Siyasət

Sülh olacaq, ancaq Avropa olmayacaq!

Sharing is caring!


Qan Turalı yazır…

Azərbaycan “44 günlük” müharibə və bir gün çəkən lokal xarakterli antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Ancaq bu prosesin uduzan tərəfi ancaq Ermənistan və işğal zonasında qurulan oyuncaq dövlət deyil. Avropa düşüncəsi də məğlub tərəfdədir. 

Bir az geriyə gedib yaddaşları təzələyək. 1996-cı ildə keçirilən ATƏT-in Lissabon sammitində quruma üzv olan 53 dövlət Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı. BMT-nin 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələr hamıya məlumdur. 

Bircə bunu qeyd edək. BMT Baş Assambleyasının 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayırdı. 

Bu siyahını uzatmaq da olar. Bir sözlə, Azərbaycan ərazisinin işğal edildiyinin əksini iddia edən bir dövlət ya da beynəlxalq qurum mövcud deyil. Hətta BMT-nin “işğalçı” kimi tanıdığı Ermənistan regionda qurulan oyuncaq dövləti tanımağa cürət tapa bilməmişdi. 

Ancaq Prezident İlham Əliyevin də dediyi kimi, o qədər mənasız görüşlər olmuşdu ki…  Bütün bu görüşlərdə heç bir irəliləyiş qeydə alınmadı. Nə işğal zonasından qoşunlar çıxarıldı, nə də qaçqınlar öz yurdlarına qayıtdılar. Hətta Paşinyan “Qarabağ Ermənistandır” deməklə münaqişənin diplomatik yolla həll imkanlarını faktiki olaraq dalana dirədi. 

Belə bir vəziyyətdə isə Azərbaycanın hərbi güc tətbiq etməkdən başqa heç bir yolu qalmamışdı. BMT Nizamnaməsinin 51-ci maddəsi üzv olan ölkələrə ərazi bütövlüyünə, suverenliyinə təhlükə olduğu halda hərbi güc tətbiq etmək hüququ verir. Otuz ildən artıq davam edən münaqişənin həlli üçün Azərbaycanın hərbi güc tətbiq etməkdən başqa heç bir variantı qalmamışdı. Və bu güc də tətbiq edildi. Qısa müddət ərzində torpaqlar azad edildi, başqa cür desək, BMT qətnamələri yerinə yetirildi. Lokal hərbi əməliyyatlar isə Azərbaycanın öz ərazisindəki suverenliyini tam təmin etdi. 

Bu vəziyyətdə Avropa nə edirdi? Faktiki olaraq müharibəni dayandırmaq çağırışlarından başqa heç nə… Fransa isə ATƏT-in Minsk qrupunun üzvü kimi bitərəf mövqedə durmalı olduğu halda əlindəki bütün kartları Azərbaycanın əleyhinə yönəltdi və münaqişədə tərəf tutur, münaqişədən öz daxili siyasəti naminə istifadə edirdi. Təbliğ edilən bütün Avropa dəyərləri isə zibil qutusuna atıldı. 

İndi bir anlıq düşünək ki, Fransanın, ya da Almaniyanın ərazi bütövlüyünə təhlükə yaranıb. Onlar buna bir gün belə dözə bilərlərmi? Bir milyon qaçqının varlığı ilə heç olmasa bir ay barışa bilərlərmi?

ABŞ 11 sentyabr hadisələrində günahkar bildiyi Əfqanıstanı bombalamadımı? Ya da bir anlığa Ukraynanı Rusiya ilə danışıqlar masasına oturmağı tələb etdiklərini düşünək. Belə şey mümkündürmü? Əksinə, Rusiya tərəfindən öz ölkələrinə hazırda mövcud olmayan, ancaq potensial şəkildə var olan bir təhlükəni neytrallaşdırmaq üçün Ukrayna silahlandırılmırmı? Azərbaycana gəldikdə isə bütün bu məsələlər, nəinki beynəlxalq hüquq prinsipləri, eləcə də elementar məntiq itir. 

Hətta Aİ Şurasının rəhbəri Şarl Mişel Rusiyanı Dağlıq Qarabağ ətrafında sülhü və təhlükəsizliyi təmin edə bilməməkdə günahlandırır və  Rusiyanın hərəkətini “erməni xalqına qarşı xəyanət” adlandırır. Regionda 32 ildən sonra yaranan sülhü Aİ təhlükəsizliyin pozulması kimi başa düşür. Halbuki, BMT missiyası regionda mülki əhali üçün təhlükə olmadığını qeyd etmişdi. 

Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq üçün Aİ-yə ehtiyacı yoxdur. Qurumun təklif etdiyi format (Almaniya və Fransanın daxil olduğu beşlik), ümumiyyətlə, gülüncdür. Hətta NATO üzvü olan Türkiyə də bu formata qəbul edilmir. 

Sülh isə mütləq olacaq. Ancaq Avropa İttifaqı sülh prosesinin içində olmayacaq (ya da olmamalıdır). Burda itirən isə yenə Avropa İttifaqı, Avropa dəyərləri və külli halda Avropa sivilizasiyasıdır. İllərdir Rusiya ilə apardıqları siyasətin nəticəsində Ukraynada başlayan müharibə də bu dəyərlərin ciddi bir böhrana düşdüyünü göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir