Siyasət

“Azərbaycanın humanistlik haqqında BMT-yə öyrədəcəyi çox nümunələr var” – ŞƏRH

Sharing is caring!


“Azərbaycan tərəfinin razılığı ilə erməniəsilli sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək üçün BMT missiyasının Qarabağa gəlməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn aliliyini və ümumbəşəri dəyərləri rəhbər tutur. Eyni zamanda rəsmi Bakı şəffaflığı təmin etməklə göstərməkdədir ki, 23 saatlıq antiterror tədbirləri və sonrakı dövrdə beynəlxalq ictimaiyyət qarşısında aciz qalacağı sual, gizlətmək istəyəcəyi məqam yoxdur”. 

Bu fikirləri Oxu.Az-a BMT missiyasının Qarabağa gəlişi ilə əlaqədar danışarkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, mülki insanlarla humanitar hüquq çərçivəsində ləyaqətli formada davranmaqla Azərbaycanın özünün beynəlxalq təsisatlara, o cümlədən BMT-yə öyrədəcəyi çox şey, göstərəcəyi çox nümunələr var: 

“Bu mənada 30 il separatizm qarşısında susan, işğal və təcavüzlə bağlı Təhlükəsizlik Şurası qətnamələrini icra etməkdə aciz qalan, qərarları yalnız Azərbaycanın özü tərəfindən hərbi-siyasi yolla təmin olunan BMT-nin Qarabağda müşahidələri obyektiv olacağı halda nəinki Bakını narahat etmir, əksinə maraqlarımıza uyğundur. Çünki əsas həssas məqam olan ermənilərin köçü prosesində Azərbaycanın hər hansı formada təzyiq və təşviqindən söhbət gedə bilməz. Qarabağdan köçməkdə olan ermənilər özləri həm Azərbaycanda, həm də Ermənistanda media qurumları ilə söhbətdə bir nəfər kimi heç bir təzyiqlə üzləşmədiklərini və Azərbaycanı könüllü tərk etdiklərini bəyan edirlər.

İki gün öncə Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşdə hətta ermənilər Azərbaycan dövlətinə humanist davranışlara görə təşəkkür ediblər. Artıq Azərbaycan vətəndaşlığı üçün müraciət edən xeyli sayda erməni var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da ötən gün rəsmən məlumat yayıb ki, Qarabağı tərk edən ermənilərin pis rəftara məruz qalması ilə bağlı heç bir məlumat yoxdur. Bir sözlə, proseslər şəffaf və aydın formada, Azərbaycanın beynəlxalq hüquqa hörməti, ümumbəşəri dəyərlərə sədaqəti çərçivəsində inkişaf edir”.

Deputat onu da vurğulayıb ki, Qarabağda yaşamaq, Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək istəməyən ermənilər ya Ermənistan tərəfindən 30 il ərzində Qarabağa Yaxın Şərqdən qanunsuz formada köçürülən miqrasiya cinayətinin ortaqlarıdır, ya da Ermənistanın nifrət və düşmənçilik təbliğatının əsirinə çevrilərək Azərbaycan bayrağı altında yaşamaq istəməyən ermənilərdir: 

“Köçənlərin digər qismi isə Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejimin təzyiqləri ilə Qarabağdan çıxanlardır. Ermənistanda bir qisim qüvvələr Qarabağdan köçənlərə Nikol Paşinyan iqtidarına qarşı istifadə etmək üçün, hökumət isə Azərbaycana “etnik təmizləmə” ittihamı irəli sürmək üçün potensial alət kimi baxırlar. Maraqlıdır ki, Qərbin bir sıra subyektləri, xüsusən Almaniya və Fransa situasiyadan faydalanmaq niyyətindədirlər. Əslində bu dövlətlər üçün erməni amili önəmli deyil, önəmli olan Cənubi Qafqazın əsas güc sahibi olan Azərbaycana münasibətdə rıçaqlar əldə etməkdir. Bu mənada əslində Ermənistan Azərbaycandan yox, Almaniya, Fransa kimi subyektlərdən müdafiə olunmalıdır. BMT-nin müşahidə missiyası da təmsil etdikləri ölkələrin yox, ilk növbədə təşkilatın məqsəd və prinsiplərindən çıxış etməlidir”. 

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir