Siyasət

“Arayikin və digər uşaq qatillərinin məhkəməsi tam açıq formada Xocalıda keçirilsin” – TƏKLİF

Sharing is caring!


“Gəncənin raketlərlə bombalanmasının ildönümü ərəfəsində separatçıların lideri Arayik Arutyunyanın həbs olunaraq Bakıya gətirilməsi faktı, özlüyündə ilahi ədalətin təntənəsidir”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. O qeyd edib ki, məhz həmin terrorçu tərəfindən, cəbhə xəttindən yüzlərlə kilometr uzaqda yerləşən Gəncə şəhərinin gecə vaxtı bombalanması əmri verilib:

“Nəticədə, yaşayış binaları dağılıb, günahsız insanlar, körpə uşaqlar, qadınlar həlak olmuşdu. Erməni həyasızlığının sərhəd tanımadığı hər kəsə məlumdur. Ancaq bu alçağın həyasızlığının, qaniçənliyinin həddi-hüdudunun olmamasını özü televiziya ekranı qarşısında etiraf edib. 

Prezident İlham Əliyev bəyanatlarını, səsləndirdiyi fikirləri konkret əməlləri ilə təsdiq etmiş liderdir və dəfələrlə bunu sübut edib. Arayik və Azərbaycan xalqına qarşı cinayətlərdə əlləri qana batmış digər separatçıların da həbs olunması, prezidentin siyasi iradəsinin məhsuludur. Çoxsaylı xarici təzyiqə baxmayaraq, bütün cinayətkarların layiqli cəza alacaqlarına şübhə yoxdur. Təbii, dövlət başçımızın qətiyyətli, prinsipial mövqeyi Azərbaycan xalqında ruh yüksəkliyi yaradır. 

Onların necə, hansı şəkildə cəzalandırılması məsələsinə gəldikdə isə Azərbaycan hüquqi dövlətdir və Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cəzalandırılacaqlar. Separatçıların törətdikləri ağır cinayətlərdir və müasir dünyanın mürəkkəb reallıqlarını, beynəlxalq ictimaiyyətin marağını nəzərə alaraq, yaxşı olardı ki, məhkəmə prosesi tam açıq və Xocalıda keçirilsin. Dünya erməniliyi, onlara havadarlıq edən lobbi təşkilatları, “qədim”, “mədəni” tayfanın insanlıq əleyhinə törətdikləri tükürpədici cinayətləri öz dillərindən eşitsinlər. Bəlkə uşaq qatillərinə verdikləri dəstəyə görə vicdanları az da olsa, ağrıyar. Bu, təkcə bizim üçün yox, ümumiyyətlə, bəşəriyyətin gələcəyi üçün olduqca vacibdir”.

Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Vətən müharibəsində Ermənistan tərəfindən ikinci dəfə raket atəşinə tutulmasından üç il keçir.

Onu da qeyd edək ki, Gəncə terrorunun təşkilatçısı olduğunu etiraf edən Qarabağdakı separatçıların sabiq lideri Arayik Arutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində beynəlxalq axtarışa verilib. Cari il oktyabrın 3-də A.Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir