxış xarakterli nitqində strateji prioritetləri müəyyən edib. Artıq o dövrdə İlham Əliyev ölkədaxili, geosiyasi və qlobal müstəvidə mövcud trendləri aydın görür, nəyi, nə vaxt və necə etməyi çox dəqiq bilirdi.

Buna görə də Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 illik dövr dövlətin strateji hədəflərə nail olması baxımından çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsidir.

Bu, öz ideya qaynağını ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanı qurmasından götürür. İlham Əliyev Heydər Əliyevin qurub-yaratdığı dövləti güclü etdi.

Bir sözlə, 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkidə prezident seçilmiş İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı.

İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi ki, bu da əsl möcüzədir. Dövlət başçısı kimi tarixi nailiyyətlər əldə etmiş İlham Əliyev qələbə və uğur simvoludur.

İlham Əliyev cəmiyyəti və xalqı öz ardınca aparan liderdir

Lider cəmiyyətdə fəallığa nail olmağı, onu konkret məqsəd uğrunda səfərbər etməyi bacarmalıdır. Məsuliyyətli, uzaqgörən olmalıdır. Bütün bu keyfiyyətlər İlham Əliyevin şəxsində təcəssüm edir. O, həqiqətən də, böyük liderdir. 

Çünki İlham Əliyev dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürən, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran böyük şəxsiyyət və siyasi xadimdir.

Prezident İlham Əliyev cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı ilə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə edib.

Xarici ölkə liderləri, tanınmış ictimai-siyasi xadimləri, politoloqları Azərbaycan Prezidenti haqda müsbət fikirlərə malikdirlər.

Uğurlu xarici siyasət

İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.

2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti böyük uğur idi.

ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir.

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin hərəkata sədrliyinin daha bir il uzadılmasına səbəb olub.

21-ci əsrdə dünyanın ən böyük pandemiyası – COVID-19-un yayılması zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edib. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib.

Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında İlham Əliyev və Azərbaycan faktoru da çox böyük hadisədir.

Prezident İlham Əliyevin “güclü iqtisadiyyat – güclü dövlət” formulunu reallaşdırması

Prezident İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi göstəricilər də yüksəlib. Rəqəmlərlə onu ifadə edək:

– 2003-22-ci illərdə Azərbaycanda ÜDM 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib,

– Dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb,

– Strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 66,1 milyard dollara qədər artıb,

– orta aylıq əmək haqqı 77,4 manatdan 839,4 manata yüksəlib,

– Yoxsulluq səviyyəsi 44,7%-dən 5,5%-ə enib.

Əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Azərbaycanın müasir reallıqlar şəraitində enerji faktorundan maksimum yararlanması da diqqət çəkir.

Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş investisiyalar və geniş ixrac infrastrukturu ölkəni ən mühüm tranzit mərkəzinə çevirib.

Dövlət Neft Fondunun valyuta ehtiyatlarının dəfələrlə artması, bu vəsaitin sosialyönümlü layihələrin icrasına cəlbi həm də gələcək nəsillərin rifahına xidmət edir.

İlham Əliyevin hakimiyyəti dövründə müasir cəmiyyət quruculuğu

Azərbaycanda həyata keçirilən yenidənqurma siyasəti, sosial-iqtisadi infrastrukturun yenilənməsi, şəhər, kənd və qəsəbələrin müasirləşməsi prosesi önəmlidir.

İlham Əliyevin prezident seçilməsindən sonra 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulu, ölkədə başlanan canlanma və inkişafın Azərbaycanın simasını dəyişməsinin şahidi oluruq.

İlham Əliyevin hakimiyyəti illərində ordu quruculuğu

Prezident İlham Əliyev ordu quruculuğunu ən başlıca, ən prioritet məsələ hesab edir. Çünki Azərbaycan çox mürəkkəb coğrafiyada yerləşir. 

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu istiqamətində atılmış addımları analiz edək. Belə ki:

– 2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb;

– Ordu ən müasir silahlar və texnika ilə təchiz olunub;

– Müdafiə sənayesi formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1 200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb;

– Ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilib;

– Hərbçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılıb və proses davam edir;

– Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub.

Ali Baş Komandan İlham Əliyevin tarixi zəfəri

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsidir.

İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olunub.

İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib.

Müstəqillik elan olunandan sonra ilk dəfədir Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nadir ölkələrdən biridir.

İlham Əliyev bu tarixi Zəfərlə kökü 200 il əvvələ gedən, neçə-neçə nəslə acı tale yaşadan bir problemi kökündən həll edib.

“Böyük Qayıdış” və azad olunmuş ərazilərin bərpası

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-26-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çox önəmli məsələdir.

Artıq proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyub.

Ümumilikdə 2021-23-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. 

Müharibədən cəmi ilyarım sonra – 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2 715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

İlin sonuna qədər ümumən 1 400-ə yaxın ailə olmaqla, 5 000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur.

Cəmi doqquz aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngilan və Laçın rayonlarında hava limanlarının tikintisi davam edir.

22 yol layihəsindən altısının tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmiryol xətləri üzrə tikinti işləri davam etdirilir.

12 yeni su elektrik stansiyası, 12 yarımstansiya istifadəyə verilib.

100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Ümumilikdə İlham Əliyevin əsas hədəf kimi Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi yol xəritəsi belədir:

– Güclü iqtisadi potensialın formalaşdırılması,

– Müasir cəmiyyət quruculuğu,

– Qüdrətli Silahlı Qüvvələrin yaradılması,

– Beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi.

YEKUN NƏTİCƏ:

Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrilsin və çevrilir də.  Çünki Azərbaycan Prezident İlham Əliyevin sayəsində müstəqil siyasət yürüdür.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir