Siyasət

Bakıda beynəlxalq konfransda itkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul edildi

Sharing is caring!


“İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda bəyanat qəbul edilib.

“Report”un xəbərinə görə, bəyanatı Azərbaycan Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəis müavini Şəfa Qasımova səsləndirib.

Bəyannamədə konfrans iştirakçıları hər il dünyada minlərlə insanın silahlı münaqişələr nəticəsində itkin düşməsindən ciddi narahat olduqlarını bildiriblər.

İtkin düşmüş şəxslərin probleminin onların ailələrinə və yaxınlarına, eləcə də bütövlükdə cəmiyyətdə iztirablara səbəb olduğu vurğulanır.

Bəyannamədə, həmçinin dövlətlərin beynəlxalq humanitar hüquqa riayət və onlara hörməti təmin etmək öhdəliyi qeyd olunur.

Beynəlxalq konfransın iştirakçıları itkin düşmüş şəxslərin probleminin qarşısının alınması və səmərəli həlli üçün milli səylərin artırılmasına çağırıblar; bu problemin effektiv həlli üçün dövlətləri bir-biri ilə əməkdaşlığa dəvət edilib; həmçinin beynəlxalq təşkilatları, o cümlədən BMT-ni itkin düşmüş şəxslərin problemi ilə bağlı maarifləndirməni davam etdirməyə və itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün tövsiyələr hazırlamağa çağırıblar. Onlar, həmçinin itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və beynəlxalq səyləri müzakirə etmək imkanına və tədbirin gözəl təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir