Siyasət

Makrondan Azərbaycan-Ermənistan münasibətlərinə dair yeni bəyanat: Fransa nə istəyir? – TƏHLİL

Sharing is caring!


Fransa Prezidenti Emmanuel Makronun “TF1” və “France 2” telekanallarına müsahibəsində Azərbaycanın Qarabağdakı antiterror tədbirlərinin nəticələri fonundakı bəyanatı diqqət çəkir.

Makronun mövqeyində ənənəvi və şablon erməni propaqandası yenidən işarsa da, bir neçə məqamı şərh etməyə ehtiyac var.

Makron Azərbaycanın Cənubi Qafqazdakı separatizm xətlərindən birini darmadağın etməsinin doğurduğu nəticələrin müşayiətində Ermənistanı yenidən oyuna cəlb etmək niyyətlərini göstərir.

Fransa liderinin bunu Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında Parisin vasitəçilik cəhdlərini qabartmaqla elan etməsi görünür.

Çünki Makron Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyini Parisin mümkün moderatorluğu ilə keçirilə biləcək danışıqların predmetində tutacağını bildirir.

Həmin istiqamət üzrə yekun belədir ki, Fransa Ermənistanı Qarabağla bağlı məsələdə yenidən revanşist ritorikaya kökləyib regional gərginlik ocağını qalamaq istəyir.

Bu nümunədə Fransanın Ermənistana dəstəyindən çox, onun pərdə arxasında İrəvana basqısını da sezmək olur, çünki baş nazir Nikol Paşinyan diktələr altında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mühüm tezisləri nitqində səsləndirir.

Paşinyanın mövqeyi Fransanın regiondakı maraqlarının təmininə maneədir – ən azından nəzəri cəhətdən, hərçənd, İrəvan fərqli iplər üzərində oynayır.

Makron bu dəfə İrəvanın müxtəlif havalara oynaması fonunda Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatlığını dilə gətirir.

Sitat: “Biz bu gün Azərbaycanla bir olan Rusiyanı, Azərbaycanın hərəkətlərin daim dəstəkləyən Türkiyəni Ermənistanın sərhədlərinə təhdid olan sərhədsiz güc kimi görürük”.

Burada Makronun seçdiyi hədəflər:

– Azərbaycan-Türkiyə strateji müttəfiqliyidir,

– Azərbaycanla Rusiya arasındakı əlaqələrdə yeni fazanın yaranmasıdır,

– Azərbaycan-Türkiyə-Rusiya üçbucağındakı razılaşmalar və onun regional nəticələridir.

Fransanın həmin əməkdaşlıqların hərarəti önündə əriyib regional nəticələrdən kənarda qalması Parisin beynəlxalq siyasətinə də təsirsiz ötüşmür.

Makron yekun olaraq İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə etibarlı vasitəçi kimi görünməyə cəhd göstərir.

Məqsəd Fransanın regional tərəzidə əhəmiyyətli aktivlərə yiyələnməsinə çıxış əldə edib, mümkün nəticələri Zəngəzur dəhlizi layihəsi çərçivəsində inkişaf etdirməkdir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir