Siyasət

“Xankəndidə normal həyat davam edir, reinteqrasiyanın başa çatması üçün çətinlik olmayacaq” – ŞƏRH + FOTO

Sharing is caring!


“19-20 sentyabrda ordumuz Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri məcburiyyətdən aparılıb. Çünki, Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tələblərini kobud şəkildə pozaraq, ərazilərimizdə 10 mindən çox qeyri-qanuni silahlısını saxlayırdı və onları yenidən silahlandırırdı”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, düşmən tərəfindən 2021-ci ildə istehsal olunmuş minalarla ərazilərimiz yenidən minalanır, insanlar üçün yeni təhlükə mənbələri yaradılırdı:

“Bütün bu təxribatlara əl atan Ermənistan kifayətlənməyərək, ölkəmizə qarşı yenidən ərazi iddiaları ilə çıxış edir və status məsələsini gündəmə gətirməyə cəhd göstərirdi. O cümlədən, sentyabrın 9-da qondarma qurumun “prezidenti” postuna seçkilər keçirilib və yenidən “seçilmiş” şəxs status uğrunda mübarizə aparacağını bildirmişdi. Ona görə də Azərbaycan ordusu lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə tapşırıq aldı və 24 saata qədər müddətdə aparılan əməliyyat zamanı qeyri-qanuni silahlıları tərksilah etdi və separatçılar ağ bayraq qaldırmağa məcbur edildi. Bu gün isə Qarabağda separatçılar qalmasa da, meşələrdə gizlənmiş quldur dəstələrinin qalması ehtimalları var. Buna görə, hüquq-mühafizə orqanlarımız tərəfindən həmin dəstələr də tərksilah edilərək cəzalandıracaqdır”.

Deputat düşünür ki, Qarabağda yaşamağa davam edən ermənilərin həyatına heç bir təhlükə yoxdur və onlar dövlətimizin qayğısı ilə əhatə olunublar:

“Hətta Xankəndidə sığınacaq fəaliyyətə başlayıb, sosial yardıma ehtiyacı olan şəxslər isti qida və yaşayış yeri ilə təmin olunur. O cümlədən, Ermənistanın təzyiqi altında Qarabağı tərk edən erməni əsilli sakinlərimiz üçün də qapımızın açıq olduğunu bildiririk. Ermənilərə müəyyən olunmuş portala müraciət edərək vətəndaşlığın alınması üçün şəffaf şərait yaradılıb. Qarabağ sakinlərinin Ermənistana geri qayıda biləcəyi də bəyan olunub. Hazırda reinteqrasiya prosesinin aparılması üçün heç bir çətinlik və təhlükə yoxdur. Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları Xankəndidə fəaliyyətə başlayıb və bütün prosedurlar qanunlarımıza uyğun icra edilir. Bu gün Xankəndidə normal həyat ritminin davam etməsi reinteqrasiya prosesinin başa çatdırılması üçün heç bir çətinliyin olmayacağını göstərir”.

Xatırladaq ki, 44 günlük müharibədən sonrakı reallıqlar Azərbaycanı antiterror tədbirlərinə vadar edib. Müharibədən keçən 3 ildə Ermənistanın öhdəliklərinə əməl etməməsi, silahlı qüvvələrin çıxarılmaması, əksinə onlara yeni silah-sursatın daşınması, yeni ərazilərimizin minalanması, Nikol Paşinyanın “DQR”in yaradılmasının ildönümü haqqında təbriki, qondarma “prezident seçkiləri” və s. Azərbaycanı 19-20 sentyabrda əməliyyat keçirməyə məcbur etmişdi.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir