Siyasət

Azərbaycan xarici diplomatları bir araya topladı: Bəyanatların dörd əsas istiqaməti və ünvanları – TƏHLİL

Sharing is caring!


Ağdam-Xankəndi yolu ilə paralel olaraq “Laçın” sərhəd-buraxılış məntəqəsinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzünə açılmasından sonra Azərbaycan tərəfi xarici ölkə diplomatlarına brifinq verib.

Brifinqdə Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayev bəyanatlar səsləndiriblər.

Brifinq Azərbaycanın regional sülh və təhlükəsizlik arxitekturası qurulması üçün göstərdiyi səylərə rəğmən, Ermənistanın prosesi zədələməsi istiqamətindəki tezislərin gündəmə oturdulmasının istiqamətlərini təşkil edib.

Müəyyənləşdirmək müşkül deyil ki, Azərbaycanı təmsil edən hakimiyyət nümayəndələrinin bəyanatları Qərbin Bakıya qarşı apardığı təbliğat kampaniyasına qarşı diplomatik sferadakı cavabları özündə əks etdirir, eyni zamanda, Rusiya sülhməramlı kontingentinin üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırışdır.

Azərbaycanın təkliflər paketi Qərblə Rusiyanın Cənubi Qafqazda bir-birini didməsini təşviq etməyə deyil, əksinə, onlar arasında səmərəli və konstruktiv əməkdaşlıq uzlaşdırmasını təmin etmək rejiminə söykənir. Ona görə də brifinqdə Ağdam və Laçından paralel təchizat xətlərinin açılmasının ABŞ, Rusiya və Avropa İttifaqı tərəfindən verilən bəyanatlarla uyğunluğu qeyd olunub.

Regionda isə Azərbaycan-Ermənistan gərginliyindən irəli gələn təhdidlər qalmaqdadır, bu, brifinqdə müvafiq tezislərlə dilə gətirilib. Bunları konseptual şəkildə dörd əsas istiqamət üzrə təsnifatlandırmaq mümkündür.

I

BQXK Azərbaycan tərəfinə bildirib ki, Qarabağdakı ermənilər tərəfindən yüklərin qəbul edilməsi və BQXK konvoylarının təhlükəsizliyinin təmin edilməsinə dair “yaşıl işıq” yoxdur.

Bu məsələ Ermənistanın və Qarabağdakı separatçı rejimin regional gərginlikdə mərkəz rolunu oynamaq üçün yeni “kəşfi”dir.

BQXK-nın qeydi Azərbaycanın diplomatik-siyasi və təbliğat əməliyyatları üçün münbit şərait yaradır, Ermənistanın isə bundan sonra ola biləcəklərə məmnunluq hissi ilə baxa bilməyəcəyini özündə ehtiva edir.

Azərbaycan bunu regionda çoxtərəfli proseslər fonunda qlobal gündəmdəki müzakirələrə çıxarmaqla erməni amilinin nə qədər təhlükəli tendensiya olduğunu diqqətə çatdırmaq qabiliyyətini artırır.

II

Ermənistan tərəfinin Azərbaycanla danışıqlarda əldə etdiyi razılaşmalardan davamlı şəkildə geri çəkilməsi regional eskalasiya üçün aktorlara bəhanələr verir. Bu, Azərbaycanı məsuliyyətli tərəf kimi alternativ həll yolları təqdim etmək potensialının işə salınmasına gətirib çıxarır – burada regional sabitliyin bərqərar olması üçün hərbi əməliyyatlar da istisna edilmir.

Ona görə ki, Ermənistanın razılaşmalardan boyun qaçırması:

– Rusiyanın 10 Noyabr Bəyanatı ilə əlaqədar manipulyasiyalarına yol açır,

– ABŞ-nin regionda Moskvanın radiusunu daraltması üçün hərəkətlərini tətikləyir,

– İranın regional proksi qüvvələr formalaşdırmaq cəhdlərinə töhfə verir.

Diqqətdən kənarda qalmamalıdır ki, Azərbaycan erməni amili ilə oyun quranların planlarını pozmaqdan ötrü hissolunan dərəcədə nəticələrə nail olmağa çalışır – məqbul variantlardan biri güc tətbiqidir.

III

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən çox qanunsuz silahlı dəstə üzvləri mövcuddur. Həmin ərazilərə 100-dən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radioelektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem yerləşdirilib.

Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistika və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş radioelektron mübarizə sistemlərindən mülki təyyarələrə qarşı istifadəsi narahatlıqlar doğurur.

Bu məqamlarda ən çox Rusiyanın izinə düşmək Azərbaycanın prioritetidir, çünki Moskva 10 Noyabr Bəyanatının mərkəzi tənzimləyicisidir. Madam ki, Rusiya regionda sülhməramlı əməliyyat üçün üzərinə öhdəliklər götürüb, onda qoşunlarını yerləşdirdiyi Azərbaycan ərazilərindəki təxribatlara cavabdehlik daşımalıdır.

Yəni baş verənlərin qlobal ambisiyalardan qaynaqlanan, regional maraqların toqquşmasından asılı olan tərəfləri olsa da, Rusiya məsuliyyətdən qaçmamalıdır və regional gərginlik yaratmaq fitrətindən əl çəkməlidir – Bakının subliminal diplomatik mesajlarından bu baxışı sezmək olar.

IV

Brifinqdə diqqətə çatdırılıb ki, Azərbaycan və Ermənistan arasında delimitasiya olunmamış sərhəd boyunca da İrəvandan verilən qərarlar əsasında hərbi-mühəndislik işləri və digər hərbi quruculuq fəaliyyətinin artması ilə müşayiət olunan hərbi təxribatlar intensivləşir. Qeyd olunub ki, Ermənistan açıq şəkildə növbəti hərbi hücum etmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır.

Regional temperaturun normadan artıq yüksəlməsinin Azərbaycan-Ermənistan sərhədindəki hərbi hərəkətliliklə məxsusi bir əlaqəsi mövcuddur. Məsələnin qayəsi belədir ki, sərhəddəki gərginlik Qarabağda açıq qalan mövzuların həllinin də fövqünə çıxır. Xüsusilə nəzərə alanda ki, Ermənistan Cənubi Qafqazda Suriya modelinə çevrilir, onda regional mənzərənin bulanıqlığı dərəcəsinin çoxalmasını anlamaq olur.

Azərbaycan dumanlı regional vəziyyəti normal axarına qaytarmaq üçün sərhəddə mümkün hərbi əməliyyatlar planını diqqətdən kənarda saxlamır, hərçənd ki, danışıqları da gündəmdə saxlayaraq səbrini nümayiş etdirir.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistana ikitərəfli münasibətlərin qurulması üçün təkliflər verir:

– Qarabağda yaşayan erməni silahlı dəstələrinin üzvlərinə Azərbaycanın şərtlərini qəbul edəcəkləri təqdirdə amnistiya təklif edir,

– Ermənistanı sülhə çağırır, sərhəd delimitasiyasının Bakının təqdim etdiyi gündəliyə əsasən dinc aparılması üçün yol xəritəsi göstərir.

Ancaq Ermənistanın regional qarışıqlığı azaltmaqdan ötrü üzərinə düşən məsuliyyəti canla-başla yerinə yetirəcəyi gözləntiləri zəif olduğundan Azərbaycanın müdafiə siyasətini təmin etməsi üçün atacağı addımlar canlanacaq.

Azərbaycan səylərini və planlarını beynəlxalq terrorizmlə mübarizə çərçivəsinə salmağa çalışacaq – xüsusilə Qarabağdakı ermənilərin mülki təyyarələrə qarşı təxribatı bunu stimullaşdırır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir