Siyasət

“Beynəlxalq hüquq işləmir, əks halda BMT və ATƏT Ermənistanı sülhə məcbur edərdilər” – ŞƏRH

Sharing is caring!


“44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır. Məqsəd regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra suverenliyimiz təmin olunub:

“Antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Azərbaycan həmişə sülh tərəfdarı olduğunu bəyan edir. Hazırda bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən, real nəticəyə yönəldilmiş beynəlxalq təşəbbüsləri dəstəkləyir. Sadəcə, Ermənistan hakimiyyəti özündə iradə tapıb regionumuzun gələcəyi naminə sülh sazişini imzalamalıdır. Təəssüf ki, biz hələ də bunu müşahidə etmirik”. 

Millət vəkilinin sözlərinə görə, Ermənistan 28 il ATƏT-in keçmiş Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesini daim pozurdu. Bu da onu göstərirdi ki, rəsmi İrəvan sülh istəmir, sadəcə, danışıqların imitasiyası ilə məşğul olur:

“Ona görə də Azərbaycan dövləti münaqişəni öz gücü ilə həll etməyə məcbur oldu. Dövlətimiz təkbaşına BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etdi. Əlbəttə ki, həm BMT Təhlükəsizlik Şurası, həm də ATƏT istəsəydilər, Ermənistanı sülhə məcbur edərdilər. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olmuş ABŞ, Rusiya və Fransa BMT TŞ-nin daimi üzvləridir. Problemin sülh yolu ilə həll olunmaması bu qurumların Azərbaycana qarşı ikili standartlarının təzahürü idi. 30 illik danışıqlar prosesinin iflasa uğraması göstərdi ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT və BMT-də köklü dəyişikliklər, islahatlar aparılmalıdır.

Əlbəttə ki, beynəlxalq təşkilatların dünyada sülhə, sabitliyə töhfə verməsi zəruridir. Amma təəssüf ki, bu gün beynəlxalq hüquq işləmir. Ona görə də beynəlxalq təşkilatlar öz funksiyalarını yerinə yetirə bilmirlər. Ən acınacaqlısı odur ki, bu qurumlar müəyyən beynəlxalq güclərin əlində alətə çevriliblər. Bu səbəbdən də, beynəlxalq qurumlarda islahatların aparılması olduqca zəruridir. Onlar proseslərə yanaşmada hansısa qüvvələrin maraqlarına uyğun çıxış etməməli, yalnız beynəlxalq hüquq normalarını əsas götürməlidirlər. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu artıq fəaliyyət göstərmir, 44 günlük müharibədən sonra ona ehtiyac qalmayıb. Amma ölkəmiz BMT və ATƏT-in üzvü olaraq bu təsisatlarla əməkdaşlıq etməlidir və edir. Dövlətimiz bölgədə sülhün təmin olunmasına yönəlmiş beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu qurumlar da əgər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək istəyirlərsə, ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməlidirlər”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir