Siyasət

Elçin Əmirbəyov: “Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə başlamaq niyyəti yoxdur”

Sharing is caring!


“Fransa 1997-ci ildən Minsk qrupunun üç həmsədrindən biri kimi vasitəçilik rolunu oynayıb. Rəsmi Paris həmişə Azərbaycanla Ermənistan arasında kifayət qədər balanslı münasibət saxlamağa çalışıb. Əvvəlcə prezident Şirak, sonra prezidentlər Sarkozi və Olland bu mövqedən çıxış ediblər. Amma son illərdə biz çox təəssüf ki, bu balansın pozulduğunun şahidi olduq”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa Radiosuna müsahibəsində bildirib.

O qeyd edib ki, Fransanın Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu oynamaq iddiası var:

“Lakin eyni zamanda, biz mütəmadi olaraq Azərbaycana qarşı və Ermənistanın xeyrinə hər cür ittihamları eşidirik. Bizi ermənilərin Qarabağı zorla tərk etməsində ittiham edirlər. Bizi “cinayətdə” ittiham edirlər”.

E.Əmirbəyov Fransanın Ermənistana silah tədarük etməsini təhlükəli vəziyyət adlandırıb:

“Fransanın vasitəçi kimi etibarlılığı bu gün demək olar ki, artıq mövcud deyil. Parisin Ermənistana silah tədarükü qərarı bizi olduqca təhlükəli vəziyyətə sala bilər. Biz bunu Fransanın Ermənistanı silaha sarılaraq yenidən ölkəmizə qarşı hücuma təhrik etməsi kimi şərh edə bilərik. Biz bu regionda yeni faciələr, yeni müharibə istəmirik. Biz həqiqətən sülh müqaviləsinə nail olmaq üçün Ermənistanla danışıqları bərpa etmək istəyirik. Əgər Ermənistan iki ölkə arasında sülhün və sabitliyin bərqərar olması üçün bu səylərimizə qoşularsa, biz öz üzərimizə düşən işi görməyə tam hazırıq. Biz Avropa İttifaqının rolunu yüksək qiymətləndiririk. Azərbaycan bu gün bu çərçivədə Avropa İttifaqı ilə üçtərəfli formatda yenidən danışıqlara qoşulmağa hazırdır”.

E.Əmirbəyov İrəvanın Zəngəzur dəhlizi ilə bağlı narahatlıqlarının əsassız olduğunu vurğulayıb:

“Sülh müqaviləsində biz ölkələrimizin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə bağlı öhdəliyimizi bir daha təsdiq edəcəyik. Biz demək olar ki, otuz ildir davam edən bu düşmənçiliyə son qoyacağıq. Ermənistanın Azərbaycanın ona qarşı müharibəyə hazırlaşdığı ilə bağlı iddiaları tamamilə əsassızdır. Biz Ermənistanın, eləcə də dünyanın bütün digər ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Çünki bütün bu illər ərzində Azərbaycanın bu qədər əziyyət çəkməsi məhz bizim öz ərazi bütövlüyümüzün pozulduğuna görə baş verib”.

Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycanın yeni müharibəyə başlamaq niyyəti yoxdur:

“Lakin Ermənistan bizə hücum etsə, biz sakit oturmayacağıq. Amma mən inanmıram ki, bu, Ermənistanın marağındadır. Hesab edirəm ki, bizə sadəcə olaraq danışıqlar yoluna qayıtmaq və Avropa İttifaqının sülh prosesini irəli aparmaq istəyindən yararlanmaq lazımdır. Sərhədlərin delimitasiyası, kommunikasiya xətləri haqqında danışmaq lazımdır. Biz buna diqqət yetirməliyik. Biz Azərbaycanla danışıqlara hazır olduğunu bildirən, eyni zamanda bütün cəbhələrdə diplomatik müharibə aparan Ermənistan kimi ikili oyun oynamırıq”.

E.Əmirbəyov həmçinin Qarabağda etnik təmizləmə iddialarına da aydınlıq gətirib:

“Bu yaxınlarda Qarabağda baş verənləri etnik təmizləmə kimi səciyyələndirmək doğru deyil. Bu, çox ciddi ittihamdır. Bu o deməkdir ki, hökumət əhalinin bir hissəsini etnik və ya dini mənsubiyyətinə görə öz ərazisini tərk etməyə məcbur edib. Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan sentyabrın 19-da başladığı bu antiterror tədbirləri ilə yalnız qanuni hərbi hədəfləri məhv edib. Biz separatçıların mövqelərinin harada olduğunu dəqiq bilirdik. Ona görə də dərhal yerli mülki əhaliyə onların hədəfə alınmadığını bildirdik. Biz heç vaxt mülki infrastrukturu və ya mülki əhalini hədəf almamışıq. Bunu mən demirəm. Oktyabrın 1-də həmin əraziyə həm də BMT missiyası baş çəkib. BMT rəsmiləri hələ də orada olan ermənilərlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar sülhməramlı qüvvələrin kontingenti olan Rusiya hərbçilərinin nümayəndələri ilə də danışıblar. Bu, mülki şəxslərin hədəfə alınmadığının sübutudur. 23 saat davam edən əməliyyat başa çatan kimi biz bu əhaliyə, o cümlədən Bakıdan külli miqdarda humanitar yardımın çatdırılmasına təşəbbüs göstərdik. Qida, dərman, yəni nə lazımdırsa çatdırdıq. Elektrik enerjisini bərpa etdik, qaz xətlərini çəkməyə başladıq. Biz onları bu ərazini tərk etmək qərarına yenidən baxmağa çağırdıq. Biz onlara dedik ki, bu, sizin şəxsi seçiminizdir. Azərbaycanı tərk etməyinizi istəmirik. Amma bunu etsəniz, bilin ki, sizin geri qayıtmaq hüququnuz var. Etnik təmizləmə adlandırdığımız bu deyil.

Biz tam blokadadan da danışa bilmərik. Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin tibbi evakuasiya işlərini yerinə yetirmək, əhaliyə lazımi dərman preparatları gətirmək azadlığı var idi. Yolun niyə qismən bağlandığına baxsaq, bunun səbəbi atəşkəs imzalanandan iki il yarım ərzində İrəvan tərəfindən bu yolun Ermənistandan hərbi personal, minalarla yanaşı, bütün növ silahlar da gətirmək üçün istifadə edilməsidir. Bütün bunlara son qoymaq üçün keçid məntəqəsini qurmalı olduq”.

Prezidentin nümayəndəsi bildirib ki, Azərbaycanın mərkəzi hakimiyyətinin Qarabağ ermənilərini sadə insan hüquqlarından məhrum etmək istəyi yoxdur. Lakin azərbaycanlılarla birgə yaşamaq və dinc yanaşı yaşamaq üçün onlar hakimiyyətin Azərbaycana məxsus olduğunu bilməlidirlər.

Diplomat müsahibəsində ölkəmizə qarşı sanksiyalar məsələsinə də toxunub.

“Bu sanksiyalar tam olaraq nəyə cavab olacaq? Azərbaycanın onilliklər boyu davam edən strateji səbrindən sonra beynəlxalq ictimaiyyət, o cümlədən Fransa tərəfindən ona məxsusluğu tanınan suveren ərazisi üzərində öz nəzarətini bərpa etməsinə? İnanmıram ki, qanunu bərpa edən ölkəni cəzalandırmağa cəhd mümkün olsun. Ərazimiz hücuma məruz qalıb və nəinki hücuma məruz qalıb, o, işğal edilib və əhalimiz etnik təmizləməyə məruz qalıb. Bu gün hamı etnik təmizləmədən danışır, amma heç kim Ermənistanın 90-cı illərin əvvəllərində real etnik təmizləmə həyata keçirdiyindən danışmayıb”, – E.Əmirbəyov əlavə edib.

Prezidentin nümayəndəsi müsahibəsində Ruben Vardanyan və saxlanılan digər separatçı liderlərdən də danışıb. O, qeyd edib ki, həmin şəxslərin Azərbaycanın mülki əhalisinə qarşı törədilən dəhşətli zorakılıqlarda iştirakı təsdiqlənib və onların məhkəməsi zəruridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir