Siyasət

Dariuş Popek: “Cəmiyyətin bir hissəsi Ukraynadakı müharibədən bezib”

Sharing is caring!


Son aylarda Ukraynaya böyük yardım göstərən və milyonlarla qaçqına sığınacaq verən Polşa ilə Ukrayna  arasında münasibətlərin pisləşməyə başladığı barədə çoxlu xəbərlər yayılıb.

Bununla bağlı Jeşuv Universitetinin polşalı analitiki, “Qafqaz: keçmiş, bu gün, gələcək” jurnalının baş redaktoru Dariuş Popek Oxu.Az-a şərhində bildirib ki, Varşava ilə Kiyevin hazırkı münasibətləri, bir tərəfdən, Polşada qarşıdan gələn parlament seçkisi ərəfəsində (seçki oktyabrın 15-də keçiriləcək – red.) kəskin daxili siyasi mübarizənin, digər tərəfdən isə Ukraynanın ağır iqtisadi vəziyyəti və Rusiya ilə bir il yarımdan çox davam edən dağıdıcı müharibənin yaratdığı artan sosial böhranın əksidir.

“Hazırda Polşada hakim partiyanın üçüncü müddət üçün mübarizə aparacağı parlament seçkisi yaxınlaşır. Eyni zamanda, onun siyasi opponentlərindən biri sağçı müxalifətdir və sağçılar indiyədək hakim “Qanun və Ədalət”ə və onun koalisiya tərəfdaşlarına səs verən seçicilərə təsir göstərirlər”, – deyə analitik vurğulayıb.

Dariuş Popekin fikrincə, müxalifət çox aydın şəkildə ​​Ukrayna ilə münasibətlərdə Polşanın öz maraqlarının həyata keçirilməsini və Ukraynadan olan qaçqınlara bir çox dəstək formalarının (o cümlədən maliyyə) məhdudlaşdırılmasını tələb edir. O, həmçinin qeyd edir ki, bu mövzu cəmiyyətin təxminən 10%-i tərəfindən açıq şəkildə dəstəklənir və hakim “Qanun və Ədalət” partiyasını səslərdən məhrum edir.

“Ukraynada bir il yarımdan çox davam edən müharibədən və Polşa hökumətinin daimi hərbi, maliyyə və siyasi yardımından sonra (təkcə sosial dəstək hazırda təqribən bir milyon ukraynalı qaçqına verilir) cəmiyyətin bir hissəsi bezib. Hətta bir çoxları narazılıq bildirirlər. Aydındır ki, bu, təbii prosesdir və buna bənzər situasiya bir çox Avropa ölkələrində baş verir. Polşada cəmiyyətin yalnız bir hissəsi bu yanaşmaya riayət edir və bu, xüsusilə seçkilər zamanı, hər bir səsin hakim partiya üçün vacib olduğu zaman nəzərə çarpır. Seçkilər kontekstində sual Şekspirdəki kimi səslənir – olum, ya ölüm”, – deyə analitik əlavə edib.

Onun sözlərinə görə, məhz buna görə də indiki hakimiyyət mövqelərini sərtləşdirməli və diqqətini “Ukrayna məsələsi”nə yönəltməli oldu.

“Ola bilsin ki, seçkidən sonra hakim partiya etibar krediti alarsa, bu məsələyə münasibətini dəyişəcək. Əgər seçkinin nəticələri qeyri-müəyyən olarsa və hakim partiya müstəqil hökumət qura bilməsə, çox güman ki, yeni seçkiyə ehtiyac yaranacaq. Bu o deməkdir ki, Ukrayna ilə bağlı ritorika sərtləşdirilə bilər. Eyni zamanda, seçkinin nəticələri fərqli olarsa, müxalifət partiyaları qalib gələcək və Polşa ilə Ukrayna münasibətlərində siyasət ümumilikdə yeni müstəviyə keçəcək”, – deyə Dariuş Popek bildirib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir