Siyasət

Adam Amilov: “Çox adam ölüb, onların aralarında azərbaycanlılar az deyil” – İSRAİLDƏN MÜSAHİBƏ

Sharing is caring!


Bu gün, oktyabrın 13-də İslami Müqavimət Hərəkatı (HƏMAS) ümumi səfərbərlik günü elan edib. Bu, Yaxın Şərqdə dünyanın onlarla ölkəsinin vətəndaşlarının ölümünə səbəb olan yanğının daha da alovlanmasına səbəb ola bilər. İsrail hələ də HƏMAS hücumunda ölənlərin sayını hesablayır. Bu, sürətli prosedur deyil, çünki İsrail qaydalarına görə, ölülər siyahısına daxil olmaq üçün insanın cəsədi tanınmalıdır.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsraildə əslən azərbaycanlı olan yeddi, o cümlədən ölkəmizin azı bir vətəndaşı dünyasını dəyişib. Bundan başqa İsrail hökuməti daha bir Azərbaycan vətəndaşının itkin düşdüyünü bildirir.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti, İsrailin Kiryat-Yam şəhərinin vitse-meri Adam Amilov Oxu.Az-a müsahibəsində İsraildə çoxlu azərbaycanlının öldüyünü təsdiqləyib:

“Hesab edirəm ki, təkcə İsraildə deyil, bütün dünyada HƏMAS yaraqlılarından bu cür vəhşilik, belə qəddarlıq gözləmirdilər. Onlar hamını – kişiləri, qadınları, qocaları, uşaqları, hətta körpələri belə qətlə yetirdilər, görünməmiş zorakılıqlar göstərdilər. Biz yaraqlıların hərəkətlərini heyvanlıq adlandıranda, yəqin ki, heyvanlara haqsızlıq etmiş oluruq.

İnsanlar sırf yəhudi olduqları üçün öldürüldülər. Ona görə yox ki, onlar kiməsə pislik istəyən pis adamlar idilər, xeyr, ancaq milli mənsubiyyətlərinə görə. Qəzza məktəblərində şagirdlərə uşaqlıqdan yəhudilərə nifrət öyrədilir. HƏMAS-ın arzusu yəhudi dövlətini və yəhudiləri məhv etməkdir.

Hücumun şənbə günü, hətta Simxat Tövrat bayramının qeyd edildiyi müqəddəs gündə baş verdiyini yəqin ki, artıq bilirsiniz. Bütün dünya HƏMAS-ın və Qəzzanın nə olduğunu gördü. Bu hərəkatın arxasında isə iranyönlü “Hizbullah” hərəkatı dayanır ki, onun da məqsədi İsraili məhv etməkdir. Bu planlaşdırılmış aksiyanın arxasında əslində “Hizbullah” və İranın olduğuna az adam şübhə ilə yanaşır. Həmçinin şimalda da (“Hizbullah”ın yerləşdiyi Livandan – red.) kəskinləşmə baş verə bilər.

Azərbaycandan olan soydaşlarımıza gəlincə, onlar İsrail cəmiyyətinin ayrılmaz hissəsidirlər. Onlar ayrı yaşamırlar. Azərbaycandan olan yəhudilər və etnik azərbaycanlılar hər yerdə təmsil olunurlar. Onlar orduda və polis idarələrində ləyaqətlə xidmət edirlər, bütün israillilər kimi qəhrəmancasına döyüşürlər. Onlar da bir çox israilli gənclər, onlarla ölkədən gələn qonaqlar kimi HƏMAS terrorçularının yüzlərlə insanı öldürdüyü Qəzza sərhədi yaxınlığındakı konsertdə idilər. Çoxlu insan öldü, onların arasında xeyli həmvətənlərimiz var, amma dəqiq sayını deməyəcəyəm. İsrailin müasir tarixində bir gündə bu qədər itki olmamışdı.

Təkcə 45 000 insanın yaşadığı kiçik Kiryat-Yam şəhərində artıq bir neçə ölü sakini saymışıq, özü də bu, yekun məlumatlar deyil, hələ hər kəsin şəxsiyyəti müəyyən edilməyib. Öldürülənlərin bəziləri İsrail Müdafiə Qüvvələrində xidmət edirdi, digərləri isə sadəcə olaraq yaraqlıların soxulduqları yerdə olublar. Həlak olanların ailələrinə kömək edirik, onların evlərinə baş çəkirəm, dəfn mərasimlərində iştirak edirəm. Mənşə ölkəsindən asılı olmayaraq – bunu ən azı soyadlardan da görmək olar, hamı bir-birini dəstəkləyir. Kədər ümumidir, qələbə də ümumi olacaq.

Azərbaycanın HƏMAS-ın hücumuna necə baxdığını bilirik, dəstəyinizə görə təşəkkür edirik. İndi isə biz təkcə cənubda deyil, həm də şimalda hərbi əməliyyatlara hazırlaşırıq, bomba sığınacaqlarını təchiz edirik, maddi-texniki təminatla məşğul oluruq. Şəhər böyük müharibəyə hazır olmalıdır.

– Kiryat-Yam İsrailin şimal sərhədinə yaxındırmı?

– Bəli, biz Hayfanın şimalındayıq və Livanla sərhəd bizdən cəmi 60 km məsafədədir. Böyük bir müharibə başlasa, İsrailin şimal hissəsi cənub hissəsindən qat-qat təhlükəli olacaq. “Hizbullah”ın HƏMAS-dan daha çox silahı var və onlar daha keyfiyyətlidirlər.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir