Siyasət

“Dövlət siyasətimizin və qələbəmizin uğurları” mövzusunda konfrans təşkil olunub

Sharing is caring!


Sentyabrın 25-də Qərbi Azərbaycan İcmasının Amasiya rayon icmasının təşkilatçılığı ilə “Dövlət siyasətimizin və qələbəmizin uğurları” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Konfransda akademik Abel Məhərrəmov “Qələbəmiz ulu öndər Heydər Əliyev və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin uğurudur” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd olunub ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızı zamanın ağır sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı inkişaf davam edir. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib”.

Sonra “Qərbi Azərbaycan ideyalarının gerçəkləşməsi dövlətçiliyimizin uğurudur” mövzusunda məruzə ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın gördüyü işlərdən bəhs edib, beynəlxalq təşkilatlara və xarici dövlətlərə göndərilən müraciətlərdən danışıb.

O, qurumun yaradılması tarixinə də nəzər salıb, Prezident İlham Əliyevin İcmanın yeni binasının açılışında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşünü xatırladıb.

Xarici əlaqələrə toxunan Ə.Ələkbərli Qayıdış Konsepsiyası da daxil olmaqla, İcmanın 7 müraciətinin BMT-də bu qurumun rəsmi sənədi kimi yayıldığını vurğulayıb. Bildirilib ki, İcmanın beynəlxalq fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir.

Yaxın zamanlarda Zəngəzur dəhlizinin açılmasına şahidlik edəcəklərinə ümidvar olduğunu diqqətə çatdıran deputat deyib:

“Qərbi Azərbaycan İcması beynəlxalq təşkilatlara və xarici dövlətlərə 100-dən çox bəyanat göndərib. Müraciətlərin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur.

Eyni zamanda, dünyanın müxtəlif ölkələrində Qərbi Azərbaycan İcmasının ofisləri yaradılmaqdadır. Ölkə xaricində yaşayan Qərbi azərbaycanlılar həmin ofislərə cəlb edilir”.

Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyası və Azərbaycanın milli təhlükəsizliyi barədə fikirlərini bölüşüblər.

Qeyd edilib ki, Azərbaycan bugünkü inkişafı ilə siyasi, iqtisadi, hərbi, mədəni və digər istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan ölkəyə çevrilir. Bu nailiyyətlərdə ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti dayanır.

Sonra Azərbaycanın Milli Qəhrəmanı, şəhid baş leytenant Mehdi Abbasova həsr edilmiş “Amalı Vətən” sənədli filminin təqdimatı keçirilib, Milli Qəhrəmanın döyüş yolundan bəhs olunub, yoldaşlarının onun şücaətləri barədə xatirələri dinlənilib.

Sonda “Amalı Vətən” sənədli filminin yaradıcı kollektivi (İTV-nin əməkdaşları) mükafatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir