Siyasət

Vladimir Pızin: “Paşinyan və Makron eyni yuvanın quşudurlar” – RUSİYADAN ŞƏRH

Sharing is caring!


Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası və Müstəqil Dövlətlər Birliyinin sammiti başlayıb, onun çərçivəsində Azərbaycan və Ermənistan tərəfləri arasında danışıqların aparılması nəzərdə tutulub. Lakin Rusiya Xarici İşlər Nazirliyi mümkün görüşü elan etdikdən sonra Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Bişkekə getməyəcəyini bildirib. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib. Onun əvəzinə Qırğızıstanın paytaxtına nazir müavinini göndərməyi qərara alıblar.

Aydın məsələdir ki, bunlar hamını özünün Qərbə istiqamətləndiyinə inandırmağa çalışan İrəvan rəhbərliyinin növbəti nümayişkaranə hərəkətləridir. Bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) demarşlar, Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası, avropalı müşahidəçilərin Ermənistana dəvət olunması, Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüş və bir çox başqa şeylər olub.

Seçki Texnologiyaları Mərkəzinin direktoru, sosiologiya elmləri namizədi, Rusiya İctimaiyyətlə Əlaqələr Birliyinin vitse-prezidenti Vladimir Pızin vəziyyəti Oxu.Az-a şərh edib:

– Müstəqil ekspert kimi fikrimi bildirəcəyəm. Bu (Ermənistanın Qərbə “üz tutması” – red.) Nikol Paşinyanın böyük və “sifarişli”, belə deyək, səhvidir ki, bu da Ermənistanın baş nazirinin özü üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq, bütövlükdə Ermənistana isə daha pis təsir göstərəcək. O, erməni xalqını böyük bəlaya salıb. Bütün bunların günahkarı isə Fransanın bölgədə eşələnməsidir. Belə çıxır ki, Fransada hər şey pis olanda Qafqazda ancaq intriqa yaratmaq qalır.

Hesab edirəm ki, prezidentlər İlham Əliyev və Vladimir Putinin müdrikliyi xarici qüvvələrin uğurlu oyun oynamasına imkan verməyəcək. Bununla belə, Fransanın özünün elə bir gücü yoxdur, sadəcə, sözləri və təkəbbürlü davranışları var. Azərbaycan Prezidenti İlham Əliyev kiminlə danışıb, kiminlə danışmamaq barədə çox aydın mövqe sərgiləyib.

Nikol Paşinyanı isə çoxdan nüfuzdan salmaq olardı, amma Rusiya prezidenti ona dözür, düşünür ki, Paşinyan faydalı nəsə etməyə çalışır. Eyni zamanda, Ermənistanın baş naziri, sadəcə olaraq, Corc Sorosun pulunun “haqqını verir”. Paşinyan və Fransa Prezidenti Emmanuel Makron eyni yuvanın quşudurlar.

Hazırda Nikol Paşinyan tarixi səhvə yol verir. Ermənistanın bədbəxtliyi də elə bundadır. İndi hər şey prezidentlər İlham Əliyevin, Vladimir Putinin və Rəcəb Tayyib Ərdoğanın müdrikliyindən və səbrindən asılıdır. Düşünürəm ki, onlar vəziyyəti məqbul istiqamətə aparacaqlar. Qalan oyunçuların hadisələrə təsir edəcək heç bir resursu, arqumenti yoxdur. Lakin çoxlu sözləri var.

Erməni xalqı isə növbəti dəfə xarici müştərilərə xidmət edən liderindən əziyyət çəkib. Ermənistan düzgün nəticə çıxarmalıdır ki, növbəti dəfə kimi və haranı seçəcəyini bilsin. Erməni cəmiyyətinin problemi var – onlar özləri özlərini aldada, tora sala bilirlər. İndi də baş verən budur.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir