Siyasət

Bu dəfə də rəzil oldular – “Kaspi”nin TƏHLİLİ + FOTO

Sharing is caring!


BMT Təhlükəsizlik Şurasında son müzakirələrdə Ermənistan diplomatik səviyyədə daha bir ağır məğlubiyyətə düçar oldu. Beynəlxalq ictimaiyyət bir daha ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdi.

Avqustun 16-da Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanın Qarabağ bölgəsində “humanitar böhran”ın müzakirəsinə toplaşdı. Bu, ağır hərbi məğlubiyyətdən sonra İrəvanın məsələni BMT səviyyəsində müzakirəyə çıxarıb Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq istiqamətində ikinci cəhdi idi. Lakin, arxasında BMT TŞ-nin daimi üzvü olan Fransanın tam dəstəyinə baxmayaraq, Ermənistan 2022-ci ilin dekabrında olduğu kimi, bu dəfə də istədiyini əldə edə bilmədi.   

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Əslində, BMT-də müzakirələrin təşkili nə qədər Azərbaycanın yaratdığı reallıqlara uyğun gəlməsə də, rəsmi Bakıya kimin hansı mövqeyi sərgilədiyini həm dünyaya nümayiş etdirmək, həm də aydınlaşdırmaq üçün bir imkan yaratdı. Gözlənildiyi kimi, Azərbaycanın ədalətli mövqeyini zədələməyə çalışan, ermənilərin məkrli planlarını açıq şəkildə dəstəkləyənlərin başında hər zaman olduğu kimi, Fransa və onun Avropadakı “sözdeyənləri” dayanırdı. Özünün qəbul etdiyi dörd məşhur qətnamənin uzun illər ərzində sadəcə kağız üzərində qalmasına göz yuman, 25 il ərzində bir dəfə də olsun Qarabağdan danışmayan BMT-nin qısa müddətdə iki dəfə Ermənistanın əlində alətə çevrilməsi dünya nizamında bu qurumun mövqelərinin ciddi şəkildə sarsıldığını nümayiş etdirdi.     

“Yazıq, məzlum” obrazının fiaskosu

BMT TŞ-dəki müzakirələrdə bir məqam xüsusi diqqət çəkdi: Ermənistan və Azərbaycan diplomatiyası arasındakı dərin uçurum. İrəvan qarşısına qoyduğu “məqsəd”lərə nail olmaq üçün son 100 ildə dəyişməz qalan “məzlum, yazıq, daim təzyiqlərə məruz qalan əzabkeş” obrazına bürünərək böyük dövlətlərdən yardım dilənmə siyasətini davam etdirir. Lakin, dünya siyasətini formalaşdıran aparıcı güclər, hətta erməni lobbisinin geniş imkanlara malik olduğu ABŞ kimi dövlətlər də artıq onların “yazıq, məzlum” sifətini görməkdən bezib. 2022-ci ilin dekabrında BMT-dəki müzakirələrdə heç bir qətnamə və bəyanat qəbul edilməməklə bu mövqe diplomatik yolla Ermənistan siyasi rəhbərliyinin diqqətinə çatdırılmışdı. Görünən odur ki, İrəvan həmin dərsdən nəticə çıxartmayıb. 

Mirzoyan Nyu-Yorku başıaşağı tərk etdi

Əslində, BMT TŞ səviyyəsində hər iki müzakirələrdə oxşar ssenarinin yaşanması, ermənilərin əliboş və başıaşağı vəziyyətdə Nyu-Yorku tərk etməsinin əsas səbəbi Azərbaycanın yürütdüyü siyasətdir. Bakının nüfuzlu beynəlxalq tribunalarda hər bir hesabatı reallığa, güclü siyasi iradəyə, beynəlxalq hüquq və prinsiplərə əsaslanan təkzibolunmaz arqument və faktlara əsaslanır. Biz bunu Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyevin çıxışında bir daha müşahidə etdik. Çox güclü arqumentlər və dəqiq siyasi ritorika ilə hazırlanmış bu çıxış Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın aylarla üzərində işlənilən, qərb texnoloqları tərəfindən hazırlanan “tezis”lərini darmadağın etdi. Uzun müddətdir ki, erməni lobbisinin rüşvət müqabilində hazırlatdığı “ekspert rəyləri”, aparıcı media orqanlarındakı təbliğatına baxmayaraq, bu dəfə də Ermənistan Azərbaycanın qarşısında aciz duruma düşdü. Hərb meydanında olduğu kimi…  

Ərazi bütövlüyü və suverenliyimizə hörmət

Beynəlxalq ictimaiyyət bir daha gördü ki, Ermənistan tərəfinin danışıqlar yolu ilə məsələnin həllinin mümkün olmamasına dair söylədikləri manipulyasiyadır. Azərbaycanın humanitar vəziyyətin kəskinləşməsi baş vermədiyi halda belə, bunu önləmək üçün qarşı tərəfə təqdim etdiyi təklifləri İrəvanın qəbul etməməsi faktlarla ortaya qoyuldu. Müzakirələr göstərdi ki, bizim təqdim etdiyimiz təkliflər əsasında hazırda humanitar problemi həll etmək imkanı var. Sadəcə, Ermənistanı və separatçı xuntanın qalıqlarını Qarabağın erməniəsilli sakinlərinin problemi yox, Azərbaycana qarşı davam edən ərazi iddiaları və başqa mənfur nüanslar maraqlandırır. 
Bunun məntiqi nəticəsi olaraq BMT TŞ-dəki toplantı sadəcə müzakirə mahiyyəti daşıdı. Ermənistanın gözlədiyi kimi, Azərbaycan əleyhinə hansısa bəyanat və ya qətnamə qəbul edilmədi. Əksinə, BMT çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət birmənalı olaraq ifadə olundu. Hətta “uzunmüddətli danışıqlar” tezisini irəli sürən ABŞ və ermənilərin əsas himayədarı Fransa belə, bu çərçivədən kənara çıxmadı. 

Problemlər BMT-də yox, yerində həll olunmalıdır

Beləliklə, BMT üzvlərinin vurğuladığı kimi, regionda sülh, suverenliyə və ərazi bütövlüyünə hörmətdən asılıdır. İki ölkə arasındakı problemlər hansısa beynəlxalq platformalarda deyil, Azərbaycanın da təklif etdiyi kimi, yerində həll olunmalıdır. Müzakirələrlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından kiçik bir hissəyə diqqət yetirək: “Suverenliyimizi və ərazi bütövlüyümüzü BMT nizamnaməsinə uyğun qanuni vasitələrlə qorumaqda əzmliyik”. Bu cümlə, əslində, növbəti dəfə sülhdən qaçmağa çalışan Ermənistana bir xəbərdarlıqdır. Ermənistan rəhbərliyi və əhalisi, hətta separatçılar belə, Azərbaycanın şərtləri və irəli sürdüyü prinsiplər daxilində sülh sazişi imzalamaqdan başqa çıxış yolunun olmadığını anlamalıdır. Əks təqdirdə Azərbaycan məhz BMT-nin nizamnaməsi əsasında zəruri addımları atacaq və heç bir qüvvə bu iradənin qarşısında dayanmayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir