Siyasət

“Ermənilər Azərbaycan Konstitusiyası altında layiqli yaşamağı öyrənəcəklər” – ŞƏRH + FOTO

Sharing is caring!


“Biz üç il öncə, 44 günlük Vətən müharibəsində zəfərimizi qazandıq. Ali Baş Komandanın uğurlu siyasəti və qətiyyəti, şanlı ordumuz, bir yumruq altında birləşən xalqımız bizə bu qüruru yaşatdılar. Azərbaycan dünyanın ən qürurlu xalqlarından biridir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunması ilə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan artıq üç ilə yaxındır ki, 10 Noyabr Bəyanatının müddəalarına əməl olunmasını tələb edirdi:

“Gələcək nəsillər bu dövrün müasirləri olduğumuz üçün bizə qibtə edəcəklər. Azərbaycan çox qürurlu və şərəfli günlərini yaşayır. Ölkəmiz uzun illər acı günlər görüb. Bir milyondan çox insanımız ev-eşiyindən didərgin düşüb. Son zamanlar Qarabağda mövcud olan təxribatçı qruplar orada terror hadisələri törətməyə başladılar. Azərbaycan artıq üç ilə yaxındır ki, 10 Noyabr Bəyanatının müddəalarına əməl olunmasını tələb edirdi.

Azərbaycan iki və üçtərəfli görüşlərdə konkret şərtlərini irəli sürürdü. Prezident İlham Əliyev konkret mövqeyini ortaya qoyurdu. O qeyd edirdi ki, “Azərbaycan ərazisində separatçı qruplar mövcud ola bilməz. Qanunsuz hərbi birləşmələr ola bilməz”. Bununla bağlı dəfələrlə müraciətlər olub”.

Millət vəkili bildirib ki, artıq Azərbaycan öz suveren ərazisində antiterror tədbiri həyata keçirərək 23 saat ərzində oradakı təxribatçıların dizini yerə qoydu:

“Azərbaycanın irəli sürdüyü şərtlərə görə, hərbçilər silahı yerə qoymalı və ağ bayraq qaldırmalıdırlar. Onlar təslim oldular. Azərbaycanın təkliflərini yerinə yetirəcəklər. Sabah Yevlaxa icma nümayəndələrini danışığa göndərirlər.

Ermənistan Respublikası və havadarları bilməlidirlər ki, Azərbaycan öz suveren ərazisində legitim hüquqlarını həyata keçirir, Konstitusiya quruluşunu bərpa edir. Azərbaycan beynəlxalq hüququn prinsipinə əməl edərək qanun və qaydaları formalaşdırır. Bu bizim daxili işimizdir. Geri dönməyəcəyik”.

“Prezident İlham Əliyevin qətiyyəti və siyasi dünyagörüşü, xalqımızın birliyi bütün bu qələbələri Azərbaycana qazandırdı. Artıq Ermənistanın havadarları da anlayırlar ki, Azərbaycanla digər dillərdə danışmaq olmaz. Bu gün yenidən sevinc yaşadıq. Yevlax görüşündə də bütün vacib məsələlər müzakirə olunacaq. Bir müddət sonra oradakı Azərbaycan vətəndaşları olan ermənilərin cəmiyyətimizə reinteqrasiyasının şahidi olacağıq. Azərbaycan Konstitusiyası altında yaşayaraq biləcəklər ki, layiqli yaşamaq necə olur”, – deyə V.İskəndərov qeyd edib.

Xatırladaq ki, sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olublar. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıblar. Ermənistanın Azərbaycana qarşı apardığı bu kimi təxribat xarakterli, məqsədyönlü və planlı terror siyasətinə cavab olaraq 19 sentyabr tarixində Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuz tərəfindən bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir