Siyasət

ARVK Rəyasət Heyətinin üzvü Avropa Vəkillər Kollegiyaları Federasiyasının Konqresində iştirak edib – FOTO

Sharing is caring!


5-7 oktyabr tarixlərində Polşa Respublikasının Qdansk şəhərində Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Konqresi və iclasları keçirilib.

Bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) məlumat yayıb.

Bildirilib ki, ARVK-ni bu tədbirlərdə Rəyasət Heyətinin üzvü Elçin Usub təmsil edib.

Tədbirin gündəliyinə uyğun olaraq, oktyabrın 5-də FBE-nin Prezident heyəti və Komissiyalarının sədrləri ilə müvafiq iclaslar təşkil edilib.

Oktyabr ayının 6-da FBE-nin prezidenti İzabela Konopacka, Qdansk şəhərinin meri Aleksandra Dulkieviç, Qdansk Vəkillər Kollegiyası Şurasının sədri Magdalena Vitkovska, Qdansk Universitetinin Hüquq və İdarəetmə fakültəsinin dekanı, professor Vojciech Zalevski, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Raffaelle Sabato, Amsterdam Apellyasiya Məhkəməsinin baş hakimi Mark de Verd, o cümlədən, müxtəlif ölkələrdən hüquq ekspertləri və vəkillərin qatıldığı konfransda 3 əsas mövzu – Avropada qanunun aliliyinin trayektoriyası və cari vəziyyəti, Ukraynanın bərpasında vəkillərin rolu və Süni intellekt (AI) və “ChatGPT”nin vəkillərə və vəkil xidmətlərinə təsiri barədə ətraflı və maraqlı müzakirələr keçirilib.

Tədbirin sonunda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.

Növbəti gün FBE-nin Konqresi keçirilib və gündəliyə uyğun olaraq, cari məsələlər müzakirə edilib. 

Tədbir çərçivəsində gələcək əməkdaşlığının gücləndirilməsi məqsədilə E.Usub ilə beynəlxalq təşkilatların və Avropanın bir sıra ölkələrinin vəkillər kollegiyalarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların perspektivləri barədə müzakirələr aparılıb. 

İclaslarda Qarabağdakı son hadisələrlə bağlı ARVK-nın mövqeyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusilə qeyd edilib ki, ARVK-nın əsas vəzifəsi milliyyətindən asılı olmayaraq, hər bir şəxsə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir və bunun təşkili üçün bütün tədbirləri icra edir. 

Sonda tədbir iştirakçıları üçün Qdansk şəhərinin görməli yerləri üçün şəhər turu təşkil olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir