Siyasət

Ceyhun Bayramov: “Qarabağ erməniləri xunta rejimindən yaxa qurtaranda onlara imkanlar açılacaq” – MÜSAHİBƏ

Sharing is caring!


“Rəsmi İrəvanın atdığı qeyri-konstruktiv addımlara rəğmən Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir, Azərbaycan dövlətinin atdığı addımlar Ermənistandan fərqli olaraq ardıcıldır, sistemlidir, məntiqlidir və onlar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır”.

Bunu BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Report”un yerli bürosunun müxbirinin suallarını cavablandırarkən deyib.

– Cənab nazir, Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra rəsmi Bakı Ermənistanla münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini gözləyir və hansı addımları atmağı planlaşdırır?

– Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması təşəbbüsü məhz Azərbaycana məxsusdur. Bu istiqamətdə artıq xeyli vaxt ərzində işlər aparılıb və bir neçə raund danışıqlar keçirilib. Sülh müqaviləsinin layihəsi, bir sıra maddələrin razılaşdırılması üzrə də ilkin müsbət nəticələr var idi.

Eyni zamanda açıq bəndlər də kifayət qədər idi. Lakin son bir neçə ay ərzində danışıqlar prosesində bir qədər durğunluq yarandı və Ermənistan tərəfinin qeyri-konstruktiv addımlarının şahidi olduq. Biz onların sözləri, verdikləri vədlərlə sərgilədikləri yanaşma, atdıqları addımlar arasında ciddi fərq görürdük. Bunun ən bariz nümunələri kimi sentyabr ayının 2-də Ermənistanın baş naziri Nikol Paşinyanın qanunsuz, qondarma rejimi yaradılmasının 32-ci ildönümü münasibətilə təbrik etməsini, bununla bağlı ayrıca mesaj yaymasını, eyni zamanda Azərbaycan ərazilərində qanunsuz “prezident seçkisi”nin keçirilməsini göstərmək olar. Bütün bunlar danışıqlar prosesinə ciddi bir zərbə vurdu.

Hadisələrin bundan sonrakı inkişafı və daha sonra Ermənistanın hərbi təxribatlarını davam etdirməsi Azərbaycan Ordusunun sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri keçirməsini qaçılmaz etdi.

Azərbaycan dövləti beynəlxalq və humanitar hüququn bütün normalarını gözləməklə, yüksək peşəkarlıqla və qısa müddət ərzində həmin tədbirləri yekunlaşdırdı. Bir gündən sonra antiterror tədbirləri dayandırıldı. Azərbaycanın legitim tələbləri Ermənistan nümayəndələri, qanunsuz qurumun rəhbərləri tərəfindən qəbul edildi.

Onlar eyni zamanda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında Yevlaxda görüşün keçirilməsinə razılaşdılar. Biz bu görüşü uzun müddət əvvəl təklif etmişdik, bunun üçün dəvətlər verilmişdi. Nəhayət sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə ilk görüş baş tutdu.

Bundan sonrakı addımlara gəlincə, biz artıq bu hadisələrin gedişatından da görürük ki, Azərbaycan dövləti bundan öncə də atdığı bütün addımlara sadiqliyini nümayiş etdirir. Burada ən önəmli məqam isə sentyabr ayının 20-də Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində səsləndirdiyi mesajlardır. Həmin mesajlar eyni zamanda dünya ictimaiyyətinə ünvanlanmışdı.

Həmin müraciətdə də ölkə başçısı bütün istiqamətlərlə bağlı Azərbaycan dövlətinin humanist və gələcəyə olan baxışını açıqladı. Bu gün də bütün dövlət orqanları tərəfindən atılan addımlar da ona uyğun davam edir. Bu baxımdan Azərbaycan dövləti reinteqrasiya prosesinin həyata keçirilməsində qətiyyətlidir, bunun üçün bütün adekvat addımlar atılır. Hesab edirəm ki, Qarabağın erməni sakinləri də oradakı qanunsuz, cinayətkar xunta rejimindən yaxalarını qurtarandan sonra onlara Azərbaycan ərazilərində geniş imkanlar açılacaq.

– Bir neçə dəfə bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsinin xeyli hissəsi razılaşdırılıb. Antiterror tədbirlərindən sonra həmin razılıqlar qüvvədə qalır, yoxsa yeni layihəyə ehtiyac var? Sizcə, sülh müqaviləsi nə vaxt imzalana bilər?

– Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi ilə bağlı onu deyə bilərəm ki, rəsmi İrəvanın atdığı qeyri-konstruktiv addımlara rəğmən Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir, Azərbaycan dövlətinin atdığı addımlar Ermənistandan fərqli olaraq ardıcıldır, sistemlidir, məntiqlidir və onlar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

Ermənistan Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırsa, Azərbaycanın ərazi bütövlüyünü bilavəsitə və dolayısı ilə sual altında qoymaq və digər zərərli yanaşmalardan əl çəksə, hesab edirəm ki, kifayət qədər məntiqli, uzun olmayan bir zamanda sülh müqaviləsini prinsip etibarı ilə razılaşdırmaq mümkündür. Ancaq yenə də vurğulamaq istərdim ki, bu elə bir məsələdir ki, burada bir tərəfin deyil, iki tərəfin də, yəni Ermənistan tərəfinin də sülh prosesinə yanaşması kifayət qədər önəmlidir. Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nə qədər nəticə çıxarıb-çıxarmadığını göstərəcək.

– BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçirilən müzakirələri və toplantının nəticəsini necə qiymətləndirirsiniz?

– Bu iclasın çağırılmasının təşəbbüskarı Azərbaycan olmayıb. Rəsmi müraciəti Ermənistan edib, təşəbbüs isə Təhlükəsizlik Şurasının daimi üzvü Fransa tərəfindən gəlib. Şuranın imkanlarından istifadə edərək, qarşı tərəfin yalan dolu və emosional göstərmək istədiyi çıxışından fərqli olaraq, Azərbaycanın tam mövqeyini faktlara, dəlillərə, beynəlxalq hüquqa uyğun şəkildə, yəni legitim atdığımız addımları əsaslandırılmış şəkildə bütün dövlətlərin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq. Təhlükəsizlik Şurasının iclasından əlavə olaraq Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində də çoxsaylı görüşlər keçirir və tədbirlərdə iştirak edirik.

Bu bir fürsətdir və bu günlərdə bütün dünya liderləri, hökumət nümayəndələri, xarici işlər nazirləri buradadırlar. Burada bizim təşəbbüsümüzlə keçirilən, eləcə də bizimlə görüş üçün müraciət edən ölkələrin sayı çoxdur. Çünki bölgədə son günlərdə yaşanan hadisələr hər kəsi narahat edir və hər kəsin diqqət mərkəzindədir. Suallar verilir və eyni zamanda ikitərəfli formatlarda da biz öz mövqeyimizi çatdırırıq. Bütün dəlilləri təqdim edirik, ötən zaman ərzində tərəfimizdən atılan addımlarla bağlı və bunun qarşılığında Ermənistanın atdığı qeyri-konstruktiv addımlarla bağlı məlumatlar veririk.

Hesab edirəm ki, bir çox ölkələr Azərbaycanın haqlı olduğunun və Azərbaycan tərəfinin həqiqətən də vəziyyəti bu səviyyəyə gətirməmək üçün bütün adekvat addımlar atdığının şahidi olurlar. Bu gün də bizim üçün olduqca önəmli bir gündür. Belə ki, bu gün BMT Baş Assambleyasında çıxış edəcəyəm və ölkəmizin mövqeyini çatdırmaq imkanımız olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir