Siyasət

Sülh istəməyən Ermənistan, qruplaşma kimi davranan rəsmi İrəvan – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistan etibarlı tərəfdaş ola bilmir. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarması barədə dörd qətnamə qəbul etsə də, rəsmi İrəvan 27 il həmin sənədlərin bir bəndini belə, yerinə yetirməyib. Əksinə, rəsmi İrəvan işğal etdiyi Azərbaycan torpaqlarında talanlar, süni məskunlaşdırma, təbii sərvətlərin qarət olunması, mədəni, tarixi, dini abidələrin dağıdılması və başqa cinayətkar əməllər törədib. Bu, azmış kimi, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olduğunu da gizlətməyib.

Ermənistan 1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə imzalanmış atəşkəs rejimini 2020-ci il sentyabrın 27-dək pozub, müxtəlif terror və təxribatlar törədib. Həmin il Azərbaycan işğal edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələrinə və qanunsuz silahlı qruplaşmalara qarşı əks-hücum əməliyyatına başlayıb. Bu, 2020-ci il noyabrın 10-da rəsmi İrəvanın kapitulyasiya aktını, Üçtərəfli Bəyanatı imzalaması ilə nəticələnib. Elə zənn edilirdi ki, bu ölkənin rəhbərliyi baş verənlərdən nəticə çıxarıb reallığı düzgün dəyərləndirəcək, bəyanatın müddəalarına əməl edəcək. Əksinə, kommunikasiyaların açılması ilə bağlı müddəa yerinə yetirilməyib – minaların xəritəsi, qanunsuz silahlı dəstələr, cinayətkarlar təhvil verilməyib, torpaqlar işğaldan azad edilməyib. Rəsmi Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı təqdim etdiyi təkliflər paketinə indiyədək cavab verilməyib.

Moskva, Vaşinqton, Vyana, Praqada keçirilən görüşlərin nəticələrinə dair əldə edilən razılaşmalara əməl olunmayıb. Heç şübhəsiz, iki ölkə arasında normallaşma prosesi, dayanıqlı sülh müqaviləsinin imzalanması sərhədlərin müəyyən edilməsindən başlayır. Delimitasiya və demarkasiya məqsədilə baş nazirlərin müavinlərindən ibarət üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) işçi qrupu iki dəfə bir araya gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan və komandası müxtəlif toplantılarda sülh, əməkdaşlıq, ərazi bütövlüyünün tanınması ilə bağlı açıqlamalar verib sənədlər imzalasa da, əməli fəaliyyət yox dərəcəsindədir.

Noyabr Bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxmalı, qanunsuz silahlı dəstələr tərk-silah edilməli idi. Ancaq bu baş vermədi. Həmin qüvvələr terror və təxribat törətməyə, hərbi istehkamlar qurmağa başladılar. Bu da 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirləri ilə yekunlaşdı. Bu tədbirdən sonra Ermənistan silahlıları və qanunsuz qruplaşma Qarabağ ərazisindən çıxdılar. Xankəndidə 30 il ərzində qanunsuz, Azərbaycan Konstitusiyasına qarşı fəaliyyət göstərən cinayətkar qurumun başçıları həbs edildilər. Bu kimi faktlar Ermənistanın indiki hakimiyyətinin də xələfləri kimi etibarsız olduğunu təsdiqləyir.

Rəsmi İrəvan sülhlə bağlı tədbirləri ikinci plana keçirir. Nikol Paşinyan bu və ikitərəfli məsələlərlə bağlı görüşlərə getməkdən yayınır. Bişkekdə MDB dövlət başçılarının sammitində iştirakdan imtina etməsi, Brüsselə səfəri “təxirə” salması kimi faktlar da bunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib:

“İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri altı saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma iki-üç saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır”.

İrəvandan fərqli olaraq, rəsmi Bakı münasibətlərin normallaşmasına, sülh sazişi üzərində işləri davam etdirməyə hazır olduğunu bildirir. Ermənistan minalanmış ərazilərin xəritəsini hələ də təqdim etməyib. Bundan başqa, Azərbaycan ərazilərində qanunsuz silahlı dəstələrin tör-töküntüləri hələ də fəaliyyət göstərir. Onların Qarabağ iqtisadi rayonu ərazisində qalması xəritəsi təqdim olunmayan minalanmış ərazi kimidir. Hər ikisi İrəvanın yürütdüyü siyasət səbəbindən Azərbaycan ərazisində qalıb.

Dövlət başçısı bəhs etdiyimiz toplantıda bu məsələyə toxunaraq deyib:

“Bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur”.

Ermənistan əldə edilmiş razılaşmalara əməl etməməklə Noyabr Bəyanatının imzalanmasında vasitəçi və zəmanətçi missiyasını üzərinə götürmüş Rusiyaya da etibar və etimadı azaldır. Rəsmi İrəvanın bu davranışı Cənubi Qafqazda təhlükəsizliyi, sabitliyi təhdid edir. Ermənistan hakimiyyəti bu kimi fəaliyyəti ilə özünü dövlət təmsilçisi olaraq deyil, qruplaşma kimi aparır. Çünki qruplaşma başçıları, adətən, verdikləri sözə, imzaladıqları sənədə hörmətsizlik edirlər…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir