Siyasət

Hacıyev-Qriqoryan görüşü: Avropa İttifaqının etməli olduqları – ŞƏRH

Sharing is caring!


Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Müzakirələr Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu, Maqdalena Qrononun vasitəçiliyi ilə təşkil edilib.

Görüş zamanı iştirakçılar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Görüş, həmçinin, oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın mümkün görüşünün aktuallığı barədə iştirakçılar arasında intensiv fikir mübadiləsi aparmağa imkan verib.

Hikmət Hacıyev və Armen Qriqoryan qarşıdan gələn mümkün görüşdə Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə dair mümkün konkret addımlar, o cümlədən sərhədlərin delimitasiyası, təhlükəsizlik, əlaqə, humanitar məsələlər və daha geniş sülh məsələləri ilə bağlı danışıqlar aparıblar.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən bu görüş Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsində kompromis həlləri tapmağa kömək etmək baxımından önəmlidir.

Avropa İttifaqının normallaşma prosesinə töhfə vermək cəhdi yaxşı haldır. Ancaq o, Fransa və Almaniyanın faktiki təbəəliyindən çıxdığı halda prosesə nəticəəsaslı yanaşmasını davam etdirə bilər.

Hər bir halda, Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh gündəliyi üçün müsbət səylərinin işartıları sönməyib, bundan sonra Brüssel:

– Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələrini qəbul edən yanaşmaları və konkret fəaliyyəti inkişaf etdirməlidir,

– Azərbaycanla Ermənistan arasındakı sülh proqramının hərtərəfli xülasəsini hazırlayıb, təkliflər paketini tərəflərə təqdim etməlidir,

– Qarabağda yaşamağı seçən ermənilərin Azərbaycanın ictimai-siyasi həyatına reinteqrasiyası üçün Bakının şərtləri əsasında düsturlar hazırlamalıdır,

– İttifaq bu məsələni Azərbaycanın daxili işi kontekstində qabartmalıdır.

Avropa İttifaqının Hacıyev-Qriqoryan görüşünün nəticələrinə dair yaydığı açıqlamadan qeyd olunan xüsusiyyətləri sezmək olur.

Belə ki, Aİ-nin açıqlaması Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticələrini qəbul etməyə yönəlmiş yanaşmanı nümayiş etdirir.

Çünki bəyanatda Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə şübhə toxumu səpən əlamətlər yoxdur, üstəgəl, ənənəvi erməni propaqandasının tezisləri nəzərə çarpmır.

Avropa İttifaqının fəaliyyətində ən diqqət çəkəcək cəhətlərdən biri onun ABŞ ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda davam edən rəqabətini tarazlaşdıracaq tezisləri və hərəkətləri ola bilər. Hərçənd, o, kollektiv Qərbin əsas hüceyrələrindən biridir.

Düzdür, Avropa İttifaqı pərdəarxası balanslaşdırıcı rol oynadığını açıq platformalarda etiraf etməkdən çəkinir – bu indi Azərbaycan üçün elə də əhəmiyyətli deyil.

Azərbaycan üçün Qərblə Rusiya arasında öz xeyrinə kompromislərin tapılması məqbul variantdır, bu isə Bakı ilə İrəvan arasında davam edəcək danışıqlar raundunun nəticələrinə yanaşmalardan asılı olacaq.

Bu mənada Əliyev-Paşinyan görüşünün Qranada raundu həm Qərb, həm də Rusiya tərəfindən həssaslıqla izləniləcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir